05 fevral 2019 10:33
641

Ənənəvi medianın mövcudluğu bütün dövrlər üçün zəruridir

“Əkinçi” qəzetinin  1875-ci il iyulun 22-də ilk nömrəsinin işıq üzü görməsi ilə Azərbaycan mətbuatının təməli qoyuldu.  Bu gün artıq  144 ilə yaxın  tarix yolu keçmiş milli mətbuatımızın əsaslarında fəaliyyət göstərən  bir çox  çap media nümunələri mövcuddur.  Bunlara misal olaraq “Səs”, “Yeni Azərbaycan”, “Yeni Müsavat”, “İki sahil”, “Kaspi”, “525-ci qəzet”, “Bakı Xəbər” qəzetlərinin adlarını çəkə bilərik.  

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının yanvarın 31-də keçirilmiş iclasında qəzetlərin maliyyələşdirilməsinə dair  yeni tələblər müzakirə edilərək qəbul olunub. Tələblərə əsasən,  bundan sonra son üç ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər KİVDF tərəfindən maliyyələşdiriləcək. Bundan əvvəl əgər qəzetin 1000 nüsxəsi abunə, satış yolu ilə realizə edilirdisə, artıq bu tələb artıb. Fondun təqdim etdiyi tələblərə cavab verən mətbu orqanları  əvvəlki qaydada maliyyə yardımı alacaqlar, əvvəlki kimi fəaliyyətlərini davam etdirə biləcəklər. Bu tələblərə cavab verməyən mətbu nəşrlərin fəaliyyətləri  isə qəzetin rəhbərliyindən, kollektivdən asılı olacaq.

Fondun son iclasından  sonra  “qəzetlərin fəaliyyəti dayanacaq”, “daha qəzet çıxmayacaq” kimi suallar cəmiyyət arasında qeyri-müəyyən məqamların, anlaşılmazlıqların yaranmasına səbəb olub.

Bakı Dövlət Universitetinin  Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, filologiya  elmləri doktoru, professor Cahangir  Məmmədli mövzu ilə bağlı  “İki sahil”ə  açıqlamasında bildirdi ki,  ictimaiyyətin nəzarətində nə qədər çox informasiya resursu olarsa, cəmiyyət bir o qədər açıq və aşkar olar: “Bu informasiyanı almaqda cəmiyyət ən çox peşəkar kütləvi informasiya vasitələrinə ümid bəsləyir. Çünki  mətbuat gündəlik informasiya axınını “ələkdən keçirib”, ictimai maraq kəsb edən xəbərləri seçir və yığcam, təmiz, məsuliyyətlə xalqa  çatdırır. Qəzetlər sırasında Azərbaycan dövlətçiliyini daim dəstəkləyən, azərbaycançılıq ideyalarını bütün dünyaya yayan, cəmiyyətə ciddi  səmərə verən, oxucularda  xüsusi ictimai rəy formalaşmasına xidmət edən  mətbu nəşrlər var. Bu cür qəzetlərin maliyyədən uzaqlaşması, sonralar isə maliyyə çətinliyi baxımından  fəaliyyətini dayandırması bir oxucu  kimi mənim üçün  əsl faciə ola bilər.”

Cahangir  Məmmədli, həmçinin əlavə etdi ki, çap mediası dəqiq, qərəzsiz, obyektiv və balanslı formada işləyən  ən qabaqcıl media növüdür.  Düşünürəm ki, ənənəvi medianın süqutu haqqında düşünmək çox  böyük səhv olardı: “Kütləvi informasiya vasitələrinin ən əsas növü olan çap mediasının mövcudluğu bütün dövrlər üçün zəruridir. İnformasiya  mübadiləsi üçün qəzetlərin mövcudluğunu çox labüd hesab edirəm. Hər hansı bir dövr üçün ənənəvi medianın  tamamilə sıradan çıxmasını düzgün hesab etmirəm. Unutmaq olmaz ki,   milli mətbuatımızın əsası uzun illər öncə məhz qəzetlə  qoyulub. Qəzetlərə pul  ayrılmamasının yazılı mətbuat dövrünün sona çatacağı iddiası ilə heç bir əlaqəsi yoxdur”.

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu  isə  qeyd etdi ki, çap mediası keyfiyyətcə yeni mərhələyə qədəm qoyur: “Bu gün onlardan daha təkmil, mükəmməl, operativ, oxunaqlı olmaq kimi keyfiyyətlər tələb olunur. Çap mediasını yeni mərhələdə keyfiyyətdə yaşatmaq üçün yeni forma, üslub düşünülməlidir. Azərbaycanda çap mediasının yaşaması birbaşa Azərbaycan Prezidentinin qayğısı və himayəsi sayəsində mümkün olub və bundan sonra da Azərbaycan çap mediası daim yaşayacaqdır”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət də sözügedən məsələ ilə bağlı  mövqeyini bildirdi: “Müəyyən mənada qəzet bir biznesdir. Biznes sahibi isə ö növbəsində biznesinin uğurlu, gəlirli  fəaliyyəti və inkişafı üçün müəyyən addımlar atmalıdır. Dövlətin qəzeti əbədi maliyyələşdirmək kimi  heç bir öhdəliyi yoxdur.  Dövlət əlavə olaraq  maliyyə dəstəyi verirsə, bunun  üçün sadəcə təşəkkür etmək lazımdır.”

Həmsöhbətimiz onu da əlavə etdi ki,   bundan sonra media nümayəndələri onlayn media üzərində daha çox işləməyi qarşılarına əsas məqsəd olaraq qoymalıdırlar.  Fəaliyyətlərini bu prinsip üzərinə yönəltməlidirlər: “İnternet üzərindən çevik, əhatəli, uyğun media forması haqqında düşünmək lazımdır. Mövcud saytların tərtibatı, məzmunu, xəbərləmə imkanı  üzərində  çox ciddi şəkildə düşünülməlidir. Bütün bu çağırışlara, tövsiyələrə məhəl qoymayıb, əhəmiyyət verməyən  media qurumlarının sonda fəaliyyətlərini dayandırmasında nə dövlət, nə KİVDF məsuliyyət daşımır”.

Azər Həsrətin qənaətinə görə, dövrün tələbindən asılı olaraq ənənəvi media sahəsində edilən bu cür dəyişikliklərə yalnız müsbət tərəfdən yanaşmaq lazımdır. İnkişafa, yenilənməyə, dəyişimə doğru addım atılmalıdır: “Belə olduqda bundan sonra daha  bir 144 ildə keçsə  də ənənəvi media öz varlığını qoruyub saxlaya bilər.”

Yaqut Ağaşahqızı, “İki sahil”