26 iyun 2020 16:46
672

Elman Nəsirov: Cərimələrin məbləği artırılmalıdır

Karantin qaydalarını pozan şəxslərə qarşı tətbiq edilən cərimələrin məbləğinin artırılmasını təklif edirəm. ABŞ-da belə hallarda ilkin olaraq 1000 dollar, sonrakı mərhələdə daha ağır cərimələr tərtib edilir. Qonşu Gürcüstanda da analoji cərimələr tətbiq edilir. Yəni əgər insanları evdə saxlamağın yolu yüksək məbləğli cərimələrdirsə, biz də bunu tətbiq edək. Bəlkə bundan sonra həmən məsuliyyətsiz insanlar cərimələri ödəməmək xatirinə karantin rejiminin tələblərinə riayət edə.

Trend-in məlumatına görə, bu sözləri millət vəkili Elman Nəsirov pandemiya ilə bağlı son durumu dəyərləndirərkən deyib. O bildirib ki, koronovirus pandemiyası ümumbəşəri bir bəladır:

“Hətta əsrimizin ən böyük təbii fəlakətidir. Düzdür, pandemiyanın birinci dalğası hər nə qədər ciddi fəsadlar versə də, dünya böyük ölçüdə bu bəlaya qalib gəldi. Lakin düşmən yenidən qayıdır. Artıq pandemiyanın ikinci dalğasının başlaması heç kəsə sirr deyil. Hətta rəsmi statistik məlumatlara görə, bir gün ərzində 183 min insan bu virusa yoluxub. Bu günə olan son statisikaya görə isə ölənlərin sayı yarım milyona çatır. Təəssüf ki, pandemiyann təsirlərindən ölkəmiz də yan keçə bilmədi. Xüsusilə, burada bir nüansı qeyd etməliyəm. Sağalanların sayının yoluxanları üstələməsi ölkədə mövcud karantin qaydalarının yumşalmasına səbəb oldu. Lakin təəssüf ki, insanların məsuliyyətsizliyi ucbatından pandemiyaya yoluxma halları yenidən, hətta daha kəskin artmağa başladı. Buna görə də yenidən sərt karantin rejimi bərpa edildi”.

Millət vəkili bildirib ki, sərt karantin rejimi heç bir vətəndaşın ziyanına deyil:

“İnsanlar başa düşməlidirlər ki, pandemiya sürətlə yayılır və bunun qarşısını almaq lazımdır. Yəni görülən istənilən tədbir onların sağlamlığını qorumaq üçündür. Lakin karantin rejimini bu və ya digər yollarla pozan insanların sayı da az deyil. Məhz belə insanlar ilə mübarizə məqsədi ilə parlamentdə İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi. Dəyişikliyə əsasən, karantin rejimini pozan fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə ediləcək”.