04 dekabr 2019 10:50
166

Elman Nəsirov: Yeniləşən, müasirləşən Azərbaycana yeni parlament lazımdır

Yeni parlament daha çevik, zamanın tələblərinə daha uyğun bir davranış nümunəsi ortaya qoyacaq, cox vacib, əhəmiyyətli qanunların operativ şəkildə qəbul olunmasına töhfələr verəcək

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının parlamentdə təmsil olunan  partiya üzvlərinə parlamentin buraxılması təşəbbüsünü irəli sürməsini tövsiyə etməsi, bu tövsiyəyə uyğun olaraq  Milli Məclisin dekabrın 2-də keçirilən plenar iclasında dövlətimizin başçısı İlham Əliyevə müraciət,   həmçinin ölkə Prezidentinin parlamentin müraciətində göstərilmiş məsələnin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərməsi  bu gün ölkə mətbuatında geniş müzakirə olunmaqda, müxtəlif fikir və mülahizələr   söylənilməkdədir.  Milli Məclisin İnsan hüquqları, eyni zamanda, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirovla parlamentin buraxılmasını şərtləndirən amillərə, bu mütərəqqi adımın ölkənin davamlı inkişafına,  yeni qəbul olunacaq qanunlara nə kimi yeniliklər əlavə edəcəyinə aydınlıq gətirdik.

- Elman müəllim, bu günün siyasi gündəminin əsas müzakirə mövzusu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının parlamentin buraxılması ilə bağlı  irəli sürdüyü təşəbbüs və buna əsaslanaraq atılan  sistemli addımlardır. Necə düşünürsünüz, növbədənkənar parlament seçkilərinin keçirilməsi hansı zərurətdən irəli gəlir?

- Məlum olduğu kimi, noyabrın 28-də Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının qəbul etdiyi qərarda  parlamentdə təmsil olunan, hakim partiyanı təmsil edən  deputat korpusuna tövsiyə olundu ki,  onlar parlamentin buraxılması ilə bağlı məsələni  müzakirəyə çıxarsın və dövlətimizin başçısı İlham Əliyevə müraciət qəbul edilsin. Həmin gün bununla bağlı  parlamentdə Yeni Azərbaycan Partiyasını təmsil edən deputat korpusu  müraciət hazırladı və deputatlar bunu təsdiqlədi. Hər birimizin bu məsələ ilə bağlı mövqeyi eynidir. YAP  Siyasi Şurası  da eyni  mövqedədir. Ümumi yanaşma bundan ibarətdir ki,  ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə  ölkəmizin bütün sahələrində çox  ciddi, hərtərəfli, sistemli islahatlar kursu həyata keçirilir. İslahatlar  həm sosial, həm iqtisadi həyatı, həm də  siyasi sistemi,   məhkəmə-hüquq sistemini əhatə edir. Bu, hərtərəfli islahatlar kursudur.  Hər bir islahat  o zaman tam səmərə verir ki, burada  heç bir tərəf kənarda qalmır. Məsələyə  bu nöqteyi-nəzərdən yanaşdıqda parlamentin də bu islahatlar kursuna daxil olması  məntiqlidir.  Başqa cür də ola bilməz. Bu reallığa söykənərək,  Yeni Azərbaycan Partiyasının Siyasi Şurası  və  deputatları belə bir mövqe ortaya qoydular ki, qanunvericilik orqanının təkmilləşməsi, yeniləşməsi bu islahatlar kursunun tərkib hissəsi olmalıdır, parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi  zərurətə çevrilmişdir. Məlum olduğu kimi, həm ali icra hakimiyyəti orqanında, həm də  məhkəmə-hüquq sistemində  çox ciddi islahatlar həyata keçirilir. Bu baxımdan  hakimiyyətin üçüncü qanadının bu prosesdə yaxından  iştirakı çox vacib məsələdir. Bir çox hallarda qanunverici orqanda həyata keçirilən islahatlar daha böyük əhəmiyyət kəsb edir. Çünki  digər mühüm islahatların hüquqi əsasları burada  hazırlanır. Məhz bunlar məlum dəyişiklikləri şərtləndirdi.

Dövlətimizin başçısı İlham Əliyevin islahatlarla bağlı fikirlərini bir daha xatırlatmaq istərdim.  Cənab  İlham Əliyev bildirir ki,  islahat  ilk növbədə  tərəqqi deməkdir,   yeni dövrə uyğunlaşmaq deməkdir,   təkamül deməkdir.  Düşünürəm ki, partiya cənab İlham Əliyevin bu fikirlərindən qaynaqlanaraq  elə qanunverici orqanın da təkamülə məruz qalması, onun yeni şəraitə uyğunlaşması  və tərəqqi etməsi məntiqinə söykənib belə bir addımı atmışdır. Onu  da qeyd edim ki, dekabrın 2-də  Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə parlament rəhbərliyi dövlətimizin başçısı İlham Əliyevə  müraciət qəbul etdi. Həmin  gün də ölkə Prezidenti  müraciəti  Konstitusiya Məhkəməsinə göndərdi ki, atılan addımın  nə dərəcədə qanunauyğunluğunu araşdırsın və müvafiq qərar qəbul etsin. Dekabrın 4-də Konstitusiya Məhkəməsinin məlum müraciətlə bağlı  qərar  qəbul edəcəyi  gözlənilir.

- Milli Məclisin üzvü, eyni zamanda, bir vətəndaş olaraq ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının bu təşəbbüsünü necə dəyərləndirirsiniz?

-   Yeni Azərbaycan Partiyası bu addımı ilə  növbəti dəfə  siyasi mədəniyyət ortaya qoydu.  Çünki 1992-ci il noyabrın 21-də  ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını -ümumxalq partiyasını  müxalif partiya kimi yaratmışdı. Bu  partiya o zamankı AXC-Müsavat cütlüyünün yarıtmaz siyasətinə qarşı müxalifətdə idi.  Eyni zamanda, xalq ilə birlikdə bu siyasətə müxalifətdə dayanmışdı. YAP ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hakimiyyətə məhz dinc, sivil, seçkilər yolu ilə  gəlişin  nümunəsini göstərdi. Bu gün isə ikinci dəfə  yenidən siyasi mədəniyyət ortaya qoydu. Könüllü şəkildə Azərbaycanın inkişafı, tərəqqisi, təkamülü, yeni hədəflərimiz, cənab İlham Əliyevin  islahatlar kursunu dəstəkləmək naminə bu addımı atdı.

- YAP-ın bu təşəbbüsü bəzi dairələr tərəfindən öz maraqlarına uyğun təhlil olunmaqdadır. Bununla bağlı fikirlərinizi bilmək istərdik...

- Bəzi siyasi opponentlər    əcaib bir yanaşmalar ortaya qoymaq istəyirlər.  Əslində bu, dünya praktikasında tez-tez rast gəlinən hadisədir.  Bu il dekabrın 12-də Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək. Noyabrın 6-da artıq seçki kampaniyasına start verilib.   İspaniyada 2015-ci ildən bu günə  4 dəfə növbədənkənar parlament seçkiləri keçirilib.  Hətta 2019-cu ildə  iki dəfə növbədənkənar parlament seçkiləri keçirilib.  Bu faktlar belə  qənaətə gəlməyə əsas verir ki, ölkəmizdə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı  heç də xüsusi yanaşmalara ehtiyac yoxdur.  Bu,  birmənalı şəkildə Yeni Azərbaycan Partiyasının siyasi iradəsidir. Bu mühüm addım  partiyanın ilk növbədə  dövlətimizin başçısı İlham Əliyevin geniş və dərinləşən islahatlar kursuna dəstək vermək niyyətindən irəli gəlir.

- Elman müəllim, mütərəqqi addım yeni  qəbul olunacaq  qanunlarımıza nə kimi yeniliklər gətirəcək?

- Hesab  edirəm ki, yeniləşən, müasirləşən Azərbaycana yeni parlament  lazımdır. Belə olan təqdirdə  təbii ki,  deputat korpusunun tərkibində də xeyli  yeniləşmənin olacağı istisna deyil. Yeni parlament  daha çevik, zamanın tələblərinə daha uyğun bir davranış   nümunəsi ortaya qoyacaq,  cox vacib, əhəmiyyətli qanunların operativ şəkildə  qəbul olunmasına töhfələr verəcək.      

Yeganə Əliyeva,
Könül Əliyeva, 
“İki sahil”