28 fevral 2020 19:14
2411

Əmək miqrasiyası: Azərbaycan niyə cəlbedici ölkədir?

Son dövrlər Azərbaycana gələn miqrantların sayı artan xətt üzrə inkişaf edir. Eyni zamanda, Azərbaycandan miqrasiya edənlərin sayında əhəmiyyətli dərəcədə azalma qeydə alınır.

BMT-nin “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Beynəlxalq Konvensiyasına uyğun olaraq əməkçi miqrantların, onların ailə üzvlərinin insan hüquqlarına hörmətlə yanaşılması  və sosial müdafiəsi yönündə aparılan işlər onu deməyə əsas verir ki, bu gün Azərbaycanda əmək miqrasiyasının beynəlxalq normalara uyğunlaşdırılması üçün bütün zəruri tədbirlər görülür. Bu tədbirlər sırasında son illərdə ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə iş icazəsinin verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğinin azaldılmasını xüsusi vurğulamaq lazımdır. Həmçinin əmək müqavilələrinin elektron qeydiyyat sistemində işləyən ölkə vətəndaşları kimi, respublikada haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərlə bağlanan əmək müqavilələri də qeydiyyata götürülür. Eyni zamanda, Azərbaycan vətəndaşları kimi, onlara da fərdi uçot sistemində fərdi şəxsi hesab açılır ki, bu da həmin insanların gələcək əmək və digər sosial müdafiə hüquqlarına əsas yaradır. Milli əmək bazarında ixtisassız əcnəbi kadrların iştirakının qarşısının alınması üçün əmək miqrasiyası kvotasının təkmilləşdirilməsi, ölkədə rəqabətədavamlı iqtisadiyyatın tələblərinə uyğun olaraq yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb olunması  istiqamətində işlər aparılır.

Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsinin (İŞKUR)  bildirdiyi statistik məlumata əsasən, 2019-cu ildə Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfərlərin sayı artıb. Ötən il ərzində Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2018-ci illə müqayisədə 93,5 faiz artıb.

Qeyd edək ki, əvvəllər Azərbaycan vətəndaşları iş tapmaq üçün Türkiyəyə üz tuturdular. Ancaq indi vəziyyət dəyişib. Artıq qardaş ölkədən əmək fəaliyyəti ilə məşğul olmaq istəyənlər ölkəmizə üz tuturlar.

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, əcnəbi miqrantlar əmək fəaliyyəti üçün ölkəni seçəndə bir neçə mühüm indikatora diqqət yetirirlər: “Hər hansı bir ölkənin vətəndaşı başqa ölkəyə məşğulluq məqsədilə miqrasiya edəndə, ilk növbədə, əsas diqqəti həmin ölkədəki ictimai-siyasi vəziyyətə yönəldir. Sabitlik olmasa həmin ölkəyə iş üçün getməkdən imtina edir. İkinci diqqət yetirdikləri məsələ ölkənin iqtisadi artım sürətidir. İqtisadiyyat inkişaf etmirsə, sərmayə qoyuluşu azdırsa, ölkə əmək miqrantları üçün cəlbedici olmur. Miqrantlar ölkənin regional layihələrdə iştirakına və payına da nəzər yetirirlər. Bir ölkənin ərazisində genişmiqyaslı iqtisadi layihələr həyata keçirilirsə, ölkə beynəlxalq müstəvidə həyata keçirilən layihələrin iştirakçısıdırsa, orada iş yerlərinin olması ehtimalı yüksəkdir. Əmək miqrantlarının fikir verdiyi digər mühüm məsələ ölkədə olan işsizlik səviyyəsidir. Xarici miqrantlar sadalanan indikatorlar üzrə ölkənin əmək bazarının vəziyyətini qiymətləndirirlər. Əgər göstəricilər yaxşıdırsa, həmin ölkəyə iş üçün miqrasiya edirlər.”

Həmsöhbətimiz onu da əlavə etdi ki, əmək miqrantları ölkələri seçən zaman dil, mədəniyyət və ölkələrin coğrafi yaxınlığını da nəzərə alırlar. Türkiyə vətəndaşları üçün Azərbaycan çox yaxın ölkədir. İstər siyasi, istər mədəni, istərsə də digər aspektlərə nəzər yetirəndə görürük ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir. İki ölkənin vətəndaşlarının da bir-birinə münasibəti yaxşıdır. Türkiyə üçün Azərbaycan çox doğma cəmiyyətdir. Dil yaxınlığı var, eyni zamanda, onlara yad münasibət olmur. Ona görə də Azərbaycanda işləyən Türkiyə vətəndaşlarının sayı çoxdur.

A.Allahverənov miqrasiya sahəsindəki dövlət siyasətində də demokratiklik və modernlik prinsiplərinin qorunmasını vurğuladı: “Ölkəmizin əldə etdiyi nailiyyətlər də miqrasiya səhəsində ən mütərəqqi tənzimləyici müddəaları daha da təkmilləşdirmək zərurətini ortaya qoyur. Qanunvericiliyimiz ilk növbədə yerli mütəxəssislərin işlə təmin olunmasına şərait yaradır. Yerli bazarda bu və ya digər vakansiya yerinə mütəxəssis tapılmadığı halda əcnəbi  işçilərə üz tutulur. Onu da qeyd edək ki, əcnəbilərin işləməsi üçün onların öz sahəsinin güclü mütəxəssisi olması lazımdır. Məsələn, ölkəmizdə tibb sektorunun hansısa sahəsi üzrə yerli kadr olmayanda İran və ya Türkiyənin həkimlərinə müraciət edirlər. Azərbaycanda daha çox tikinti sektorunda, neft-qaz və xidmət sahəsində əcnəbilər əmək fəaliyyəti ilə məşğul olurlar. Amma son zamanlar kənd təsərrüfatı sahəsində də aqronom və digər vəzifələrdə işləyən əcnəbilərə də rast gəlmək mümkündür.”

Yaqut Ağaşahqızı, “İki sahil”