11 sentyabr 2019 10:50
3080

Elnur Əmirov: Söz tapa bilmirəm - MÜSAHİBƏ - FOTO

Qarabağ qazisi: İşğal altındakı ərazilərimiz azad olunandan sonra bütün ağrı-acılarım keçəcək

Vətən uğrunda canlarından keçmiş şəhidləri, eləcə də döyüşlərdə qəhrəmanlıq göstərmiş qaziləri yaddan çıxarmaq mümkün deyil. Biz də bu amalla şəhidlərimizi anır, qazilərimizlə görüşür, onların fikirlərini ictimaiyyətə çatdırırıq. Bu dəfəki həmsöhbətimiz ehtiyatda olan kapitan Elnur Əmirovdur.

-Cənab zabit, bəlkə söhbətimizə iştirakçısı olduğunuz Aprel döyüşləri ilə başlayaq?

-Bəri başdan deyim ki, bu zəfər bizdə işğal altındakı torpaqlarımızı tezliklə mənfur düşməndən azad edəcəyimizə qəti inam yaratdı. Fəxr edirəm ki, həmin döyüşlərdə mən də iştirak etmişəm. Bu mənada ehtiyatda olan kapitan kimi Aprel döyüşlərini həm də qürurla xatırlayıram.

-İllər boyu düşmən tapdağı altında olan ərazirlərimizə ayaq basanda hansı hissləri keçirdiniz?

-Doğrusu, həmin hissləri ifadə etməyə söz tapa bilmirəm. Yalnız onu deyə bilərəm ki, onda beynimdən bir fikir keçirdi: irəli gedərək  işğal altındakı digər ərazilərimizi də  azad etmək.

-Yeri gəlmişkən, Aprel döyüşlərindən sonra azad edilmiş ərazilərimizi ziyarət etmisinizmi?

- Bəli, iki dəfə Lələtəpədə olmuşam. Bir daha əmin olmuşam ki,  ordumuz həqiqətən də əlverişsiz mövqelərdən çıxaraq strateji mövqelərə sahib olub. Həmin strateji yüksəkliklər imkan verir ki, təmas xəttində vəziyyətə tam nəzarət edək.

-Cənab zabit, xidmətləriniz kifayət qədər qiymətləndirilibmi?

- Bilirsinizmi, belə şeylər heç bir zaman maraq dairəmdə olmayıb. Nəyə görə? Çünki bu, mənim borcumdur. Bu mənada mən sadəcə, Vətən qarşısındakı borcumu yerinə yetirməyə çalışmışam. Buna rəğmən, bildirmək istəyirəm ki, ümumiyyətlə,  ölkəmizdə şəhid ailələri,  qazilər, eləcə də digər hərbçilərimiz dövlət qayğısı ilə əhatə olunublar. Şəxsən mən özüm II qrup Qarabağ qazisi kimi pensiya alıram. Bu yaxınlarda mənzillə də təmin olunacağam. Həm də avtomobil növbəsinə dayanmışam.

- Hiss edirəm ki, səhhətinizdə yaranmış problemlərdən irəli gələn səbəblərdən bir qədər narahatsınız. Bəs bu ağrılar canınızdan nə vaxt çıxacaq?

- Onurğamdakı ağrılardan əziyyət çəkirəm, həm də sağ ayağımda problemlər var. O ki qaldı konkret sualınıza. Mənə elə gəlir ki, işğal altındakı ərazilərimiz azad olunandan sonra bütün ağrılarım keçib gedəcək.

-İnşallah, bu arzunuz da reallaşar...

- Fikrimcə, bu gün ordumuz Xankəndini də, üstəlik İrəvanı da fəth etməyə hazırdır. Mən bunları sözgəlişi demirəm. Çünki bu gün ordumuz Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində elə formalaşıb ki, maddi-texniki bazası elə möhkəmləndirilib ki... Bu mənada bugünkü ordumuzun qarşısında düşmən tab gətirə bilməz. 2014-cü ilin avqust hadisələri, 2016-cı ilin aprel döyüşləri və nəhayət, Naxçıvanda Günnüt zəfəri Silahlı Qüvvələrimizin gücünün praktik təsdiqi deyilmi? Fəxarət hissi ilə qeyd etməliyik ki, bu gün ordumuzda rütbəsindən asılı olmayaraq xidmət keçən hər bir şəxs öz hərbi borcunu layiqincə yerinə yetirir.

Qarqar çayını keçib

Əfətliyə üz tutduq

-Cənab zabit, xahiş edirəm, özünüz haqqında daha ətraflı məlumat verəsiniz?

- Mən Əmirov Elnur Zahir oğlu 1982-ci ildə ildə Ağdamın Yusifcanlı kəndində anadan olmuşam. Doğma ocağımızın ermənilər tərəfindən işğalı ilə əlaqədar Bakının Nizami rayonunda məskunlaşmışıq. 1999-cu ildə  bu  rayondakı 62 saylı məktəbi bitirəndən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbi zabit kimi başa vurmuşam və müxtəlif hərbi hissələrdə xidmət etmişəm. Onu da deyim ki, məndə hərb sənətinə maraq birdən-birə yaranmayıb. Belə ki, əmim, hazırda ehtiyatda olan polkovnik Həsən Əmirov tez-tez Yusifcanlıya - bizə gələrdi. Mən də onun furaşkasını başıma qoyub əsgərlər kimi hərəkətlər etməyə çalışardım. Hərbi formaya olan sevgimi nəzərə alan əmim sonradan mənim üçün bir dəst əsgər paltarı da tikdirdi. Bir sözlə, əmim mənim kumirim olub. Bir də Valeh Bərşadlı... O Valeh Bərşadlı ki,  50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlı olub. Müstəqil Azərbaycanın ilk müdafiə naziri olmaq və ilk müvəffəqiyyətli Goranboy və Ağdərə əməliyyatlarını həyata keçirmək də ona nəsib olub.

-Kəndinizi xatırlayırsınızmı?

-Hə, beşinci sinfə keçmişdim. Kəndimiz elə gözəl idi ki... Yaşamaq üçün hər cür şəraitimiz vardı. O da yadımdadır ki, qapımızın ağzına qədər asfalt döşənmişdi. Ağdam işğal olunan gün biz də rayon mərkəzindən təxminən 30 km aralıda yerləşən kəndimizi tərk etmək məcburiyyətində qaldıq. Qarqar çayını keçib Əfətliyə üz tutduq, oradan da Bakıya... O da yadımdadır ki, camaat min bir zülmlə gursulu Qarqarı keçdi. Özü də çayın həm o tərəfindəki, həm də bu tərəfindəki traktorlara bağlanmış troslardan tuta-tuta... İndi kəndimizin Qarqar deyilən ərazisində keçirililən Novruz şənlikləri yadıma düşəndə istər-istəməz qəhər məni boğur. İnandırım sizi, kəndimiz azad olunan gün bir an belə fikirləşmədən ora yollanacağam.

Elə yazılar dərc

olunmalıdır ki...

- Yəqin övladlarınıza da bütün bunlar barədə danışmısınız?

- Bir qızım var. O da bu il məktəbə gedəcək. Onunla bağlı bir arzum var: qoy o, Vətəninə layiq övlad olsun.

- Bəs gənclərimizə nələr tövsiyə edərdiniz?

- Onlara ilk növbədə vətənpərvər olmağı tövsiyə edərdim. Bu ruhda yetişməklə onlar xalqımıza daha çox töhfələr verə bilərlər. Burada bir məsələyə də toxunmaq istərdim. Nədənsə bizim bəzi televiziya kanallarımızda vətənpərvərliklə, eləcə də tariximizlə bağlı verilişlərə çox az-az rast gəlmək olur. Bəzilərində isə ya həftədə, ya da ayda bir dəfə. Halbuki belə verilişlər mütəmadi nümayiş olunmalıdır.

- Sizcə, indiki dövrdə yalnız silahla, texnika ilə vuruşmaqla nəyə isə nail olmaq mümkündürmü?

-Bu suala mən bir qədər fərqli cavab verməyə çalışacağam. Silah, texnika, canlı qüvvə öz yerində. Amma mənə elə gəlir ki, indiki internet dövründə yalnız silahla döyüşmək kifayət etmir. Gərək hər kəs sosial şəbəkələrdə də vuruşsun, başqa sözlə desək, daha fəal olsun. Yəni internetdə elə yazılar dərc olunmalıdır ki, onlar düşməni daim vahiməyə salsın. Zənnimcə, bugünkü reallıq bunu hər birimizdən tələb edir.

Qvami Məhəbbətoğlu,

“İki sahil”