KÖŞƏ

Taleh Bağırov

Erməni sevdalısı Əli Kərimli

29 avqust 2019 11:40
3248

Azərbaycanın inkişafını gözü götürməyən, demokratik dəyərlərimizə kölgə salmaq istəyən dağıdıcı müxalifət və xarici ölkələrə sığınan bəzi antimilli ünsürlər yenə də bilərəkdən və ya bilməyərəkdən erməni dəyirmanına su tökməkdə davam edirlər. Azərbaycanı yerli-yersiz tənqid etmək, müxtəlif yalanlar və böhtanlarla onun imicini zədələmək yolu seçmiş radikal müxalifət və onun mühacir qanadı Ermənistan faktorundan istifadə etməyə başlayıb.

Son zamanlar internet TV kanallarında Ermənistanı “inkişaf edən”, “çiçəklənən” ölkə obrazında təqdim etmək naminə Əli Kərimlinin saxta rəqəmlər səsləndirməsi deyilənlərə ən yaxşı nümunədir. Təbii ki, bununla dağıdıcılar öz qara məqsədlərinə çata bilmirlər, çünki yalan məlumatları sırımaq istədikləri Azərbaycan xalqı hər şeyin fərqindədir, nəyin düzgün, nəyin yanlış olduğunu çox yaxşı bilir. Ancaq narahatedici məqam odur ki, belə hərəkətlərlə onlar erməni dəyirmanına su tökürlər. Heç şübhəsiz ki, fürsətcil ermənilər həmişə olduğu kimi, Azərbaycan müxalifətinin Ermənistanı “demokratik”, Azərbaycanı isə “qeyri-demokratik” ölkə kimi qələmə vermək cəhdlərindən Dağlıq Qarabağı Azərbaycandan ayırmaq istiqamətində apardıqları təbliğatda istifadə edəcəklər. Bu nüans Azərbaycan xalqını haqlı olaraq narahat edir. İmkan verilməməlidir ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistana heyranlığını gizlətməyən müxalifət və onun mühacir qanadı öz çirkin təbliğatı ilə ölkəmizin hörmət və nüfuzu üzərinə kölgə salsın, siyasi proseslərdə xarici qüvvələrin əlində alətə çevrilsin.

Dağıdıcıların və xaricdəki antimilli qüvvələrin dövlətə və dövlətçiliyə qarşı yönəlmiş bu tip əməlləri kifayət qədərdir. Təkcə bu faktın özü bir daha ermənipərəstlərə sığınaraq Azərbaycan dövlətinə və xalqına xəyanət edən dağıdıcı müxalifətin əsl məqsədini, simasını bir daha ortaya qoyur. Erməni lobbisi tərəfindən maliyyələşən və onların sifarişləri əsasında hərəkət edən “beşinci kolon” bir daha öz-özünü ifşa edir. Beləliklə, ermənipərəst mərkəzlərin yaratdıqları xəyanət, şər-böhtan şəbəkəsinin üzvü olan, xaricdə məskunlaşaraq mühacir pərdəsi altında gizlənən antimilli ünsürlər özləri də bilmədən tarixən Azərbaycana qarşı ərazi iddiasında olan erməniləri müdafiə edirlər. Lakin özləri də bilirlər ki, zaman-zaman Azərbaycan xalqı, milli ruhlu bütün siyasi qüvvələr xarici himayədarlar və pullar hesabına antiazərbaycan təbliğatı aparanlara, onların erməni heyranlığına vətəndaş həmrəyliyi ilə, dövlət və dövlətçilik ətrafında daha sıx birləşməklə layiqli cavab verir və bundan sonra da verəcək.