14 noyabr 2019 19:17
943

Ərdoğandan ermənilərə tərs sillə...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan okeanın o tayına səfəri çərçivəsində bir sıra görüşlər keçirib. ABŞ prezidenti Donald Tramp və  Ərdoğan arasında Ağ Evdə baş tutan görüşdən sonra gözlənilməz hadisə baş verib. Belə ki, bu ərəfədə  Konqresin demokrat senatoru Bob Menendez 1915-ci ildə Osmanlıda baş verən hadisələri “erməni soyqırımı” kimi tanıyan qərar layihəsinin məclisdə səsverməyə çıxarılmasını tələb edib.

Lakin Respublikaçı senator Lindsi Qraham isə səsverməyə qətiyyətlə  veto qoyub. Senator  verdiyi açıqlamada “Qısa müddət əvvəl Türkiyənin hərbi əməliyyatına görə Suriyada qarşılaşdığımız problemlər haqqında  Prezident  Ərdoğan və Tramp ilə görüşdüm. Ümid edirəm ki, Türkiyə ilə Ermənistan bir araya gələr və bu problemi müzakirə edər. Senatorlar tarixi yenidən yazmamalıdır və onu baş verdiyindən fərqli göstərməməlidir. Qərar keçmişə baxaraq deyil, Türkiyə-ABŞ münasibətlərinə baxaraq alınıb”.

Vurğulamaq lazımdır  ki, ABŞ Senatında səsverməyə çıxarılacaq hər hansı layihəyə  bir senator tərəfindən belə veto qoyulursa həmin layihənin müzakirəsi dayandırılır. Xatırladaq ki, ABŞ Nümayəndələr Palatası keçən ayın 29-da 1915-ci il hadisələrini qondarma “soyqırımı” kimi tanıyan qərar  layihəsini səsvermə ilə qəbul etmişdi. Ermənilər bunu bayram sevinci ilə qeyd edirdilər. Lakin Türkiyə Prezidentinin bir çıxışı ilə ermənilər yasa batdılar.

Burada diqqət çəkən bir məqam var ki, o da Türkiyə Prezidenti Ərdoğanın senatorlarla görüşündən sonra senator Linqsi Qraham öz veto hüququndan istifadə edib. Beləliklə, bütün ermənilərin həsrətlə bəslədikləri ümidlər bu dəfə də puça çıxıb. “Yalan ayaq tutar, yeriməz”.  Onlara daha inanan yoxdur, ona görə də uydurma “soyqırım” məsələsi gündəmə gətiriləndə ən nüfuzlu səviyyələrdə-beynəlxalq təşkilatlarda və toplantılarda dövlət xadimləri və alimlər “ Bu siyasi məsələ deyil, bu məsələni tarixçilər araşdırmalıdırlar”-deyirlər.

Vəli İlyasov, “İki sahil”