08 yanvar 2020 20:28
393

Əlverişli tranzit imkanları ölkəmizə marağı daha da artırır

Son bir ilin mənzərəsi Azərbaycan üzərindən daşınan yüklərin həcmində əhəmiyyətli dərəcədə artım olduğunu göstərir. Bu hal xüsusən də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin işə düşməsindən sonra özünü qabarıq şəkildə göstərir. Yeri gəlmişkən qeyd edək ki, bu günlərdə Bakı-Tbilisi-Qars xətti ilə 10 mininci konteyner daşınıb. Ümumiyyətlə, 2017-ci il oktyabrın 30-da istifadəyə verilən bu xətlə yükdaşımaların həcmi durmadan artır.

Şimal-Cənub, Şərq-Qərb marşrutları ilə də yükdaşımalar artır. Proseslərin inkişafı bu istiqamətdə Azərbaycanın yükdaşımalardan daha çox gəlir əldə edəcəyini göstərir. Bunun əsas səbəblərindən biri isə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı baş verən proseslərdir. Məsələ burasındadır ki, reallaşdırılan bir sıra infrastruktur layihələri Şimal-Cənub nəqliyyat dəhlizinə marağın daha da yüksəlməsinə səbəb olmaqdadır. Məsələn, yaxın tezlikdə İranda Miyana-Bastanabad dəmir yolu xətti istismara veriləcək ki, bu da Şimal-Cənub dəhlizi ilə daşınan yüklərin mənzilbaşına çatdırılması vaxtını 5 saat azaldacaq. İranın yollar və şəhərsalma naziri Məhəmməd İslami bildirib ki, bu dəmir yolu vasitəsilə İranın qərb regionları da dəhlizdən istifadə edə biləcək. Qərb regionlarında fəaliyyət göstərən istehsal müəssisələri ixrac mallarını birbaşa Şimal-Cənub dəhlizi ilə hərəkət edən qatarlara yükləyəcək. Belə ki, bu dəhliz vasitəsilə Cənub-Şərqi Asiya və Körfəz ölkələrindən Avropaya göndərilən yüklərin də həcmində artım müşahidə edilib. Bu yüklər isə İrandan Azərbaycana, daha sonra Rusiya və Avropa ölkələrinə daşınır. Aydın olur ki, İranın tranzit imkanının artması Azərbaycan üzərindən daşınan yüklərin həcminin çoxalmasına səbəb olur.

Cənub-Şərqi Asiya və Körfəz ölkələrindən İrana daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycana, buradan Rusiyaya, daha sonra isə Avropaya daşınır. O da mühüm faktdır ki, bu gün Azərbaycan istənilən həcmdə yükü qəbul edib yola salmaq imkanına malikdir. Yüklərin Azərbaycan üzərindən daşınması isə ölkəmizin tranzit gəlirlərinin artmasına səbəb olur. Belə bir vaxtda daha bir maraqlı məqam Çabahar limanı ilə bağlı Hindistanın atdığı addımlardır. Hindistan Çabahar birləşdirici dəhlizini Şimal-Cənub xətti vasitəsilə Orta Asiyaya birləşdirmək imkanlarını araşdırır. Belə ki, Şimal-Cənub nəqliyyat dəhlizi quru və dəniz yolu ilə çox multimodal nəqliyyat şəbəkəsidir. Bu şəbəkə Hind okeanını Fars körfəzi, Xəzər dənizini, Rusiyanı, Şimali Avropa ilə birləşdirəcək. Mumbaydan Rusiyaya bu dəhlizlə yükdaşıma müddəti başqa yolla sərf edilən vaxtın yarısına bərabər olacaq, həmçinin hər 15 ton karqoda 2 500 dollar qənaət etmək imkanı verəcək. Beynəlxalq sanksiyalar, iqtisadi ləngimə, dünyada və məhz Hindistanda cərayan edən qeyri-sabit siyasi vəziyyət bu layihə üçün böyük çağırışdır.

Qeyd edək ki, Çabahar limanı Şimal-Cənub dəhlizinin əsas komponentlərindən biridir. Cənub-Şərqi Asiya ölkələrindən Avropaya və əks istiqamətə daşınan yüklər Azərbaycandan tranzit keçməklə məhz bu liman vasitəsilə mənzilbaşına çatdırılır. Hindistan, həmçinin Cənub-Şərqi Asiyanın digər ölkələri yükləri Hind okeanı ilə Çabahar limanına, buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu vasitəsilə Rusiya və Qərbi Avropa ölkələrinə daşıyacaq. Deməli, bu limanda yük aşırımı nə qədər çox olsa, Azərbaycanın da tranzit gəlirləri bir o qədər artacaq. Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun Rəşt-Astara hissəsi istifadəyə verildikdən sonra isə Asiyadan Avropaya və əks istiqamətə daşınan yüklərin həcmi, sözsüz ki, artacaq. Hələlik yolun Qəzvin-Rəşt hissəsi və İran Astarası ilə Azərbaycan Astarasını birləşdirən dəmir yolları istismara verilib. Rəşt-Astara hissəsində isə inşaat işləri davam edir.

Xatırladaq ki, Şimal-Cənub dəhlizinin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut olan Suveyş kanalı üzrə çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub vasitəsilə müddətin 14-20 gün olması gözlənilir. Məhz bütün bunlar Şimal-Cənub dəhlizinə marağı daha da artırır.

Cavid Əkbərov, “İki sahil”