29 iyul 2020 10:15
446

Erməni xisləti barədə ağıllı fikir deyib ağılsızlıq edən “Ağıldan bəla” müəllifi

Ermənilərin qədim Qafqaz xalqı olmadığı bütün Qərb və Rusiya tarixçilərinə, eləcə də yazıçı və şairlərinə çoxdan məlum idi. Türk tarixini, mədəniyyətini tədqiq edən tanınmış avstriyalı alim Erix Fayql bildirirdi ki, bir çox ərazilər kimi “Ermənistan” da xalqın deyil, coğrafi zonanın adıdır: “Ermənilərin özlərini “hay” adlandırmaları da göstərir ki, Ermənistan onların tarixi vətəni deyil. “Hay” xalqının dəqiqliklə hardan gəlməsi məlum deyil. Ağrı dağı ermənilərə deyil, Türkiyəyə məxsusdur, ermənilərin gerbində isə o, nədənsə mövcuddur və “Ararat” adlanır. Ermənilərin Qafqazda peyda olmaları Çar Rusiyasının əməlidir.”

XIX əsr Rusiya ədəbi mühitində yetişmiş istedadlı yazıçı, eyni zamanda, diplomat, siyasətçi Aleksandr Sergeyeviç Qriboyedov isə Rusiya imperatoruna ünvanladığı məktubunda bu fikirləri yazmışdır: “Əlahəzrət, heç bir vəchlə mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra həmin yerləri öz mülkiyyətlərinə çevirəcək və dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpağımızdır...”

1828-ci ildə İranla imzalanan Türkmənçay müqaviləsinin hazırlanmasında, təsdiqində və həyata keçirilməsində mühüm rol oynayan A. Qriboyedov polyak əsilli olsa da, təpədən-dırnağacan Rusiya təəssübkeşi idi. O, Rusiyanın cənubunda iki böyük müsəlman ölkəsi sayılan Osmanlı və İranla sərhəddə ermənilərdən ibarət bufer zonanın yaradılması ideyasının müəlliflərindən biri idi və bu planını həyata keçirmək üçün canla-başla çalışırdı. Qriboyedov təkcə Cənubi Qafqazda və İranda deyil, Yaxın və Orta Şərqdə Rusiyanın mövqelərini möhkəmlətmək üçün dəridən, qabıqdan çıxırdı. Şübhəsiz ki, rus çarına yazdığı fikirlər Qriboyedovun ermənilərin xarakterinə yaxından bələd olmasından irəli gəlirdi. Çünki o, Rusiya Xarici İşlər Nazirliyinin xətti ilə bir müddət Tiflisdə və İrəvanda yaşamışdı.

Amma tarixdən məlumdur ki, hələ XVIII əsrin əvvəllərində I Pyotr azərbaycanlıların tarixi torpaqları olan Bakıda və Dərbənddə ermənilərin məskunlaşdırılması barədə göstəriş vermişdi. Daha sonra I Aleksandr Qafqaz canişininə ermənilərdən Azərbaycan xanlıqlarının ərazilərinin ələ keçirilməsində istifadə olunması barədə təlimat göndərmişdi. Əslində ermənilərin məkrli, xain millət olduğunu bilən çar Rusiyası onların bu xislətindən öz məqsədləri üçün istifadə etmək niyyətində idi. Lakin bu da həqiqətdir ki, ermənilərin İran və Türkiyədən Azərbaycan ərazilərinə köçürülməsi ideyası boş yerdən yaranmayıb. Bu ideyanın yaranmasında əsas rolu qriqorian kilsəsi və onun fanatik xidmətçiləri oynayıblar. “Qafqaz erməniləri” haqqında rəvayətlər uyduran erməni keşişləri ermənilərdən Qafqaz və bütün Şərq müsəlmanlarına qarşı alət kimi istifadə etməyi özlərinə fəxr bilirdilər. Onların bu “arzu-istəyi” Vatikana da yaxşı məlum idi.

Tükmənçay sazişi bağlandıqdan sonra I Nikolayın göstərişi ilə Senat 1828-ci il aprelin 25-də Tehranda “səlahiyyətli nazir”, Təbrizdə baş konsulluq açılması barədə qərar verdi. Elə həmin vaxt A.Qriboyedov İrana səlahiyyətli səfir təyin edildi. O özündən əvvəl və özündən sonra İranda səfir olmuş bütün rus diplomatlarından yerli əhaliyə düşmən münasibəti və ermənipərəst mövqeyi ilə fərqləndi.

Səfir təyin olunan kimi A. Qriboyedov səlahiyyətlərindən sui-istifadə edib, özünü mütləq hakim kimi aparırdı .”Səlahiyyətli nazirin” bilavasitə göstərişləri ilə “böyük elçiliyin əməkdaşları” Türkmənçay müqaviləsinin 13 və 15-ci maddələrinə istinad edərək, xristian əsirləri qurtarmaq, erməniləri yubanmadan Şimali Azərbaycana köçürmək bəhanəsi ilə İran vətəndaşlarının daxili işlərinə qarışır, istədikləri evə girərək vəhşiliklər edirdilər.

Əslində 1827-ci ilə qədər Şimali Azərbaycana Rusiyanın 80 min rus kazakının köçürülməsi planı var idi. Lakin Qriboyedov hələ Tiflisdə diplomatik şöbəyə rəhbərlik etdiyi dövrdə bu planı rədd edərək, ermənilərin köçürülməsi ideyasını vermiş və bu fikrin rəsmi dairələrdə təsdiqinə nail olmuşdu. Bu proses İrəvanda milliyyətcə erməni olan polkovnik Lazarevin rəhbərliyi ilə həyata keçirilirdi.

A.Qriboyedov isə ermənipərəst siyasət yeritməklə Azərbaycan əhalisinə həm maddi, həm də mənəvi zərbələr vururdu. Orta Şərqdə çox zəngin kitabxana sayılan, Şah İsmayılın oğlu Şah Təhmasibin və xüsusilə nəvəsi Şah Abbasın qayğısı ilə qədim dövrün bütün qiymətli əlyazmalarının toplandığı Ərdəbil Darülirşad (“Haqq evi”), Şeyx Səfiəddin kitabxanası Qriboyedovun başçılığı ilə qarət edilərək, üzünü çıxarmaq bəhanəsi ilə Rusiyaya göndərildi. Burada toplanmış əlyazmaların bir hissəsi perqament üzərində, digərləri kağız üzərində miniatür boya sənətinin inciləri olan şəkillərlə bəzənmiş nadir sənət əsərləri idi.

O vaxt müasirlərindən biri A.Qriboyedovun diplomat kimi fəaliyyətini çox yüksək qiymətləndirərək belə yazmışdı: “Qriboyedov İranda öz yerindədir. O, burada tək-tənha 20 min ordunu əvəz edir”. Əlbəttə, bu fikir şişirdilmiş olsa da, hər halda rus diplomatının İranda nə qədər lazımlı olduğunu, böyük işlər gördüyünü göstərən bir faktdır.

1828-ci ildə İranla Türkmənçay müqaviləsinin imzalanmasından sonra polkovnik Lazarev ermənilərin köçürülməsi işinin Qriboyedova tapşırılması ilə əlaqədar olaraq 1828-ci il fevral ayının 14-də Paskeviçin qarşısında vəsatət qaldırmışdı. Onun fikrincə, ermənilər müharibənin gedişində Rusiyanın qələbəsi üçün əllərindən gələni etmişdilər və buna görə də onların Rusiyada yaşamaq arzusuna diqqətlə yanaşılmalı idi.

Artıq 1828-ci ildə Naxçıvan, İrəvan və Qarabağda yeni bir inzibati mərkəz - “erməni vilayəti” təşkil edilir, minlərlə erməni ailəsi Azərbaycana köçürülür...

Paskeviçin Qafqaz rus ordusuna baş komandan təyin edilməsi və onun bacısı oğlu A. Qriboyedovun da İranda səfir olması bu prosesi daha da sürətləndirdi. Ermənilər əsasən varlı müsəlmanların torpaqlarına köçürülürdü. Hətta Qriboyedovun özü də bu köçdən bəhs edərkən yazırdı ki, ermənilər əsas etibarilə müsəlman mülkədarlarının torpaqlarına köçürülürdülər. Amma ermənilərin köçürülməsinin təşəbbüsçülərindən olan A. Qriboyedov həmin məsələ ilə əlaqədar olaraq yazırdı: “Ermənilərin ilk dəfə buraxıldıqları torpaqlara əbədi sahib duracaqlarından müsəlmanlar içərisində yaranan qorxunu aradan qaldırmaq və onların düşdükləri ağır vəziyyətin uzun sürməyəcəyini bildirməklə onları sakitləşdirmək məsələsini biz dəfələrlə götür-qoy etmişdik.”

Yəqin elə buna görə o, 1828-ci ilin avqustunda özünün yol xatirələrində “bədbəxt həmvətənlərinin, yəni ermənilərin yolunda başını qoymağa hazır olduğunu” yazmışdı. Gerçəkdən də erməniləri himayə etməsi və eyni zamanda, onlardan bufer vilayət düzəltmək istəyi həm gənc yazıçı və diplomat A. Qriboyedovun, həm də Azərbaycan torpaqlarının gələcək faciəsinin başlanğıcı idi.

Öz dövrünün sayılıb-seçilən yazarı və siyasətçisi olan Qriboyedov ömrünün gənc çağında özünün düşünülməmiş hərəkətinin və mənasız xristian təəssübkeşliyinin qurbanı oldu. Qriboyedovun eybəcər hala salınmış cəsədini bir vaxtlar Yakuboviçlə dueldə itirdiyi çeçələ barmağına görə ayırd edə bildilər...

Rusiyalı tarixçi A. Qriboyedovun qətlində İran şahının xacəsi olan milliyyətcə erməni şəxsin rolunu xüsusi vurğulayır: “Milliyyətcə erməni olan xacə İran şahının maliyyə məsələlərinə baxırdı. O, Tiflisdə əsir götürülən ermənilərdən idi. Bir sıra tarixçilər erməni xacənin ingilis kəşfiyyatının casusu olduğu qənaətindədirlər. O, Aleksandr Qriboyedovun ölümü ilə nəticələnən təxribatın törədilməsinin əsas səbəbkarı idi. Bu işdə əsas rolu xacə oynayırdı. Onu Qriboyedovun yanına göndərmişdilər ki, orada iğtişaş salsın...”

Təbii ki, öz dikbaşlığı və çalışdığı regiondakı insanların xüsusiyyətlərini nəzərə almamağı ucbatından öldürülən Qriboyedovun ermənilərin Şimali Azərbaycan torpaqlarında məskunlaşdırılması planı işə yaradı. Erməni məkrinin şahidi olan və bu baxımdan çarı xəbərdar edən yazıçının “fədakar”lığı nəticəsində bu gün Azərbaycan torpaqlarının böyük bir hissəsi işğal altındadır. Əvvəlcə İrəvan, Dərələyəz, Zəngəzur, Göyçə, daha sonra Qarabağ erməni məkrinin qurbanı oldu.

Bu gün qədim Azərbaycan torpaqlarında bu qədər erməninin yaşaması və regionda erməni dövlətinin yaradılması məhz onun köçürmə planının acı nəticəsidir. Erməni cəlladları Azərbaycan və Şərqi Anadolu torpaqlarını aborigen türk-müsəlman əhalidən təmizləyərək “böyük Ermənistan” dövləti yaratmağa cəhd göstəriblər. Bütün Azərbaycan torpaqlarında, o cümlədən Cənubi Azərbaycanda, həmçinin Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı dəhşətli soyqırımları həyata keçirilib. Həyata keçirilən soyqırımı siyasətinin xronologiyasını gözdən keçirərkən xalqımıza qarşı törədilən vəhşilik və cinayətlərin miqyası və metodologiyası adamı dəhşətə gətirir.

Qriboyedovun diplomatik missiyasından bəhrələnsələr də ermənilər ötən ilin sonunda İrəvanda bu şəxsin abidəsini təhqir etdilər. Bu, birbaşa Rusiyaya qarşı, Armavirdə faşist Almaniyasının qulbeçəsi, qatil, cani olsa da ermənilərin milli qəhrəman hesab etdikləri terrorçu Qaregin Njdenin xatirə lövhəsinin dağıdılmasına cavab olaraq atılmış addım kimi qəbul olundu. Himayə etdiyi Ermənistan ilə ölkəsi arasında ciddi siyasi və diplomatik gərginlik yaransa da, Rusiyanın İrəvandakı səfirliyi isə Qriboyedovun heykəlinin təhqir olunmasını “yaramaz addım” adlandırmaqla kifayətləndi.

Nurəddin Muğanlı, “İki sahil”