13 fevral 2019 11:12
1005

“Erməni soyqırımı”nı gündəmə gətirənlər, işğalçıya ianə toplayanlar...

Qan yaddaşımız, faciəmiz olan Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərdə kütləvi qırğınlar törədən, ən qatı terror təşkilatlarında təmsil olunan ermənilərin vəhşilikləri bütün dünyaya bəyan edilir, erməni faşizminin cinayətləri açıqlanır, sülhə, sabitliyə ən ciddi təhlükə olan daşnak siyasəti lənətlənir.

Artıq bütün dünya xalqları dərk edirlər ki, illərdən bəri kriminal, xunta rejiminin idarə etdiyi Ermənistanın separatizm siyasətinin tərkib hissəsi olan terrora dəstək bu qaniçən millətin irsi xəstəliyidir.

Erməni lobbisinin hakimiyyətə təsir imkanlarının çox olduğu Fransada “erməni soyqırımı” ifadəsinin zaman-zaman aktuallaşması da səbəbsiz deyil. Bir neçə il bundan əvvəl Fransa Parlamentinin Milli Assambleyasının Nümayəndələr Palatasında “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin müzakirəsi keçirildi. Layihəyə görə, altmış milyondan artıq əhalisi olan Fransada “erməni soyqırımı”nı tanımayanlar ya bir il həbs cəzası çəkməli, yaxud 45 min avro ilə cərimələnməli idilər. Əslində insan hüquqlarının ən yüksək səviyyədə pozulduğunu göstərən layihə demokratik dəyərlərə etinasızlıq, insan hüquqlarının pozulmasını təsdiqləyən əsassız sənəd idi. Yəni 500 min nəfərlik erməni icmasının düşüncəsi fransız xalqının milli mənafeyindən, dövlət maraqlarından üstün tutulurdu. O zaman  antidemokratik  məqsədləri dəstəkləməyən xalqın etirazlarını nəzərə alan bu ölkənin Konstitusiya Məhkəməsi tərəfindən layihə ləğv olundu. O mərhələdə siyasətçilər, politoloqlar Fransa Senatının Türkiyəyə qarşı ədalətsiz mövqeyini çox düzgün olaraq söz və vicdan azadlığına məhdudiyyət kimi dəyərləndirdilər.

Əslində “erməni soyqırımı”nı “xatırlamaqla” iqtisadi qüdrəti getdikcə möhkəmlənən Türkiyənin Avropa İttifaqına daxil olmasının qarşısının alınması üçün təxribatlar aparan qitə dövlətlərinin hər biri erməni terroruna məruz qalmışdı.

Türkiyə-Azərbaycan birliyinin nəticəsi olan qlobal enerji layihələrinə artan marağa qısqanclıqla yanaşan Avropa dövlətləri hər cəhdlə qardaş ölkənin Aİ-yə qəbuluna əngəl törədirdilər.

Fransada törədilən terrorların əsas iştirakçısı olan Qurgen Markaryanın “Xidmət zamanı göstərdiyi mərdlik və fədakarlığa görə” ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilməsi, Orli aeroportunda günahsız insanların, əsasən fransızların həyatına son qoymuş bomba partlayışının “ müəllifi”, Fransa məhkəməsi tərəfindən məhkum edilmiş və 2001-ci ildə Parisdən Yerevana ekstradisiya olunmuş “ASALA”-nın Fransa bölməsinin başçısı Varujan Karapetyana “milli qəhrəman” adı verilməsi erməni- fransız əməkdaşlığının səviyyəsini göstərirdi.

Fransa Milli Assambleyasında keçirilən tədbirdə iştirakçılara Xocalı soyqırımını xatırladan azərbaycanlı tələbə Vüsal Hüseynovun və Mirvari Fətəliyevanın fransız deputat Fransua Roşebloun və ermənilər tərəfindən vəhşiliklə döyülməsi də “erməni məhəbbətinin” daha bir nümunəsi idi.

Xatırladaq ki, Ermənistan-Türkiyə sərhədlərinin açılmasına, təcavüzkar dövlətin iqtisadi durumunun yaxşılaşdırılmasına yönəlmiş “Surix protokolu”nun imzalanmasında da  belə “ssenarilərdən” istifadə olunmuşdur. Siyasətin təxribat formatından istifadə etməklə Türkiyənin getdikcə artan regional güc və nüfuzuna xələl gətirmək istəyən Fransa rəsmiləri belə qadağaları ilə xalqı bir vətəndaş kimi ölkədə baş verən hadisələrə münasibət bildirməyə yox, yalnız seyrçi qalmağa vadar edirlər. Əsində Türkiyənin Aİ-yə qəbuluna müxtəlif bəhanələr gətirməklə əngəl törədən, embarqolardan istifadə edən qitə dövlətləri Fransadan istifadə etməklə məqsədlərinə nail olmağa çalışırlar. Bəzi dövlətlər əvvəlcə “erməni soyqırımı”nı tanısalar da tarixi həqiqətləri öyrəndikdən sonra qərarlarından imtina edirdilər. İqtisadi, sosial çətinliklər məngəsində sıxılan Ermənistanın hazırkı baş naziri Nikol Paşinyana dəstək olmaq istəyən erməni lobbisinin olmayan “soyqırımı” Fransada yenidən gündəmə gətirməsində məqsədi işğalçı ölkəyə ianə toplamaqdır.

Amma tarixi həqiqətlərin işığında bəzi qaranlıq məqamları aydınladanlar da az deyil. Əsrlərdən bəri Afrikada, Asiyada xalqları kölə vəziyyətində saxlayan, əzab və işgəncələrlə milyonların həyatına son qoyan dövlətlər arasında Fransanın “payı” az deyildir.

Əlcəzairdə 800 mindən artıq dinc əhalinin qətlə yetirilməsində, Ruandada törədilən soyqırımda əli olan fransız əsgərlərinin cinayətləri qan-qada ilə yazılmış tarixin səhifələridir. Daşnakların yalanlarına inanan Fransanın ermənipərəst parlamentariləri özlərinin tarixini araşdırmaq əvəzinə başqalarının keçmişini təftiş etməklə bəşəri dəyərlərə yad olan belə qərarlara tərəfdar çıxırlar.

Fransada erməni təəssübkeşliyi yenə gündəmdədir. Fransa Erməni Təşkilatları Əlaqələndirmə Komitəsinin illik ziyafətində iştirak edən Prezident Emmanuel Makron seçkiqabağı kampaniyasında Fransa təqviminə 24 aprel tarixini qondarma “erməni soyqırımı” ilə bağlı anım günü elan etmək niyyətini açıqlamış və bu tarixin təqvimə salınacağı vədini vermişdir.

Fransanın türk dünyasına “münasibətini” təmsil olunduğu ATƏT-in Minsk qrupundakı ermənipərəst mövqeyi də təsdiq edir.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda, BMT-də Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar müzakirələrdə daim erməniləri müdafiə edən Fransanın “Bir millət, iki dövlət” olan Türkiyə-Azərbaycan dostluğuna  qısqanclıqla yanaşması da erməni məkrindən qaynaqlanır.

Xuraman İsmayılqızı, “İki sahil”