03 sentyabr 2019 16:53
2250

Emin Axundzadə: Neft-kimya sektoruna yatırılan investisiyar ölkə iqtisadiyyatına əlavə dəyər qazandırır

Bu ilin 7 ayı ərzində kimya sənayesi məhsullarının ixracı 57.2 milyon dollar təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 40.9 faiz artım deməkdir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin avqust buraxılışında bu barədə məlumat verilib.

Cari ilin ikinci rübündə SOCAR tərəfindən ixrac olunan neft və neft-kimya məhsullarının miqdarı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 48% artıb. Enerji məsələləri üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru  Emin Axundzadə “İki sahil” qəzetinə açıqlamasında bildirib ki, neft və neft-kimya məhsullarında ixrac həcmlərinin artması ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir. Çünki, xam neft və qaz emal olunduqda onun dəyəri bir neçə dəfə artır. Bu da SOCAR-ın, bütövlükdə Azərbaycanın gəlirlərinin daha da artmasına səbəb olur.

Neft və neft-kimya məhsullarında ixrac həcmlərinin kəskin artması əsasən “SOCAR-Polimer” layihəsi çərçivəsində poli-propilen, yüksəksıxlıqlı polietilen və Karbamid zavodlarının istismara verilməsi ilə əlaqəlidir: “Bu zavodlarda istehsalatın başlanması və mərhələli olaraq istehsal həcmlərinin artması, zavodların ixrac potensialının yüksəlməsinə səbəb olmuşdur. Bu gün zavodlarda istehsal olunan məhsullar dünyanın müxtəlif ölkələrinə ixrac edilir. 1 avqust 2019-cu il tarixinə kimi təqribən 45 min ton karbamid gübrələri Türkiyə əsas olmaqla Bolqarıstan, Rusiya, Rumıniya və Ukrayna bazarlarına ixrac olunub. Eyni zamanda, 52 min ton polimer məhsulları Türkiyə, Rusiya, Ukrayna, Belarus, Polşa və Litva kimi ölkələrə ixrac edilib.”

E.Axundzadə onu da qeyd edib ki, “SOCAR-Metanol” zavodunda da istehsal olunan metanolun həcmi ötən ilin müvafiq dörü ilə müqayisədə təxminən 3.3 dəfə artıb: “Bu zavodda istehsal olunan metanolun təqribən 97 faizi xarici ölkələrə ixrac olunur. Bu da öz növbəsində ixrac həcminin artımına təsir göstərir. Bütün bunlar öz növbəsində idxaldan asılılığın azaldılması, ixracatın şaxələndirilməsi və ölkəyə xarici valyuta axınının təmin edilməsi baxımından strateji əhəmiyyət daşıyır.”

Ekspert vurğulayıb ki, ümumilikdə dünyada neft-neft kimya məhsullarına böyük tələbat var: “Dünya ölkələrində istifadə olunan gübrələrin təqribən 75 faizi azot gübrələrindən əmələ gəlir. Azot gübrələri içərisində isə ən keyfiyyətlisi karbamid gübrəsi sayılır. Çünki karbamidin tərkibində 46,3% azot mövcuddur. Tədqiqatlar göstərir ki, torpağa verilən hər ton azot əlavə olaraq 10-15 ton buğda, 30-40 ton şəkər çuğunduru almağa, habelə məhsulun keyfiyyətini daha da yaxşılaşdırmağa səbəb olur. Bu səbəbdən bu sektor dünya bazarında sürətli şəkildə inkişaf edir. Son 4 ilə nəzər salsaq görərik ki, dünya birjalarında karbamidin qiyməti təqribən 40 faiz artıb və bu tendensiya davam edir. Təbii olaraq bu da bizim gələcəkdə ixrac gəlirlərimizin daha da artmasına səbəb ola bilər.”

E.Axundzadə onu da diqqətə çatdırıb ki, dünya bazarında neft-kimya sektorunda qiymətlərdə neft sektorunda olduğu qədər dalğalanmalar müşahidə edilmir. Bu da, bu sektorun cazibəsini artırır. Azərbaycanın da, emal sektoruna, neft-kimya sektoruna yatırdığı investisiyalar artıq öz bəhrəsini verməkdədir: “Neft-kimya sektorunun əsas xammalı neft olduğuna görə, neftin qiymətinin aşağı düşməsi, əslində bu sektorun gəlir marjasının daha da artmasına səbəb olur.”

Emin Axundzadə hesab edir ki,  ixrac olunan neft-kimya məhsullarının miqdarının ötən ilin müvafiq dövrü ilə müqayisədə çox olması Azərbaycan iqtisadiyyatında gəlirlərin artmasına, əlavə dəyərin yaranmasına öz töhfəsini verir.

Orxan Vahidoğlu, “İki sahil”