04 dekabr 2019 20:28
1273

Erməni vandalizminin və təxribatının vəhdəti

Sumqayıt hadisələrinin əsl səbəbkarları qanun qarşısında cavab verməlidir

“Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi. Biz bunu açıq deməliyik. Çünki artıq neçə ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər. Tamamilə əsassızdır və cəfəngdir. Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir. Biz hamımız yaxşı bilirik ki, on nəfərə yaxın ermənini öldürən milliyyətcə erməni Qriqoryan və onun quldur dəstəsi idi.”

Bu fikirləri Prezident İlham Əliyev Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı söyləyib. Ölkə başçısı bu nitqiylə Sumqayıt hadisələrinin tarixiylə bağlı əsl həqiqətləri, reallıqları, deyilməli olan, lakin ermənilər tərəfindən təkidlə və hiyləgərliklə hələ də gizlədilməyə çalışan bir çox tarixi faktları üzə çıxardı.

Ermənilərin humanizmdən uzaq, ədalətsiz, hiyləgər, qərəzli və amansız planları sırasında öndə dayanan Sumqayıt hadisələri artıq 31 ildir ki, Azərbaycan tarixinə qara hərflərlə həkk olunub. Bu siyasi oyunda əsas məqsəd ondan ibarət idi ki, keçmiş SSRİ dövlətinin başçısı M.Qorbaçovun məsləhətçisi akademik Abel Aqanbekyan 1987-ci ildə Fransada nəşr olunan “Humanite” jurnalındakı məlum çıxışı ilə dünyaya səpələnmiş bütün ermənilərə Qarabağın müstəqilliyi uğrunda mübarizəsinin başlandığını elan edəndən sonra ermənilər və onların havadarları hərəkətə gəldilər və məsələni şişdirmək, müzakirə obyektinə çevirmək, milli qırğınlar törətmək və nəhayət, erməniləri silahlandırıb Azərbaycan xalqının üstünə qaldırmaq və silahlı təcavüz yoluyla həll etmək variantlarını hazırlamışdılar. Planın tərkib hissələrindən biri də Sumqayıtda ermənilərin qırğınını təşkil etmək, azərbaycanlılarla bir yerdə yaşamağın mümkünsüzlüyü, Azərbaycanlıların erməniləri “qətlə yetirməsi” kimi absurd fikirləri tirajlamaq istəyirdilər. Bununla da Dağlıq Qarabağın işğalı üçün hiyləgərcəsinə cəhdlərini nümayiş etdirdilər.

Qeyd edək ki, Sumqayıt çoxmillətli şəhər, respublikanın ikinci böyük sənaye mərkəzi kimi bütün SSRİ-də müəyyən qədər tanınmışdı. Ona görə də baş verəcək qırğında əli olduqlarını danmaq və ya izi itirmək üçün Ermənistandan və Dağlıq Qarabağdan yüz kilometrlərlə uzaqda olan Sumqayıt daha “məqbul” variant idi. Sumqayıtı hədəf seçən ermənilər Kremlin razılığı və SSRİ DTK-nın dəstəyi ilə bu şəhərdə təxribat törətdilər.  “Krunk” partiyasına yardım göstərməkdən imtina edən ermənilər elə erməni Eduard Qriqoryan tərəfindən öldürüldülər. Evlər talan edildi. Vəhşiliyin dərəcəsini müəyyənləşdirməkdə rəqəmlər belə “acizdir”... Ermənilər ümumi iş və məkrli məqsədləri naminə erməni soydaşlarını güdaza verməkdən belə çəkinmədilər.

Sumqayıt hadisələrinin statistik təhlili  onu göstərir ki, 1988-ci il fevralı 27-29-da törədilmiş hadisələrdə 32 nəfər öldürülmüş, 400 nəfərdən çox insan bədən xəsarətləri almış, 200-dən çox mənzil talan edilmiş, 50-dən artıq mədəni-məişət obyekti dağıdılmış, 40-dan çox avtomobil zədələnmiş, dövlətə 7 milyon rubl və ya 10 milyon dollar məbləğində ziyan vurulmuşdu. Hadisələrlə əlaqədar 444 nəfər məhkəmə qarşısına çıxarılıb,  onlardan 400 nəfəri 10-15 gün təcridxanalarda saxlanılmaqla, 94 nəfər müxtəlif müddətlərə həbs cəzasına məhkum edilib.

Ermənilər müxtəlif millətlərdən olan 258 mindən artıq əhalinin, o cümlədən 14.208 erməninin yaşadığı Sumqayıtda təxribat törətməklə şəhəri “etnik savaş poliqonuna” çevirdilər. Hamının “Edik” kimi tanıdığı Eduard Qriqoryan qatil olsa da , baş verənlərin əsl mahiyyətini dərk etməyərək ümumi axına qoşulan Əhməd Əhmədov mühakimə olunaraq, rus hakimlərin əlüstü keçirdikləri məhkəmənin hökmü ilə güllələnməyə məhkum edildi.

Sumqayıt hadisələrinin “Paşa” ləqəbli Eduard Qriqoryanın, onun Albert və Ernis adlı daha iki qardaşının, Dağlıq Qarabağdan xüsusi tapşırıqlarla gəlmiş emissarların və DTK-nın agentləri tərəfindən təşkil olunması təkzibedilməz faktlarla ortada olsa da, o vaxt SSRİ Prokurorluğunun istintaq qrupu tərəfindən araşdırılmadı, əksinə, hadisələrlə bağlı gerçək faktlar gizlədildi.  Sumqayıt hadisələrində təqsirləndirilənlərdən Eduard Qriqoryan isə onun tərəfindən cinsi təcavüzə məruz qalan iki erməni bacıların anası tərəfindən tanındığı üçün cinayət məsuliyyətindən yayına bilməyib. Əslində, onun həbsi də gözdən pərdə asmaq mahiyyəti daşıyırdı. Eduard Qriqoryan azadlıqdan məhrumetmə cəzasına məhkum olunsa da, cəzasını qanunla Azərbaycan SSR ərazisində çəkməli olduğu halda, cəzasını çəkmək üçün Ermənistana göndərilib. Orada isə heç kimə məlum olmayan səbəb əsasında  layiq olmadığı  halda azadlığa qovuşub.

“İstintaqı Moskvadan gəlmiş qrup aparırdı, yəni, tam ədalətli aparırdı. Verilmiş bütün ifadələr, şahidlərin ifadələri, üzləşmələr sübut etmişdi ki, həmin o, Qriqoryan erməni xalqının nümayəndələrini qətlə yetirmişdir. O, həbs edilir, bütün sübutlar təsdiq olunur. Ondan sonra o, cəza çəkmək üçün Ermənistana göndərilir və ancaq orada sərbəst buraxılır. Bax, sual yaranır. On nəfərə yaxın ermənini öldürən bir qatili Ermənistan niyə sərbəst buraxır? Ona görə buraxır ki, o, onların tapşırıqlarını icra edirdi. Sumqayıt hadisələrindən istifadə edib Azərbaycana qarşı qarayaxma kampaniyası daha geniş vüsət almışdır və nəticə etibarilə Dağlıq Qarabağda münaqişə baş vermişdir.” söyləyən cənab İlham Əliyevin vurğuladığı kimi bu hadisələrdən istifadə edən ermənilərin məqsədi azərbaycanlılar haqqında dünya miqyasında mənfi rəy  formalaşdırmaq idi. Amma yaxşı deyiblər ki, “yalan ayaq tutar, amma yeriməz”...

Sumqayıt hadisələrinin özü qədər dəhşət doğuran məqam ondan ibarət idi ki, SSRİ Baş Prokurorluğunun istintaq qrupu  Sumqayıt hadisələrinə obyektiv hüquqi və siyasi qiymət vermədi. Sumqayıt hadisələrinin törədilməsində yaxından iştirak edən ermənilər məsuliyyətdən yaxalarını qurtara bilmişdilər. Bu da erməni seperatçılarında xüsusi həvəs və cənfəşanlıq yaratdı. Sumqayıtda azərbaycanlıların etnik ermənilərə qarşı guya qırğın törətməsi barədə uydurma, böhtan, şər qoxan fikirlərini əllərində bayraq edib, aləmə car çəkdilər. Həqiqətləri ört-basdır edib, yalan və saxta “faktları” bəyan edirdilər. Ermənilər bu olaylar zamanı da həmişə olduğu kimi, xüsusi olaraq həyasızlıq, ədalətsizlik və insafsızlıqlarını da unutmurdular.

“Sumqayıt hadisəsi” dünyaya “azərbaycanlıların vandalizmi” kimi tanıdıldı. Bu təxribatın ardınca isə  ermənilər azərbaycanlılarla bir yerdə yaşamağın qeyri-mümkün olduğunu bəyan etməyə və Qarabağdakı separatçılığa haqq qazandırmağa başladılar. Ermənistan və erməni lobbisi dairələri tərəfindən Sumqayıt hadisələri qəsdən Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və təkzibedilməz faktlarla sübuta yetirildi. Belə ki, əvvala onu qeyd edək ki, Sumqayıt hadisələrinin əsas mahiyyətini Dağlıq Qarabağın Azərbaycandan qoparılması təşkil edirdi.  İstintaqla sübuta yetirilən daha bir fakt isə ondan ibarət idi ki, Sumqayıt  şəhərində yaşayan ermənilərin əksəriyyətinin kütləvi iğtişaşlar baş verəcəyindən əvvəlcədən məlumatları olub. Sumqayıtda yaşayan 100-dən çox imkanlı erməni ailəsinin hadisələrə qədər əmanət kassalarında olan pullarını da götürüb şəhərdən köçüb getmələri  də müəyyənləşdirilib.

Azərbaycan xalqının görkəmli oğlu, akademik Ziya Bünyadov “Nə üçün Sumqayıt?” məqaləsində ermənilərin və bu qanlı hadisənin törədilməsində marağı olan digər qüvvələrin məkrini öz məntiqli mühakimələri ilə təkzib etmiş, aksiyanın, faciənin hansı məqsədlər üçün həyata keçirildiyini açıq göstərmişdir. Çox təəssüf ki, həmin dövrdə Azərbaycan rəhbərliyi Kremlin göstərişlərini əsas tutaraq Sumqayıt hadisələrinin guya bir qrup xuliqan ünsürlər tərəfindən törədilməsi faktı ilə razılaşdı. Sumqayıt hadisələri Ermənistandan azərbaycanlıların vəhşicəsinə qovulması prosesini daha da sürətləndirdi. Azğınlaşmış ermənilər kəndlilərə hücum etdilər, azərbaycanlı əhalini öz dədə-baba torpaqlarından didərgin saldılar. Sonralar məlum oldu ki, bu zaman 400 nəfərdən çox azərbaycanlı müxtəlif işgəncələrlə öldürülmüş, 230 min soydaşımız doğma Vətənindən qovulmuşdur. Əslində planlı şəkildə hazırlanan Sumqayıt hadisələri ilə Azərbaycan xalqının heç bir əlaqəsi yoxdur. Dünya ictimaiyyəti dərk etməlidir ki, bu aksiya SSRİ-nin milli münaqişələr zəminində dağıdılmasına xidmət etmiş, Sumqayıt isə sadəcə əlverişli bir yer kimi seçilmişdi. Xalqımız bütün dövrlərdə, eləcə də bu gün hər cür irqi ayrı-seçkiliyi, qatı çovinizmi rədd edir, öz ərazisində yaşayan bütün xalqlara və millətlərə qayğı ilə yanaşı, tolerantlıq nümayiş etdirir.

Hələ 1988-ci ildən başlanmış bu təbliğat kampaniyası dünya ictimaiyyətinə azərbaycanlıların ermənilərə qarşı qəddarlığı, ermənilərin azərbaycanlılarla bir dövlət tərkibində birgə yaşamalarının mümkün olmaması ideyasının yaymağa yönəlmişdir. Halbuki, əsl vandalizm, unudulmaz faciə, haqsızlığın qanlı səhifəsi məhz Xocalı soyqırımı idi. 27 il keçməsinə baxmayaraq, hər bir azərbaycanlının yaddaşında silinməz yer alan faciələrin faciəsi Xocalı soyqırımı dünyaya çatdırılmalıdır. “Ədalət carçıları” bəşəriyyətə Sumqayıt hadisələrini deyil, minlərlə insanı maddi-mənəvi, canı bahasına, yurdundan didərgin düşərək yaşadığı o qanlı tarixi 26 fevralı  çatdırsınlar. Sözdə ədalət, haqq tələb etmək, haqsızca bağırmaq asandır. Azərbaycanlıların yaşadığı, gördüyünü dünya bilməlidir, tanımalıdır. Əsl vandalizm Sumqayıt hadisələri yox,  anaların harayı, körpələrin qanından yaranan Xocalı soyqırımıdır. Sumqayıt hadisələrini “azərbaycanlıların vandalizmi” adlandırılması isə absurddur.

Sumqayıt hadisələr məşhur deyimi xatırlatdı: “Ermənilər üçün ən yaxşı erməni ölü ermənidir”. Ermənilər ölmüş və yaxud öldürülmüş həmtayfalarından həmişə məharətlə istifadə ediblər. Ermənilər Sumqayıt hadisələrindən öz məkrli niyyətləri üçün yararlanmaq məqsədi güdürdülər. Ona görə də bu hadisələr haqda dərhal dünya ictimaiyyətində yanlış rəy formalaşdırmağa, antiazərbaycan əhval-ruhiyəsi yaratmağa başladılar. Digər tərəfdən, erməni təşkilatları Azərbaycan və Ermənistan arasında qarşıdurmaya dönməz xarakter verməyə, münasibətləri daha da kəskinləşdirməyə, dinc nizamlama perspektivlərini heçə endirməyə çalışırdılar.

Azərbaycanın dövlət başçısının Sumqayıt hadisələrinin əsl günahkarlarının tapılıb  ortaya çıxarılması ilə bağlı xüsusi səyləri, ortaya çıxan həqiqətlər və onların dünya ictimaiyyətinə çatdırılması üçün müvafiq tədbirlərin görülməsi ermənilərin narahatlıq və təlaşın üstünə bir də qəzəb və aqressiya toxumları səpmiş olur.

Ermənilərin yuxuların ərşə çəkilməsi heç də əbəs yerə deyil. Azərbaycan Prezidenti çıxışında faşist erməni mahiyyətini ortaya çıxaran daha bir həqiqəti dünyaya çatdırmaqla növbəti dəfə erməni yalanlarını darmadağın edib. İşğalçı tərəf yaxşı bilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü şəkildə uzun illərdir faşist Ermənistanının iç üzünü ifşa etməyə yönəlmiş fəaliyyəti nəticəsində  ermənilər yaxın gələcəkdə xüsusi qəddarlıqla  törətdikləri soyqırımlara, qanlı teraktlara, amansız hərbi cinayətlərə görə gec-tez elə beynəlxalq hüquq normaları əsasında  dünya ictimaiyyəti qarşısında Azərbaycan xalqına cavab verməli olacaqlar.

Yaqut Ağaşahqızı, “İki sahil”