13 avqust 2020 18:19
1356

Erməni terrorizmi ümumbəşəri bəladır                

İndiyədək dünyada 150 - dən çox terror aktı törədən ermənilər həmişə insanlıq əleyhinə olunan qanlı cinayətlərin həm iştirakçısı, həm də bilavasitə dəstəkvericisi olublar. Onların müxtəlif adlar altında yaratdıqları terror təşkilatları bir çox ölkələrdə minlərlə günahsız insanların həyatına son qoyub. Ötən əsrin 70-ci illərinin ortalarında Livanda yaradılan “Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu” (ASALA) təşkilatının üzvləri həmin dövrdən başlayaraq Türkiyədə və Avropa ölkələrində müxtəlif terror aktları həyata keçirməkdədir. Təşkilatın lideri Akop Akopyan 1980-ci ildə Afinada qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürərək “Nyu-York Tayms” qəzetinə müsahibəsində bildirmişdir: “Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir.” Bununla yanaşı, 1980-ci ilin aprelində Livanda terror aksiyalarının keçirilməsinə dair ASALA PKK ilə  birgə razılığa gəlmiş və bu  niyyətlərini rəsmiləşdirmişlər. Beyrut şəhərində 1993-cü il avqustun 28-də açıqlanan bəyanatında ASALA “pantürkist neft borusu” (Bakı-Tbilisi-Ceyhan nəzərdə tutulur) adlandırdığı layihənin həyata keçirilməsinə imkan verməyəcəyini bildirmişdi.

Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılmış “Orli qrupu”1981-ci ildən 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı törətmişdir.

1987-ci ildə Xankəndi, Azərbaycan. Erməni lobbisinin maliyyə dəstəyi və iştirakı ilə “Dağlıq Qarabağın İnqilabi İdarə Komitəsi” – “KRUNK” yaradılmışdır. “KRUNK”un sıralarında Yaxın Şərqdən olan xarici muzdlular da döyüşürdürlər. Təşkilatın ideoloji işlərinə Ermənistanın sabiq prezidenti Robert Koçaryan rəhbərlik edirdi. Hazırda təşkilat dünyanın müxtəlif ölkələrində Dağlıq Qarabağ münaqişəsinin tarixi və qondarma “erməni soyqırımı”na aid materialların yayılması ilə məşğul olan “Erməni mədəniyyət mərkəzi” kimi fəaliyyət göstərir.

1988-ci ildə  Moskvada yaradılmış “Erməni birliyi”nin ASALA ilə sıx əlaqələri olmuş və keçmiş sovet məkanında erməni terror təşkilatı üzvlərini saxta sənədlər və pulla təmin etmiş, eləcə də Qarabağa silah və muzdluların göndərilməsində iştirak etmişdir.

1991-ci ildə  Fransada yaradılmış “Erməni azadlıq hərəkatı” (AOD) Avropanın bir sıra ölkələrində çoxsaylı insan tələfatına səbəb olan terror aksiyaları həyata keçirmişdir. Həmim illərdə yaradılan  “Azadlıq pələngləri” (“Freedom Tigers”) təşkilatının  üzvləri Qarabağda gedən döyüşlərdə iştirak etmiş, dinc əhaliyə qarşı cinayətlər törətmişlər.

ASALA tərəfindən 2001-ci ilin fevralında  yaradılmış “Geqaron” terror təşkilatının əsl məqsədi Cənubi Qafqaz və Orta Asiya ərazilərində türk mənşəli siyasi lider, diplomatlara qarşı terror aktlarının törədilməsi olub.

Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılmış “Apostol” təşkilatı da Türkiyə və Azərbaycan ərazilərində terror aktlarını həyata keçirməyi başlıca məqsəd olaraq qarşıya qoymuşdur.

ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərən “Demokratik cəbhə” qrupunun niyyəti Türkiyə dövlətinin parçalanmasıdır. Avropanın bir çox ölkələrində fəaliyyət göstərən “İsveçrə qrupu” adlı təşkilat Fransa, İtaliya və Yunanıstanda keçirilmiş 4 terror aktının məsuliyyətini öz üzərinə götürmüşdür. Adı çəkilən erməni terror təşkilatları öz “missiyalarını” yerinə yetirdikdən sonra da qeyri-leqal şəraitdə fəaliyyətlərini davam etdirmişlər.

Ermənistan dövlətinin və erməni diasporunun maliyyə və təşkilati yardımı ilə dünyanın müxtəlif  ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarsı həyata keçirdikləri terror aktları 1980-ci illərin ikinci yarısından başlayaraq ardıcıl xarakter almışdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun isğalı zamanı kütləvi vahimə yaratmaq, çoxsaylı insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hətta hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur.

Beynəlxalq terrorizmə qarşı mübarizə aparılan müasir dövrdə  erməni terrorçuları çox rahat şəraitdə yaşayır və Ermənistan davamlı olaraq dövlət terrorizmi siyasəti  yürüdərək onları himayə edir.

Vaxtilə Suriya mənşəli ABŞ vətəndaşı, məşhur erməni  terrorçusu Monte Melkonyan Qərbi Avropada “ASALA-nın inqilabi hərəkatı” adlı qruplaşmanın rəhbəri kimi, uzun illər axtarışda olmuşdur. 1985-ci ildə 6 il müddətinə həbs olunmuş, lakin erməni lobbisi, eləcə də erməni terror təşkilatlarının təzyiqi nəticəsində Fransa həbsxanasından 1990-ci ildə vaxtından əvvəl azadlığa buraxılaraq terror fəaliyyətini davam etdirmək üçün Ermənistana gətirilmişdir. Buradan Dağlıq Qarabağa göndərilərək dinc azərbaycanlılara qarşı həyata kecirilən terror əməliyyatlarının iştirakçısı olmuşdur. O, Avropada, xüsusilə Fransada neçə illər ərzində türk diplomatlarına, Türk Kültür Ocaqlarına qarşı həyata keçirilən terror aktlarına birbaşa başçılıq etmişdir. Beynəlxalq terrorçu M.Melkonyan Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı erməni terror dəstəsinin komandiri olmuşdur. O, xüsusilə 1992-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində, Xocalıda azərbaycanlıların xüsusi qəddarlıqla qətlə yetirilməsinə başçılıq edənlərdən biri olmuşdur.1993-cü il iyunun 12-də Dağlıq Qarabağda öldürülən “Avo” ləqəbli bu beynəlxalq terrorçunun Yerevanda keçirilən dəfn mərasimində rəsmi şəxslər, o cümlədən Ermənistan prezidenti də iştirak etmişdir. Ermənistanın milli qəhrəmanı elan olunmuş terrorçunun adı Müdafiə Nazirliyinin diversiya mərkəzlərindən birinə verilmiş, eləcə də onun Xankəndi və Yerevanda heykəli qoyulmuşdur.

ASALA terror təşkilatının Fransa bölməsinin başçısı Varjuan Karapetyan  Orli hava limanında törətdiyi terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş, 2001-ci ilin aprelində Fransadan Ermənistana ekstradisiya edilərək  Ermənistan prezidenti tərəfindən əfv edilmişdir.

 “Daşnaksütyun” partiyasının üzvü  Misak Torlakyan Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri Behbud xan Cavanşiri Türkiyənin İstanbul şəhərində qətlə yetirmişdir. Osmanlı imperiyasının Daxili İşlər naziri Tələt paşanı Berlində qətlə yetirmiş Soqomon Teyleryan  həbs edilsə də, sonradan Berlin məhkəməsi tərəfindən ona bəraət verilmişdir.

ASALA-nın lideri Akop Akopyan Münxendə keçirilən Olimpiya Oyunlarında İsrail idmançıların öldürülməsinin fəal iştirakçısı olmuşdur.

Türkiyənin Los-Ancelesdəki Baş konsulu Mehmet Baydar və bu şəhərdəki konsulu Bahadır Dəmir  erməni terrorçusu Qurgen Yanikyan  tərəfindən qətlə yetirilmişlər.

Ermənistan  Milli Təhlükəsizlik Bas İdarəsinin şöbə rəisi Caan Oqanesyanın rəhbərliyi ilə 1992-1994-cü illərdə Rusiyadan Bakıya gələn sərnişin qatarlarında silsilə partlayışlar törədilmişdir.

Eləcə də idarənin əməkdaşı Aşot Qaloyan, Rusiya Federal Əks-Kəşfiyyat Xidmətinin terrorizmlə mübarizə idarəsinin baş əməliyyat müvəkkili Boris Simonyan “Moskva-Bakı” sərnişin qatarlarında partlayışların təşkilatçıları olmuşlar.

Tarıxdə ermənilərin bir çox ölkələrdə həyata keçirdikləri terror və soyqırımlara Azərbaycan xalqı daha çox məruz qalıb. Bakı şəhərində metrolarda yüzlərlə insanın ölümünə səbəb olan partlayışlar, Azərbaycan Dövlət Neft və Sənaye Unversitetinində törədilmiş qanlı olay müstəqillik tariximizdə erməni terrorçularının Dağlıq Qarabağın işğalından sonra etdikləri son vəhşiliklərdir ki, bu da dünya ictimaiyyətinə yaxşı məlumdur. Dünya artıq yaxşı dərk edir ki, harada erməni terror təşkilatı varsa, orda dəhşətli ölüm kabus dolaşır.

Ermənisatanın rəhbərləri isə ümumbəşəri bəla olan terrorçuları qəhrəman zirvəsinə yüksəldərək onlara abidə qoymaqla ümumbəşəri dəyərləri saymadıqları və özləri üçün əsas dəyərin yalnız erməniçilik olmasını həyasızcasına bəyan etməkdən zövq alırlar.

Nurəddin Muğanlı, “İki sahil”