07 avqust 2019 12:13
336

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib

Ölkəmizin iqtisadi inkişafından əldə olunan əlavə gəlirlərin tam həcmdə sosial sahəyə, əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilməsi bu ilin ötən dövründə reallaşan iki mühüm sosial paketdə bir daha əməli şəkildə öz təsdiqini tapdı. Dövlət tərəfindən əlavə olaraq milyardlarla manat vəsait ayrılmasını tələb edən həmin inqilabi islahatlar Prezident İlham Əliyevin siyasətinin sosialyönümlü olduğunu və vətəndaş rifahının təminatına xidmət etdiyini növbəti dəfə göstərdi.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında kollegiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, iclasda bildirilib ki, iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə bu ilin birinci yarısının yekunları ilə əlaqədar qeyd edilən göstəricilər Azərbaycanın inamlı inkişafının uğurlu davamından xəbər verir. Müşavirədə Prezident bu il ərzində sosial sahədə reallaşan mühüm islahatlardan bəhs edərkən dedi: “Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik”.

S.Babayev diqqətə çatdırıb ki, bu il minimum əmək haqqının iki dəfəyə yaxın artırılması təmin edilib və bu tədbir 950 min insanın əmək haqqının artımına imkan verib. Əlavə olaraq, 400 min işçinin əməkhaqqı 20-50 faiz artırılıb. 300 min əlilliyi olan şəxslərdən ibarət 600 min vətəndaşın müavinət və təqaüdlərində orta hesabla 100 faiz, 500 minə qədər məcburi köçkünün müavinətində 50 faiz artımlar edilib, 100 mindən artıq tələbənin təqaüdləri ciddi şəkildə artırılıb. Minimum pensiyanın 72 faiz artırılması 650 min insanı əhatə edib, eyni zamanda, dövlət sektorunda işləyənlərin əməkhaqlarının sentyabrın 1-dən artırılması ilə əlaqədar 94 min nəfərin (xüsusi şərtlərlə pensiya təyin edilmiş şəxslər) pensiyasının artırılması təmin ediləcək. 800 min vətəndaşın problemli kreditləri ilə bağlı çətinliyi də aradan qalxıb. Ümumilikdə, bu ilki sosial islahatlar nəticə etibarilə birbaşa olaraq 4,2 milyon insanın yaşayışına mühüm dəstəkdir.

Nazir 2019-cu ilin bu uğurlarının sosial sahədə daha bir mühüm nailiyyətlə – Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST (Dayanıqlı və Operativ Sosial Təminat) layihəsinin reallaşması ilə davam etdiyini deyib. O bildirib ki, bu ilin mayında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi olan DOST Agentliyi və ilk “DOST” mərkəzi ölkəmizin dövlət sosial xidmətləri sahəsində keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməyə imkan verib. Artıq DOST xidmətlərindən 23 min nəfərədək istifadə edib və həmin xidmətlərdən vətəndaşların tam məmnunluq səviyyəsi 93 faiz, qismən məmnunluq səviyyəsi 4 faiz təşkil edir.

S.Babayev dövlət başçısının tapşırığı ilə bu ilin əvvəlindən elektron pensiya təyinatına keçilməsinin ölkədə ilk proaktiv xidmət kimi mühüm uğurlardan olduğunu deyib. Bildirib ki, həmin elektron sistem əvvəlki dövrdə müraciət etmədiyi üçün pensiya təyin olunmamış şəxslərin də pensiya hüququnun reallaşmasına imkan verib, nəticədə bu ilin 6 ayında yaşa görə pensiya təyinatları 67,7 faiz artıb. Müavinət və təqaüdlərin təyinatı mexanizmi də avtomatlaşdırıldıqdan sonra il ərzində 180 mindən çox şəxsin sosial təminat növləri üzrə hüquqları belə proaktiv formada reallaşacaq.

Nazir yeni qurulan altsistemlərin, həmçinin “Məşğulluq” altsisteminin əhəmiyyətini vurğulayıb. İlin ikinci yarısında “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin də işə salınacağını qeyd edib.

S.Babayev 2019-cu ilin birinci yarısında nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin 54 minə yaxın şəxsi işlə təmin etdiyini, 838 nəfərin peşə hazırlığına (Xidmətin xətti ilə 682 nəfər, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 156 nəfər) cəlb olunduğunu deyib. O, bu il üzrə özünüməşğulluq proqramı çərçivəsində artıq 4 min nəfərin təlimlərdən keçdiyini, 1100-dən çox şəxsin aktivlərlə təmin edildiyini deyib. Qeyd edib ki, Prezidentin tapşırığı ilə proqramın genişləndirilməsində beynəlxalq qurumlarla əməkdaşlığa da xüsusi əhəmiyyət verilir.

Nazir həmçinin dövlət başçısının təşəbbüsü ilə icra olunan “İşsizin DOSTu” proqramı çərçivəsində bu ilin 6 ayında 38 min nəfərin əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təmin edildiyini bildirib. O, qeyri-neft sektorunun inkişafı, özəl sektorun genişlənməsi şəraitində işəgötürənlərlə, xüsusilə biznes strukturları ilə fəal əməkdaşlıq müstəvisində aktiv məşğulluq tədbirlərinin getdikcə daha da gücləndirilməsinin, bu sahədə “Məşğulluq” altsisteminin imkanlarından səmərəli istifadə edilməsinin, işlə təminat üzrə göstəricinin getdikcə yüksəldilməsinin qarşıda duran əsas vəzifələrdən olduğunu qeyd edib.

S.Babayev qeyri-rəsmi məşğulluğun qarşısının alınması tədbirlərinin növbəti müsbət nəticəsi kimi, bu ilin 6 ayında 102 min yeni əmək müqaviləsinin (24 min dövlət sektoru, 78 min özəl sektor üzrə) qeydiyyata alındığını, minimum əmək haqqının növbəti dəfə artmasının, digər stimullaşdırıcı tədbirlərin, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqinin və s. həmin göstəricinin bundan sonra da davam edəcəyini deməyə əsas verdiyini deyib. Bu il ərzində əmək haqqı fondu dövlət sektorunda 15 faiz, özəl sektorda 25 faiz olmaqla, ümumilikdə orta hesabla 20 faiz artıb. Nazir bildirib ki, məşğulluq sahəsində aparılan islahatların bir istiqaməti də işsiz və işaxtaranlar üçün mövcud peşə hazırlığı sisteminin müasirləşdirilməsi və Regional Peşə Təhsili Mərkəzləri şəbəkəsinin genişləndirilməsidir. Eyni zamanda, həmin Mərkəzlərin fəaliyyətinin optimallaşdırılması və səmərəli təşkili, bu sahədə idarəçiliyin təkmilləşdirilməsi üçün onların publik hüquqi şəxs kimi formalaşdırılması və fəaliyyətinin təmin edilməsi üçün işlər aparılır.

Nazir mühüm sosial proqramların, o cümlədən şəhid ailələrinin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə, həmin kateqoriyaya aid əlilliyi olanların minik avtomobili ilə təminatı tədbirlərini də diqqətə çatdırıb.

İclasda DOST Agentliyinin sədri Fərid Məmmədov, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Fuad Heydərov, nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev, nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Abdul-Qədirov, Ümumi şöbənin sektor müdiri Günel Nəsibova nazirliyin müvafiq fəaliyyət sahələrində görülən işlər və aparılan islahatların nəticələri barədə məlumat veriblər.

Görülmüş işlərin yekunları ətraflı təhlil olunub. Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə sosial sahə ilə bağlı verilmiş tapşırıqların icrası istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub. İkinci sosial paketin icrasının təmin edilməsi üçün aparılan işlər bir daha nəzərdən keçirilib. Özünüməşğulluq proqramının əhatə dairəsinin, DOST xidmətləri və reabilitasiya müəssisələri şəbəkəsinin, əmək, məşğulluq, sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, qeyri-leqal məşğulluğun qarşısının alınması və s. istiqamətlərdə görüləcək işlər müzakirə edilib, nazir tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.