18 noyabr 2019 20:17
1072

Elman Nəsirov: Keçirilən bütün seçkilərdə YAP parlaq qələbələr qazanıb

“1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixi başlanğıc nöqtəsi sayılır. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı”.

Bu fikirləri İkisahil.TV-yə müsahibəsində Milli Məclisin deputatı Elman Nəsirov bildirib. Qeyd etdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranmışdır. Ötən əsrin 80-ci illərinin sonlarından etibarən Azərbaycanın üzləşdiyi böhran və təhlükələr xalqın sabaha olan ümidlərini demək olar ki, qırmışdı. Ermənistanın Dağlıq Qarabağdan başladığı işğalçılıq siyasəti, keçmiş sovetlər ittifaqı rəhbərliyinin antiAazərbaycan mövqeyi, yerli rəhbərliyin xəyanətkarlığı vəziyyəti daha da mürəkkəbləşdirirdi. Belə bir şəraitdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan tarixində öz üzərinə böyük missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Partiyanın yaranması, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin partiyaya Sədr seçilməsi zəruri tarixi hadisə idi. Azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatina yeni nəfəs verdi, Azərbaycanın siyasi həyatına ümid çırağı yandırdı. Yeni Azərbaycan Partiyasının yaranmasından cəmi 6 ay sonra ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə dönüşünün kökündə dayanan əsas həqiqət Azərbaycan xalqının fəlakətlərdən xilas olmaq ümidlərini və gələcəklə bağlı arzularını Heydər Əliyevlə və Yeni Azərbaycan Partiyası ilə bağlamaq arzusu idi. Bu arzular da reallığa çevrildi. Ulu Öndər və onun yaratdığı partiya xalqın inam yerinə çevrildi. Məhz bu inamın nəticəsidir ki, 1993-cü ildən ötən müddətdə ölkəmizdə keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası parlaq qələbələr qazanıb. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrildi.  Yarandığı gündən bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçib. Bu gün sıralarımızda 750 minə yaxın üzv vardır.

E.Nəsirov vurğuladı ki, partiyamız öz ətrafında cəmiyyətin intellektual təbəqəsini birləşdirir ki, bu da çox mühüm bir göstəricidir. Partiyanın Gənclər Birliyi və Qadınlar Şurası da təşkilatın aparıcı qolları olaraq ölkənin ictimai-siyasi həyatında çox aktiv iştirak edirlər. Qazanılan uğurlarla yanaşı Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr də dayanır. Bu vəzifələrin ən başlıcası ümummilli liderimiz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, onun regionun və dünyanın qüdrətli dövlətləri sırasında liderliyini qorumaqdır. Yeni Azərbaycan Partiyası bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə ümummilli lider Heydər Əliyevin ideyalarını, məqsəd və məramlarını rəhbər tutaraq Azərbaycanın çiçəklənməsinə və dövlətçiliyimizin qüdrətlənməsinə böyük töhfələr verəcək. Prezident İlham Əliyevin müstəqil ölkəmizin tərəqqisi, inkişafı, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər, onun real nəticələri partiyanın hər bir üzvü qarşısında daha məsul vəzifələr qoyur.

Milli Məclisin deputatı diqqətə çatdırdı ki, hazırda Yeni Azərbaycan Partiyası cəmiyyətin avanqard siyasi təşkilatı, beynəlxalq aləmdə böyük nüfuza malik olan bir qüvvədir. Partiya öz Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətin etimadını doğruldur və ölkə qarşısında duran problemlərin həllində yaxından iştirak edir. Məhz bu səbəbdəndir ki, bu gün yüz minlərlə insan taleyini bu partiya ilə bağlayır.” Cənab Prezidentin vurğuladığı kimi əldə edilmiş sosial və iqtisadi nəticələr müsbətdir, biz düzgün yoldayıq, islahatlara alternativ yoxdur. Bu dövrdə əldə edilmiş sosial və iqtisadi nəticələr aparılan məqsədyönlü, sistemli və düşünülmüş islahatların məntiqi nəticəsidir.  2019-cu ildə çox böyük sosial paketin reallaşması sayəsində 4 milyon 200 mindən çox insanın maddi vəziyyətinin yaxşılaşması və bu sosial tədbirlərə dövlət büdcəsindən 1 milyard manatdan artıq vəsaitin ayrılmasına baxmayaraq, ölkəmizdə inflyasiyanın səviyyəsi sabit qaldı. Bəzi şəxslər hesab edirdilər ki, bu həcmdə böyük artımlar qiymətlərin bahalaşmasına, inflyasiyanın sürətlənməsinə səbəb olacaq. Ancaq dövlətimizin yürütdüyü uğurlu siaysət sayəsində inflyasiyanın sabit qalması təmin edildi.

Elman Nəsirov bildirdi ki,  Azərbaycan İlham Əliyevlə yeni davamlı uğurların və uzunömürlü xoşbəxt gələcəyin astanasındadır. Reallıq bundan ibarətdir ki, Azərbaycan həqiqətən zəngin bir ölkəyə çevrilmək mərhələsinə daxil olub. Yeni iqtisadi idarəetmənin və şəffaf iqtisadiyyatın qurulması Azərbaycanın yaxın illərdə yüksək inkişafa və keyfiyyətli həyat şəraitinə çatmasına imkan verəcək.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, 
“İki sahil”