AŞ PA-nın qış sessiyasında Azərbaycanın İkinci Qarabağ savaşında qazandığı qələbəni gözdən salmaq üçün təxribat törətməyə çalışan Ermənistan nümayəndələrinin təklifləri müzakirəyə çıxarılmadı
Vətən müharibəsində biabırçı məğlubiyyətindən sonra da təxribatlarına ara verməyən Ermənistanda qarşıdurma, gərgin vəziyyət davam edir. İşğalçı ölkənin bütün şəhərlərində keçirilən mitinqlərdə səslənən «istefa» tələbini eşitmək istəməyən, aksiyaların qarşısını özünə yaxın qüvvələr hesabına alan Ermənistanın baz naziri Nikol Paşinyan 17 müxalifət partiyasının birləşdiyi «Vətənin xilası naminə hərəkat»ın tələblərinə də əhəmiyyət vermir. Müharibədən sonra ölkədə yaranan çaxnaşma, sosial-psixoloji durumun daha da ağırlaşması, müharibədə ölən və itkin düşən əsgər valideynlərinin etirazları respublikanı iflic vəziyyətinə salıb. Aksiya iştirakçılarının həbsi ilə davam edən antidemokratik hərəkatın güclənməsi, itaətsizlik Respublikaçılar partiyasının gənclər təşkilatının sədri Hayk Mamiçanyanın, «Hayrenik» (Vətən) partiyasının üzvü Babken Harutyunyanın həbsi ölkədəki siyasi vəziyyəti daha da ağırlaşdırır. Maraqlı dairələrin əlində oyuncağa, vasitəyə çevrilən ermənilər başa düşürlər ki, 2018-ci ildə ölkədən kənarda hazırlanan, əhaliyə planlı dövlət vəd edən xoş xəyallara inam ölkəni uçuruma aparır. Ölkədə mədəniyyət, hüquq-mühafizə orqanları əməkdaşlarının Nikolun istefasını tələb edən kütləvi aksiya iştirakçılarına dəstəyi Ermənistanı aqoniya vəziyyətinə gətirib. İkinci Qarabağ savaşında məğlub olan Ermənistanla müqayisədə Azərbaycanın qüdrətli ordusunun döyüş taktikası və strategiyasının beynəlxalq səviyyədə etirafı erməniləri daha da qəzəbləndirir. İllərdən bəri xalqı aldadaraq ac-yalavac yaşamağa məcbur edən , ölkənin onsuz da cüzi həcmdə olan dövlət vəsaitinin ordu quruculuğuna sərf edildiyi görüntüsünü yaradan Ermənistanın indiki və keçmiş rəhbərliyinin korrupsioner əməllərindən hiddətlənən xalq neçə illərdir ki, mövcud iqtidarların vədlərinə inanaraq sosial böhran şəraitində yaşayırlar.İşğalçı ölkədə baş verən bu kimi halları gizlətməyə çalışan Ermənistan iqtidarı onları dəstəkləyən dairələrə arxalanaraq yenə də Azərbaycana qarşı təxribatlar törətməyə, beynəlxalq qınaqdan yayınmağa çalışırlar.
Yanvarın 25-də öz işinə başlayan AŞPA –nın qış sessiyasında ölkəmizə qarşı təxribatlarını davam etdirən işğalçı ölkəni təşkilatda təmsil edən nümayəndələr məğlubiyyətlərini ört-basdır etmək üçün bəhanələr gətirsələr də, Azərbaycanla əlaqədar məsələnin gündəliyə salınması ilə bağlı məkrli gedişləri baş tutmayıb. Erməni nümayəndələrin ölkəmizlə bağlı əsassız iddialarını əks etdirən təkliflər AŞPA-nın Bürosunda, Paralament Assambleyasında müzakirəyə belə çıxarılmayıb. Artıq bütün dünya ictimaiyyəti kimi avropalı deputatlar da bilirlər ki, tarixi torpaqlarını Ermənistanın işğalından azad edən Azərbaycan BMT-nin, Avropa Şurasının həllini gözləyən müvafiq qətnamələrini öz gücü hesabına yerinə yetirib.
Həqiqət budur ki, sülhsevər siyasəti, ədalət prinsiplərinə sadiqliyi ilə diqqəti cəlb edən Azərbaycan müharibənin davam etdiyi müddətdə də humanitar siyasətinə, sülh prinsipinə sadiq qalaraq ölən əsgərlərini döyüş meydanından çıxarmaq, işğal etdikləri əraziləri tərk etmək üçün ermənilərə şərait yaratdı. Lakin qısa atəşkəs müddətində belə faşizmə sadiqliyini göstərən barbar, vəhşi ermənilər döyüş bölgəsindən xeyli aralıda yerləşən Gəncəni, Tərtəri, Qəbələni raket atəşlərinə tutaraq 100-ə yaxın dinc əhalini, o cümlədən qocaları, qadınları, azyaşlı uşaqları qətlə yetirdilər. Tərk etdikləri evləri, Azərbaycan xalqına məxsus tarixi abidələri, meşələri yandıraraq, su mənbələrini zəhərləyərək, ev heyvanlarını öldürərək qəddarlıqlarını göstərən ermənilərin meşələrdə gizlənən terrorçuları müdafiə etmələri, hərbi əməliyyatlar dayandırıldıqdan sonra bölgəyə təxribatçılar göndərmələri noyabrın 10- da hərbi əməliyyatların dayandırılması ilə bağlı imzalanan üçtərəfli Bəyanatda göstərilən şərtlərin pozulması deməkdir. Tarixən üzərinə düşən öhdəliyə əməl etməməsi Ermənistanın destruktiv siyasətindən qaynaqlanır. Kapitulyasiya aktını imzalamaqla işğalçı olduqlarını etiraf edən ermənilərin yenidən müharibə ilə bağlı iddialar irəli sürmələri isə siyasi həyasızlıqdır. İşğalçı dövlətin bəzi qüvvələri tərəfindən « müharibə hələ bitməyib» kimi iddiaların səslənməsi erməni boşboğazlığının ənənəvi təzahürüdür. Bu boşboğazlığa isə cavab Prezident İlham Əliyevin Ali Baş Komandan kimi də sərt xəbərdarlığıdır: «Mən demişəm ki, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər. Heç kim bizim qabağımızda dura bilməz. Bundan sonra həmişə belə olacaq. Azərbaycan Ordusu, xüsusi təyinatlılar, bizim qəhrəman övladlarımız, hərbi birləşmələrin döyüşçüləri Şuşanı və azad edilmiş bütün torpaqları göz bəbəyi kimi qorumalıdırlar ki, düşmən bir daha belə cəhd etməsin. Cəhd edərsə, axırı lap pis olacaq.»
Xuraman İsmayılqızı, «İki sahil»