KÖŞƏ

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Ermənilər də aprel zəfərini gözdən salmaq istəyir…

03 aprel 2019 12:02
1164

Biz tənqid edilməsi lazım olanları tənqid edərik. Biz dövlətimizin və xalqımızın faydasına olanları təqdir edərik. Biz insanların siyasi mənsubiyyətinə, dini və ideoloji baxışlarına, hakimiyyətə münasibətinə fərq qoymadan əməlinə qiymət verərik. Biz Azərbaycan dövlətinin faydasına zərrə qədər də olsa iş görən hər kəsə bu əməlinə görə sayğı duyarıq.

Biz həm də dövlətə və millətə arxa çevirənlərə qarşı barışmazıq! Biz erməni ağzıyla danışanlara, belə əməllərini demokratiya, fikir plüralizmi adı altında pərdələyənlərə münasibətdə barışmazıq! Biz elələrinin oynadığı havaların kimlər tərəfindən çalındığını onların özündən əvvəl anlarıq! Biz dövlətimizin bir fərdi – keşikçisi, əsgəriyik!

Biz ordumuza, əsgərimizə dil və əl uzadanlara qarşı olduq hər zaman! Olmağa da davam edəcəyik! Anlamayan varsa, anlasın! Başqalarına da anlatsın! Kimsə demokratiya nağılları danışıb ordumuza kölgə düşürəcək əməllərinə – sözlərinə haqq qazandırmasın!

2016-cı ilin şanlı aprel döyüşlərindən 3 il keçir. Hər keçən gün gənclərimiz, yetişməkdə olan nəsil o günlərin qəhrəmanlarını – döyüşlərin sonuclarını xatırlayıb qürur hissi keçirir. Gənclərimiz o gündən sonra daha vətənsevər, daha mübariz olublar. Çünki illər uzunuydu ki, yalnız yenilgilərimizi xatırlayırdıq. Lakin o aprel günlərində qəhrəman əsgərlərimiz can və qan bahasına heç də zəif olmadığımızı bütün dünyaya sübut etmiş oldular. Yalnız beyni yuyulmuş, yanlış təbliğatın və erməni antitəbliğatının qurbanı olmuş bir para yarımqafalılardan başqa!

Neçə gündür sosial mediada müzakirə gedir. Biz bir gəncin aprel döyüşlərinə etiraz etməsini qınayan bir paylaşım etmişik. O, açıq ifadəylə deyir ki, mən aprel döyüşlərinə etiraz edirdim! Yəni öz torpaqlarını qorumağa məcbur olmuş Azərbaycan əsgərinin hərbi hərəkətlənməsinə! Biz də o gəncə izah etməyə çalışırıq ki, Azərbaycan əsgəri durub-durduğu yerdə o döyüşə atılmamışdı.

Qısa xatırlatma: 2016-cı il aprelin 1-dən başlayaraq işğalçı Ermənistan ordusu təmas xətti boyunca geniş miqyaslı hərbi təxribatları bir qədər də intensivləşdirmişdi. Azərbaycan ordusu da məcburiyyət qarşısında düşmənə cavab verməli olmuşdu. Nəticədə illərdir ermənilərin nəzarətində olan Cocuq Mərcanlı kəndi, eləcə də strateji əhəmiyyətli Lələtəpə və Talış yüksəkliyi azad edilmişdi. Ordumuz ümumilikdə 2 min kv km ərazini işğalçıdan azad etməyi bacarmışdı. Bundan qorxuya düşən işğalçılar öz ağalarını və beynəlxalq gücləri hərəkətə keçirərək atəşkəsin bərpasına çalışmışdı. Azərbaycan dövləti də bəzi gerçəkləri nəzərə alaraq atəşkəsə razı olmuşdu. Ən doğrusu da bu idi. Düşmənin burnu ovulmuş, ona yeri göstərilmişdi. Göründüyü kimi, Azərbaycan bu əməliyyatda ilk gülləni atan tərəf deyildi və məcbur olub düşmənlə anladığı dildə danışmalı olmuşdu.

İndi bizim ordumuz düşmənin hücumunu dəf etmək məcburiyyətində qalırsa, buna bir Azərbaycanlı niyə və necə etiraz edə bilər? Yaxud da əgər bu əməliyyatlar zamanı şəhidlər vermişiksə, buna niyə etiraz edilir? Məgər bir savaş itkisiz mümkündürmü? Hələ nəzərə alsaq ki, düşmən qəfil hücuma keçib, biz onları geri atmışıq, onların əvvəlcədən minaladığı ərazilərdə əməliyyat aparmalı olmuşuq. Üstəlik onu da əlavə edək ki, düşmən də az itki verməyib axı. Həm uzun illərdir nəzarətində tutduğu torpaqların bir qismini əldən verib, həm də bizdən ən azı iki dəfə artıq canlı qüvvəsini itirib. Bundan başqa onların atıb qaçdığı hərbi texnika, silah-sursatı da xatırlamaq lazımdır. Yəni böyük hesabla o aprel döyüşləri Azərbaycanın qələbəsi idi! Buna etiraz edən insan haqda nə düşünməliyik biz?!

Biz belə insanlar haqqında yalnız bir şey düşünə bilərik: bunlar içimizdəki erməni ağızları – erməni təbliğat ruporlarıdır! Bunlar ruhunu işğalçı erməniyə satmış milli xainlərdir! Çünki bu adamların haqq-ədalət adı altında tirajladığı fikirlərin hamısı Ermənistanın rəsmi təbliğatının tezisləridir! Düşmən təbliğatının tezislərini tirajlamağın adı öz dövlətinə – öz xalqına xəyanət deyil də, bəs nədir?

İndi isə gələk belə təbliğatla bizim qızıldan qiymətli vaxtımızı alanlara. Aralarında kimlər yoxdur daha? Baxıram, birisi məktəblərdən birində təlim-tərbiyə işləri üzrə direktor müavinidir. Ona qahmar çıxansa çox hörmətli universitetlərimizin birində dərs deyən alim-müəllimdir. Əksəriyyət isə arvad adı altında gizlənmiş, əsgərlikdən qaçmış və Avropaya sığınmış “kişilər”dir. Bu sonuncularla işim yox. Zatən bizə etdikləri “etiraz”larda da arqument-filan yoxdur. Əxlaqlarına uyğun küçə sözlərindən başqa bir şey yazmırlar. Biz də onların yazdığını silib özlərini bloklayırıq ki, gedib başqa tərəfdə oynasınlar.

Bizi rahatsız edən bu müəllimlərin də o antitəbliğatda inadkarlıqla fəallıq etməsidir. İndi anlaşılır ki, o “etirazçı” gənclər harda və necə yetişir. Demək ki, məktəblərimizdə, universitetlərimizdə belə müəllimlər qaldıqca elə “demokrat” gənclərimiz də yetişməyə davam edəcək. Biz uşaqlarımızı, görün kimlərə etibar edirikmiş! Öz ordusunun uğurlu döyüş əməliyyatlarını “hərbi müdaxilə” kimi dəyərləndirən, Azərbaycan əsgərinə “etiraz” edən gənclərin etiraz haqqını müdafiə edən “müəllimlərə”! Dəhşət budur, bu! O yolunu azmış bir ovuc gəncin varlığı dəhşət deyil ki! Belə gənclərin sayını artırmağa xidmət edən “müəllimlərin” məktəblərdə dərs deməsi dəhşətdir!

Hələ biz milliyyətçi qılığında erməni ağzıyla danışanları demirik. Özlərinə “Turan”, “Bozqurd” adları qoyub, sosial media profillərini türk bayraqlarıyla bəzəyib üstümüzə gələn bu “milliyyətçilər” də Azərbaycan ordusunun uğurlu aprel döyüşlərinə etiraz edənlərlə eyni sırada yer alırlar! İndi biz illərin türk milliyyətçisi olaraq bunlara necə izah edək ki, belə bir ideolojinin daşıyıcısı öz dövlətinə toz qondurmaz?!

Anlatmaq istəyirik, anlamırlar. Doğrudanmı anlamırlar? Anlayırlar, bizdən də yaxşı anlayırlar. Sadəcə onlar gerçək milliyyətçi deyillər! Onlar heç türk də deyillər! Ümumiyyətlə, Azərbaycanlı deyillər! Onlar türk adları altında gizlənib özlərini türk milliyyətçisi kimi qələmə verən erməni uzantılarıdır sadəcə! Biz bunu bilirik, ona uyğun da davranırıq. Yalnız bəzən tanıdığımız, bildiyimiz və milliyyətçiliyinə şübhə etməməyə çalışdığımız insanlar da həmin saxtaların ardınca sürünür. Bax, onu anlamaqda bir az çətinlik çəkirik!

Sanırıq ki, Azərbaycan təhsil sistemində ideoloji işin düzgün qurulması üçün təxirəsalınmaz addımlar atılmalıdır. Aşağıdan yuxarıya bütün təhsil müəssisələrində bu iş ən keyfiyyətli şəkildə qurulmalıdır. Yoxsa illər keçəcək və artıq erməniləri buraxıb öz içimizdəki erməni törəmələrilə mübarizə aparmağa məhkum olacağıq…

Sözardı: Heç kim soruşmasın ki, yazıda söhbət konkret hansı müəllimlərdən gedir. Bir, üç, beş nəfər olsaydılar onların adlarını ictimailəşdirərdim. Həm də özləri çox fəaldırlar bu “plüralizm” və “demokratiya” davalarında, daim gözə girirlər. Məsələ ondadır ki, belə “müəllimlər”in sayı həddən artıq çoxdur. Demək ki, problemi kökündən həll etmək lazımdır…