17 fevral 2020 20:59
904

Emal sənayesinə daha çox üstünlük verilməlidir

Ölkəmizdə son illər meyvə-tərəvəz istehsalı nəzərəçarpacaq dərəcədə artıb. Bu artım həmin məhsulların ixracında da özünü göstərir. Belə ki, 2019-cu ildə meyvə-tərəvəz ixracı 605,8 milyon təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 8 faiz artım deməkdir.

Hətta ötən il qeyri-neft məhsullarının ixracında üstünlük təşkil edən üç məhsuldan ikisi meyvə-tərəvəzə  məxsusdur. Bu mənada ölkəmizə gətirilən valyutada bu məhsulların  xüsusi çəkisi olub. Aparılan araşdırmalar göstərir ki, ölkəmiz meyvə-tərəvəz ixracından daha çox valyuta əldə edə bilər. Lakin müəyyən səbəbdən hələ ki, bunu reallaşdırmaq mümkün olmayıb.

Prezident İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bu məsələyə toxunaraq demişdir: “Emal sənayesi tərəvəzçilikdə çox aşağıdır. Biz tərəvəzi yığırıq, özümüz istehlak və ixrac edirik. Yaxşıdır, amma emal olunmalıdır. Misal üçün, bizdə keçən il tərəvəzçilikdə ixrac 243 milyon dollar olubdur. Bunun 190 milyon dolları pomidor ixracı idi və pomidor ixracı 7 faiz artıbdır. Ancaq əgər kifayət qədər tomat pastası zavodu olsa, daha da böyük qiymətə satıla bilər. Özü də bütün bazarlarda tələb olunan məhsuldur”.

Prezidentin bu sözlərindən bir daha aydın olur ki, bunun əsas səbəbi ölkəmizdə kifayət qədər emal müəssisələrinin olmaması, eyni zamanda,  emal sənayesi üzrə ölkənin mövcud potensialının çox az bir hissəsindən istifadə olunmasıdır.  Doğrudur, respublikamızda emal müəssisələri var. Dövlət proqramlarının uğurlu icrası nəticəsində əvvəlki illə müqayisədə 2019-cu ildə kənd təsərrüfatı emal müəssisələrinin ixracının ümumilikdə 14 faiz artımı da onların xidmətidir. Amma fəaliyyətdə olan həmin emal müəssisələri meyvə-tərəvəzimizi daha da böyük həcmdə emal edərək hazır məhsul kimi ixraca imkan vermir. Bu isə hələ də kənd təsərrüfatının sənaye ilə tam uzlaşmamasından xəbər verir.

Dövlətimizin başçısı bu istiqamətdə müəyyən boşluqlar olduğunu xatırlatmaqla növbəti dövrdə kənd təsərrüfatı məhsullarının emalına böyük diqqət göstərməyin, güzəştli kreditlərin də bu sahəyə istiqamətləndirilməsinin vacibliyini bir daha vurğulamışdır: “...harada boşluqlar var, yerli sahibkarlar bu boşluqları doldursunlar. Ancaq mən bir qədər passivlik görürəm. Ona görə dövlət orqanları gərək sahibkarları tərpətsinlər, özləri də təşəbbüs göstərsinlər”. Bu isə o deməkdir ki, sahibkarlar emal sektoruna da diqqət yetirməli və dövlət orqanları sahibkarları bu istiqamətlərə yönəltməlidirlər. Prezident, həmçinin sahibkarlar üçün əlverişli şərait yaradılmasına rəğmən, onların  təşəbbüslə çıxış etməmələrinə də iradını bildirmişdir.

Mütəxəssislərin fikrincə, emal müəssisələrinin yaradılması, emal sektorunun inkişaf etdirilməsi  kənd təsərrüfatı məhsulları istehsalının azı iki dəfəyə qədər çoxalmasına, ixrac potensialının gücləndirilməsinə, həmçinin ölkənin gəlirlərinin daha da artmasına imkan yarada bilər. Şübhəsiz, bu mənada növbəti dövrdə kənd təsərrüfatı məhsullarının emalına böyük diqqət göstəriləcək. Çünki emal olunmuş malların daha böyük dəyəri olur. Digər tərəfdən, hazırda kənd təsərrüfatı məhsulları üzrə ixracı artırmağın əsas yolu da emal sənayesi vasitəsilə mümkündür. Bu baxımdan dövlətimizin başçısının da vurğuladığı kimi, emal sənayesinin böyük perspektivi var. Ona görə də kənd təsərrüfatında emal sektoruna xüsusi diqqət göstərilməlidir.

Yeri gəlmişkən qeyd edək ki, İqtisadiyyat naziri  Mikayıl Cabbarov elə həmin tədbirdə demişdir ki, 2020-ci ildə və növbəti illərdə Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlar ilə birgə yüksək əlavə dəyər yaradan emal sənayesinin sürətli inkişafı əsas hədəf olaraq müəyyən edilib. Belə ki, regionlarda işləməyən və ya zərərlə işləyən istehsal müəssisələrinin yenidən qurulması, sağlamlaşdırılması və özəlləşdirilməsinin sürətləndirilməsi nəzərdə tutulur. Bütövlükdə, yüksək əlavə dəyər yaradan məhsul istehsalı və xidmət sahələrinin inkişaf etdirilməsi üçün investisiya təşviqi mexanizmlərindən geniş istifadə ediləcəkdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”