27 iyul 2020 15:52
375

Ermənilər Gürcüstanda da təxribata əl atırlar

Gürcüstanda yaşayan ermənilər indi də bu ölkədə yaşayan soydaşlarımıza qarşı təxribat törətməyə cəhd edirlər.

İyulun 26-da Sadaxlı kənd polis idarəsində işləyən yerli etnik erməni polis əməkdaşının övladı kənd əhalisinə qarşı kobud və təhqiramiz hərəkətlər edib.

Həmin şəxs idarə etdiyi minik avtomobilini Sadaxlı kəndinin mərkəzində toplaşan sakinlərin üstünə sürüb. Sonra o, əl işarələri ilə vətəndaşlara qarşı müxtəlif təhqiramiz hərəkətlər edib.

Bundan hiddətlənən kənd sakinləri xuliqanlıq edən şəxsi cəzalandırmaq istəsələr də kənd ağsaqqalları buna imkan verməyiblər. Ağsaqqallar azərbaycanlı gəncləri erməni təxribatına uymamağa çağırıblar. Kənd ağsaqqalları ermənilərin bu yolla Gürcüstanda da milli qarşıdurma yaratmağa cəhd etdiklərini bildiriblər. Bundan sonra kənd sakinləri hüquq mühafizə orqanlarına müraciət ediblər.

Məsələyə polis qarışıb və həmin erməninin atası orqandan xaric edilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Sadaxlı kəndi Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları ən böyük kənddir. Ermənistanla sərhəddə yerləşən bu kəndin əhalisinin 98 faizini azərbaycanlılar təşkil edir. //AZƏRTAC