15 noyabr 2019 18:21
195

Erməni deputatlar Vaşinqtonda sual atəşinə tutulublar

Noyabrın 14-də Vaşinqtondakı Alman Marşal Fondunda keçirilən və ABŞ-da səfərdə olan Ermənistan parlamenti spikerinin müavini Vahe Enfiajyanın, Lilit Makuntsun (Paşinyanın “Mənim addımım” alyansının rəhbəri), Edmon Marukyanın və Tatevik Hayrapetyanın çıxış etdikləri “Ermənistanda məxməri inqilabın vədləri: demokratik islahatların irəli aparılması və ABŞ ilə strateji əməkdaşlığın gücləndirilməsi” adlı tədbir erməni parlamentarilər üçün uğursuzluqla nəticələnib. Ermənistanın yeni hökumətinin təbliğinə yönələn bu tədbirə bir neçə həftə hazırlıq görülsə də, iclasa cəmi 13-14 nəfər qatılıb. Bu, bir daha Ermənistanın “islahat” iddialarına ABŞ tərəfindən skeptik yanaşmanı nümayiş etdirir. Bununla yanaşı, Türkiyə Prezidentinin ABŞ-a səfəri erməni deputatlarının bu səfərini kölgədə qoyub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən erməni deputatlar iddia olunan “demokratik islahatlar”ın mahiyyəti məsələsinə aydınlıq gətirməyib, iqtisadiyyatın gücləndirilməsi və Ermənistan əhalisinin rifahının yaxşılaşdırılması istiqamətində Paşinyan hakimiyyətinin hansı işlər gördüyü barədə suallara cavab verməyiblər. Erməni parlamentarilər “məxməri inqilab” adlandırdıqları prosesin xarici siyasətdə dəyişikliyə səbəb olmayacağı barədə tezisi təkrarlayıblar. Onlar ABŞ-la strateji dialoqa başladıqlarını qeyd etsələr də, bu dialoqun hansı məzmuna malik olduğu ilə bağlı sualın cavablandırılmasında çətinlik çəkiblər.

“Ermənistanın sülh səylərinə sadiq olduğu” və “Ermənistan və Azərbaycan ilə yanaşı, “Dağlıq Qarabağ əhalisi”nə sərf edən həll yolunun tapılmasına çağırış”a dair Paşinyan hakimiyyətinin mövqeyini təkrarlanması qarşılığında Azərbaycan diplomatı tərəfindən verilən sual erməni parlamentarilər arasında çaşqınlıq yaradıb. Belə ki, onlar Azərbaycanın işğal olunmuş ərazilərindən 750 mindən çox əhalinin qovulması, eləcə də məcburi köçkünlərin geri qayıtmaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bölgənin gələcək statusunun müəyyənləşdirilməsi barədə münaqişənin həlli mexanizmi kontekstində “Dağlıq Qarabağ əhalisi” anlamının hansı mənanı ifadə etməsi, habelə bir qonşu ölkənin ərazisinin işğalının, digərinə (Türkiyə) qarşı isə ərazi iddialarının Ermənistanın “demokratik və islahatçı” siyasətinə nə dərəcədə uyğun gəlməsi ilə bağlı suallarına cavab verə bilməyiblər.

Bununla yanaşı, tədbirdə Ermənistanın ABŞ-ın maliyyə dəstəyi ilə tikdiyi bioloji laboratoriyalara Rusiyanın girişinə icazə verməsinin ABŞ tərəfinə necə izah olunduğu və Ermənistanda Rusiya bazasının saxlanmasının hansı məqsədlərə xidmət etdiyi ilə bağlı Azərbaycan əsilli jurnalist Rafiq Qurbanzadə tərəfindən verilən suallar erməni deputatların narahatlığına səbəb olub. Bundan əlavə, erməni parlamentarilər digər iştirakçıların Ermənistanda məhkəmə islahatlarının müddəti, Suriyaya missiya göndərməsinin səbəbləri, ABŞ ilə əməkdaşlığın məzmununun nədən ibarət olduğu barədə suallarına olduqca səthi cavablar verməklə kifayətləniblər.

Beləliklə, erməni parlamentarilərin çıxışları Ermənistanda iddia edilən “islahatlar”la bağlı məlumat kasadlığı ilə yanaşı, ünvanlanan suallara əsassız və səthi cavab vermələri ilə yadda qalıb.