07 oktyabr 2019 19:03
80

Elmar Məmmədyarov Qazaxıstanın Azərbaycandakı səfirini qəbul edib

Xarici İşlər naziri Elmar Məmmədyarov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Serjan Abdıkarimovu qəbul edib.

XİN-dən bildirilib ki, görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan sıx münasibətlərin siyasi, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə ediblər. Eyni zamanda ölkələr arasında iqtisadi və ticarət sahələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Səfir Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik inkişaf strategiyası sayəsində Azərbaycanın regionda mühüm rol oynadığını və bu xüsusda, ölkəmiz tərəfindən həyata keçirilən enerji, nəqliyyat və infrastruktur layihələrin əhəmiyyətini qeyd edib. O, iki ölkənin birgə həyata keçirdiyi layihələrinin uğurundan bəhs edərək, bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini bildirib.

Nazir Elmar Məmmədyarov Qazaxıstan tərəfinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair beynəlxalq təşkilatlarda nümayiş etdirdiyi prinsipial mövqeyə, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün daimi dəstəyinə görə təşəkkür ifadə edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Səfir Serjan Abdıkarimov etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.