21 fevral 2020 10:30
1448

Əmanətlərin tam sığortalanmasının müddəti artırılacaqmı?

2016-cı ilin mart ayının 2-dən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi Fondun Himayəçilik Şurasının müəyyən etdiyi faiz dərəcəsi çərçivəsində olmaqla 4 il müddətində tam sığortalanır və tam kompensasiya olunur. 

2019-cu ilin 1 iyul tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10, xarici valyutada isə 2,5 faiz müəyyən edilib. Bu  tarixədək qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi isə milli valyutada 15 faiz, xarici valyutada isə 3 faiz təşkil edirdi və bu qaydaya uyğun qorunan əmanət statusunda olan depozitlərin sığortası əmanət müqaviləsinin müddəti bitənədək qüvvədə qalır.

Bununla da əmanətlərin tam şəkildə sığortalanması müddəti mart ayının ilk günlərində bitəcək. Maraqlıdır, bu müddət növbəti dəfə artırılacaqmı?

Əvvəlcə onu qeyd edək ki, qanunvericiliyə görə, əmanətlərin tam sığortalanması müddətinin uzadılmayacağı təqdirdə, göstərilən tarixdən sonra bağlanmış hər bir bankda sığortalanmış əmanət  yalnız 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ediləcək.

Bundan başqa, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, 2018-ci ilin sonunadək Maliyyə Bazarlarına Nəzarət Palatası kapital dayanıqlılığı bərpa olunmayan bankların restrukturizasiyası (bankın satılması, aktivlərin və öhdəliklərin tam və ya qismən ötürülməsi, körpü bankın yaradılması və s. vasitələrlə) prosesini bitirməli idi. Bununla belə ötən il əmanətlərin tam sığortalanması müddətinin bir il uzadılması bu sahədə işlərin yekunlaşmadığından xəbər verirdi. Lakin məlum olduğu kimi, Palata ötən il ləğv edilib və onun vəzifə və hüquqları Mərkəzi Banka ötürülüb.  

Mərkəzi Bankın sədri Elman Rüstəmov isə ötən ayın sonunda keçirdiyi mətbuat konfrasında deyib ki, Azərbaycanın bank sektorunda hələ də zəiflik var və bu, beynəlxalq reytinq agentliklərinin hesabatlarında öz əksini tapır. Onun sözlərinə görə, bank sektorunun sağlamlaşdırılması ilə bağlı işlər davam edir və bu ilin birinci yarısında başa çatdırılacaq.

Bu isə onu deməyə imkan verir ki, bankların bağlanma təhlükəsi artıq arxada qalmaqdadır. Təhlükənin arxada qalması isə əmanətlərin tam sığortalanmasını elə də zəruri etmir. Necə ki, 4 il əvvələ qədər əmanətlər tam sığortalanmırdı və bu, bankların əmanət cəlb etməsinə əngəl törətmirdi. 

Həmçinin Əmanətlərin Sığortalanması Fondundan “İki sahil” qəzetinə bildirilib ki, əmanətlərin tam sığortalanması müddətinin uzadılması Milli Məclisin səlahiyyətinə aid məsələdir və bununla bağlı qurumda heç bir məlumat yoxdur.

Hazırda isə Milli Məclisə seçkilərlə əlaqədar müraciətlərə baxılma mərhələsidir və  Mərkəzi Seçki Komissiyası qanunvericiliyə uyğun olaraq 20 gün ərzində nəticələri yekunlaşdırıb Konstitusiya Məhkəməsinə göndərməlidir. Konstitusiya Məhkəməsi isə 10 gün ərzində dairələr üzrə araşdırmaları başa çatdırmalıdır. Zərurət olarsa, Məhkəmə öz qərarı ilə vaxtı uzada da bilər. Ümumilikdə isə prosesin 30 gün ərzində bitdiyini nəzərə alanda, parlamentin ilk sessiyasının mart ayının birinci ongünlüyündən sonra baş tutacağı gözlənilir.

Ekspertlər istənilən vəziyyətdə vətəndaşlara bir bankda yalnız 30 min manata qədər əmanət yerləşdirməyi məsləhət görürlər. Bu məbləğdən böyük olan əmanəti bir neçə bank arasında, həmçinin eyni bankda bir neçə şəxsin adına yerləşdirmək olar. Bununla yanaşı, əmanəti məbləğindən asılı olmayaraq daha etibarlı banklarda da saxlamaq mümkündür. Ancaq belə banklarda əmanət faizləri nisbətən aşağı olur.

Ceyhun Piriyev, “İki sahil”