03 iyun 2020 15:22
856

Erməni deputat: Azərbaycan KTMT-ya üzv olarsa Ermənistanın problemləri daha da artacaq

Prezident İlham Əliyevin son 15 ildə həyata keçirdiyi davamlı sosial-iqtisadi islahatlar ölkəmizi regionda önəmli söz sahibinə çevirməklə yanaşı, bir çox ölkə və təşkilatların da Azərbaycanla əməkdaşlıq etməsini arzuolunan edir. Sirr deyil ki, regionda olan ölkə və təşkilatlar Azərbaycanla bir çox sahədə əməkdaşlıq etmək istəklərini açıq-açıq elan edirlər. Buni isə torpaqlarımızı işğal altında saxlayan Ermənistan kimi ölkələr təbii olaraq həzm edə bilmirlər. Ermənistanı qıcıqlandıran növbəti bir məsələ isə Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olması ilə bağlı rəsmi Moskvanın səsləndirdiyi fikirlərdir.

Belə ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov bugünlərdə KTMT Xarici İşlər Nazirləri Şurasının iclasından sonra onlayn birfinq zamanı bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı və MDB gələcəkdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tərəfdaşları statusunu ala bilər. Rus hərbi analitik Vladimir Yevseyev isə bildirib ki, indiki halda Moskvanın KTMT sıralarında görmək istədiyi ölkələrdən biri məhz Azərbaycandır. Yevseyevin sözlərinə görə, bu barədə zaman-zaman danışılır və qeyd edilən istiqamətdə danışıqlar istənilən vaxt aktivləşə bilər, çünki Azərbaycanın bənzər status üçün imkanı var: “Düzdür, Rusiya Xarici İşlər naziri iddiaçılar siyahısında Azərbaycan barədə birbaşa qeyd etməyib, çünki Azərbaycandan bənzər müraciət yoxdur. Amma Rusiya Azərbaycanı təşkilatın sıralarında görmək marağını da heç vaxt gizlətməyib”. “Əgər təşkilatlar da bənzər statusu ala bilərsə, MDB və Azərbaycanın müşahidəçi statusu alması mümkündürmü” sualına Yevseyev belə cavab verib ki, bu barədə Rusiya Xarici İşlər naziri tərəfindən danışılıb, bunun məqsədi KTMT-nin təsir zonasını və ümumi mənada KTMT-ni genişləndirməkdir: “Bu barədə bəyanatlar göstərir ki, müəyyən proseslər və müzakirələr olub, təşkilat tərəfindən müraciət var. Ermənistan bundan narazı olsa da onun mövqeyi Rusiya və digərləri üçün arxa plandadır”.

Ermənistan parlamentinin deputatı Arman Babacanyan da bildirir ki, Azərbaycan qurumda hansısa formada təmsil olunmaq istəsə, İrəvan bunun qarşısını almaqda aciz olacaq: “Rusiya Azərbaycanı burada görmək niyyətini gizlətmir. Həyat göstərir ki, bu struktur Ermənistanın təhlükəsizliyinin təmin edilməsi işində hər hansı praktik əhəmiyyət və rola malik deyil. Bu vəziyyətdə Azərbaycanın ora üzv olması Bakı üçün hansısa çətinlik də yaratmayacaq. Amma o halda Ermənistanın problemləri daha da artacaq”.

Ümumiyyətlə, İrəvanda belə hesab edilir ki, Azərbaycan hansısa formada KTMT-də təmsil olunsa, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın mövqeləri daha da zəifləyəcək. Çünki münaqişə yenidən aktiv fazaya keçəcəyi təqdirdə Ermənistan hansısa formada KTMT-dən, xüsusən də Rusiyadan yardım ala biləcəyinə hələ də ümidlər bəsləyir. Amma digər KTMT üzvləri Ermənistanın bu niyyətlərinin qətiyyən reallığa söykənmədiyini dəfələrlə rəsmi mövqeləri ilə nümayiş etdiriblər. Göründüyü kimi, Azərbaycanın təşkilatda hansısa formada təmsil olunması Ermənistan üçün növbəti böyük zərbə sayılır. Rusiyalı ekspert Yevgeni Mixaylov da qeyd edir ki, istənilən halda Azərbaycan istəsə, Ermənistanın narazılığına baxmayaraq, KTMT-də müşahidəçi statusu alacaq.

Taleh Bağırov,

“İki sahil”