14 iyun 2019 10:32
366

Erməni uğursuzluğuna susan orduxanlar...

Fransanın Serji-Pontuaz məhkəməsinin Arnuvill şəhərinin qondarma Dağlıq Qarabağdakı qondarma qurumu təmsil edən Şəhər inzibati bölgəsi ilə “Dostluq haqqında xartiya”sını ləğv etməsinin ardınca Qrenobl inzibati məhkəməsi tərəfindən də bənzər qərarın çıxarılması separatçı rejimin  beynəlxalq miqyasda tanıdılması cəhdlərinin iflasa uğradığını göstərir. Bu isə o deməkdir ki, Fransa ermənilərin ümidlərini puç, gözləntilərini isə alt-üst etməkdə davam edir. Fransa məhkəmələrinin bu addımlarını, eyni zamanda, beynəlxalq ictimaiyyətin separatçılıq  meyillərini qınamasının növbəti təzahürü kimi də dəyərləndirmək olar.  Qeyd edək ki, xartiyalar Fransanın xarici siyasət kursuna və beynəlxalq öhdəliklərinə zidd idi, həm də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi bu ölkənin bitərəfliyini şübhə altına salırdı. Digər tərəfdən, onların 26 ildən bəri işğal altında olan Azərbaycan ərazilərindəki qondarma rejimin təmsilçiləri ilə belə sənədlər imzalamaq hüquqları yox idi. Ona görə də məhkəmələrin qərarları ilə həm Arnuvill, həm də Qrenobl merinə qarşı Fransa hökuməti tərəfindən ölkənin regionları ilə əməkdaşlığa dair qanunun pozulması maddəsi ilə ittiham da irəli sürülüb. Bununla da Fransada Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimi legitimləşdirmək cəhdlərinin qarşısı alınıb.

Yeri gəlmişkən qeyd edək ki, Dağlıq Qarabağdakı separatçı rejimin “həyata keçirdiyi” bütün təşəbbüslər, seçkilər, referendumlar da qondarmadır. Yəni onların da heç bir hüquqi, sosial, mənəvi dəyəri yoxdur.

Siyasətçilərin fikrincə, Fransanın bəzi bələdiyyə orqanlarının başçılarının işğal olunmuş Azərbaycan ərazilərinə səfərləri əvvəlcədən məqsədyönlü şəkildə planlaşdırılaraq həyata keçirilmişdi. Bu mənada Fransa bələdiyyə başçılarının səfərləri həm də işğal və azərbaycanlıların etnik təmizlənməsi əsasında qurulan status-kvonun təşviqini həyata keçirmək baxımından birbaşa təxribat idi. Başqa sözlə desək, ermənilər belə “sənədlər”in imzalanması ilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin tanınmasına nail olmağa çalışırdılar.

Qeyd edək ki, Fransa məhkəmələrinin qərarları Azərbaycanın işğal olunmuş əraziləri ilə əlaqədar digər qanunsuz addımların da qarşısının alınmasına bir vəsilə olacaq. Şübhəsiz, bütün bunlar ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin, eləcə də beynəlxalq tribunalardan dəfələrlə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bəyan etməsinin nəticəsidir. Bu məsələdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın istər mədəni, istərsə də siyasi xarakterli görüşlərinin də kifayət qədər rolu olub.

Görülmüş bu kimi işlər öz Vətənini sevən hər bir soydaşımızı sevindirir.

Amma bu kimi məsələlər xaricdə yaşayan və ölkəmiz əleyhinə təbliğat aparan orduxanların maraq dairəsinə daxil deyil.  Yəni xaricdə bizə qarşı fəaliyyət göstərən “mühacirət müxalifəti” bir dəfə də olsun Dağlıq Qarabağdan danışmır. Çünki onlar, sadəcə, anti-Azərbaycan dairələrdən aldıqları təlimatlarla hərəkət edirlər. Odur ki, onlar adətlərinə uyğun olaraq Fransa məhkəmələrinin çıxardığı bu qərarlardan da bir kəlmə belə söz açmadılar. Daha doğrusu, yenə də ümummilli məsələdə susdular. Sosial şəbəkələrdə, eləcə də bəzi dairələrdə “milli mənafelərdən” danışan şəxslərin belə  məsələlərdə susqunluq nümayiş etdirmələri onlarda heç bir milli təssübkeşliyin olmadığını bir daha göstərdi. Xarici havadarlarından aldıqları sifarişlər əsasında qoynunda böyüyüb-başa çatdıqları doğma Vətənlərində sabitliyi pozmağa və bu yolla qarşıdurma yaratmağa cəhd göstərənlərin bu susqunluqları bir daha sübut etdi ki, onlara qrantları məhz respublikamızı gözdən salmaq üçün ayırırlar. Artıq hər kəsə bəllidir ki, müxtəlif yollarla xarici ölkələrə üz tutub çirkin kampaniyalara cəlb olunan antimilli ünsürlərin əməlləri öz dövlətinə və xalqına qarşı xəyanətdən başqa bir şey deyil.

Qvami Məhəbbətoğlu, “İki sahil”