23 aprel 2019 10:23
756

Ermənilər illərdir “soyqırımı” uydurması ilə möhtəkirlik edirlər

Aprelin 24-ü yaxınlaşdıqca erməni ictimaiyyətində, siyasi dairələrində bir canlanma yaranır. Onlar illərdir qondarma erməni “soyqırımı”  uydurması ilə möhtəkirlik edirlər. Hər il qondarma “soyqırımı”n tarixi yaxınlaşdığı ərəfədə ermənilər cidd-cəhdlə aparıcı dövlət başçılarının 1915-ci ildə guya ermənilərə qarşı Osmanlı dövləti səviyyəsində “soyqırımı” siyasətinin yeridildiyini və  kütləvi şəkildə ermənilərin bilərəkdən “soyqırımı”na məruz qaldıqları barədə iddiaları gündəmə gətirirlər. Eləcə də belə bir aktın tanınmasına ümid edirlər.

Tarix elmləri doktoru Anar İsgəndərov İkisahil.TV-yə bildirdi ki, tarixi düşmənlərimiz bəzi siyasi qurumlar tərəfindən müxtəlif yollarla erməni “soyqırımı”nın olduğu barədə aktların qəbul olunmasına nail olublar. Amma onların ən böyük istəkləri aparıcı dövlətlərin, xüsusən də Amerika Birləşmiş Ştatlarının Prezidentinin “soyqırımı” ifadəsini işlətməsidir. Bundan başqa, ermənilər qondarma “soyqırımı”nın dünya səviyyəsində rəsmi olaraq tanınması üçün səylər göstərirlər. Əslində təbii ki, bu, kökündən yanlış yanaşmadır. Çünki 1915-ci ildə aprelin 24-də ermənilərin dövlət tərəfindən “soyqırımı”na məruz qalması kimi bir akt olmayıb. O ki qaldı bu qondarma fikrin hardan qaynaqlandığına... 1915-ci ildə hansı hadisə baş verib sualı verilsə, onun cavabı aşağıdakılardan ibarətdir. 1914-cü ildə Birinci Dünya müharibəsi başlayıb. Birinci Dünya müharibəsi başlanana qədər artıq imperialist dövlətlərin biri-birinə olan münasibətləri məlum idi. Kimin-kimə düşmən olması göz önündə idi. Həmin zamanlarda Almaniya günəş altında yer axtarırdı. Bunun üçün də onun yeganə çıxış yolu müharibə idi. Çar Rusiyasının I Pyotrun vəsiyyətini yerinə yetirmək üçün bu müharibəyə qoşulmaq planı var idi. Yəni Çar Rusiyası belə fikirləşirdi ki, Rusiya nə zaman xoşbəxt ola bilər? Konstantinopol, yəni İstanbul onun paytaxtı olan zaman. Bosfor və Dardanel də onun boğazları olur. Beləliklə, dənizlərə çıxır və dünyanın hökmdarı olur. İngiltərə nə istəyirdi? Vaxtilə dünyanın üç qitəsində torpaq əldə edən Osmanlını o günə salsın ki, ümumiyyətlə, Osmanlı deyilən dövlət yer üzündən silinsin.

A.İsgəndərov qeyd etdi ki, əslində, İtaliyanın da, ABŞ-ın da, Fransanın da, Rusiyanın da planında Osmanlı imperiyası üç yerə bölünürdü. İstanbul dövləti, Böyük Ermənistan dövləti və Osmanlı dövləti. İstanbul dövləti ayrı olur. Yəni onun türklərə dəxli olmur. Bir erməni dövləti yaradılır o ərazilərdə. Hətta 1914-cü ildə Birinci Dünya müharibəsi başlamamışdan çar II Nikolay Tiflisə gələrkən erməni kilsəsi çarı əmin edir ki, əgər Birinci Dünya müharibəsi başlayarsa Rusiya ilə Osmanlı müharibəyə daxil olsa ermənilər birmənalı şəkildə Çar Rusiyasını müdafiə edəcəklər. Hətta Osmanlı dövlətinin tərkibində 100 illərlə yaşayan ermənilər də Rusiyanın müdafiəsində olacaqlar. Buna təəccüb edən Nikolayı əmin etdilər ki, əgər müharibə reallaşsa, siz bunu görəcəksiniz. Doğrudan da müharibə başladı. Müharibənin ilk dövrləri Osmanlı dövləti üçün çox ağrılı keçdi. 90 min əsgər və zabiti Sarı Karqamış yaxınlığında əsir düşdü. Əslində Osmanlının az qala taleyi həll olunur fikri hamını düşündürürdü. Həmin dövrdə 100 illər boyu Osmanlının çörəyini yemiş ermənilər ölkədə vətəndaş müharibəsinə başladılar. Onlar Çar Rusiyasının ordusundan istifadə edərək dinc əhalini qətlə yetirdilər. Yüz minlərlə türkün həyatına son qoydular. Bunların əksəriyyəti isə mülki əhali idi. Osmanlı imperiyası özündə güc tapıb ölkəsini düşmənlərdən təmizlədikdən sonra 1915-ci ildə daxili işlər naziri Tələt paşanın rəhbərliyi ilə təhlükəsizlik tədbirləri  görüldü. İlk işləri ölkəsini  xəyanətkar ermənilərdən təmizləmək oldu. Onlar erməniləri ölkələrindən çıxardılar. Tarixdə soyqırımı ifadəsi yoxdur. Hansı dövlət Türkiyə Cümhuriyyəti ilə münasibətdə qeyri-səmimidirsə, “soyqırımı” onların parlamentində müzakirəyə çıxarılır. Doğrudan da sual olunur ki, əgər tarixdə 24 aprel qondarma soyqırımı olubsa bu barədə  niyə tarixçilər müzakirələr aparmırlar, niyə arxivlər açılmır? Niyə bütün məsələləri parlamentlərdə həll etməyə çalışırlar? Bunun bir cavabı var. Avropa nə dünən, nə də bu gun Osmanlı İmperiyasını da, Türkiyə Cümhuriyyətini də qəbul etməyib. Hətta Türkiyə Cümhuriyyəti  50 ildən artıqdır Avropa Birliyinə üzv olmaq istəyir, lakin  buna imkan vermirlər. Ona görə ki, o, müsəlmandır və ən əsası türkdür. Əslində bütün dünyanın biri-birinə öyrətdiyi budur. 1915-ci ildən bu günə qədər uydurma “soyqırım”a məruz qalanların sayı günü-gündən artırılır. Əvvəlcə 300 min, 500 min, 900 min, 1,5 milyon və s. Bu gün isə bildirirlər ki, qətlə yetirilən ermənilərin sayı 2 milyonu keçib.  Ancaq elə Avropada olan o dövrün sənədlərində heç bir zaman Türkiyə ərazilərində 1,2 milyondan artıq erməni yaşamayıb. Əgər yaşamayıbsa,  1,5 milyon 2 milyon erməni harada qırılıb görəsən? Ermənilər Amonyan adında bir şəxsin saxta sənədi əsasında bu ssenarini  hazırlayıb dünyaya sırıyırlar.  Guya ki, Tələt paşa bu soyqırımı həyata keçirib. Tarixin sonrakı məqamlarında Amonyandan soruşuldu ki, sənəd hanı? Dedi ki, itirmişəm. Sənədin saxtalığını ört-basdır etmək üçün onu itirdilər. Sənədin əsli yoxdursa, kimsə saxta bir sənəd düzəldibsə ona kim inana bilər? O dövlətlər inana bilər ki,   onların Türkiyə Cümhuriyyətinə qarşı qərəzləri var. Bu dövlətin uğurlarına sevinə bilmirlər. Bu gün Avropa dövlətləri “soyqırımı” ilə bağlı yarışa giriblər. Ancaq soruşanda ki, siz hansı sənədi görmüsünüz? Bir sənəd varmı bu haqda? Onlar bu  suallardan yayınaraq  ermənilərin saxta göz yaşlarına inanırlar. Onlar “böyük Ermənistan” xülyalarına kömək edirlər. Buna ən bariz nümunə torpaqlarımızın işğalıdır. 30  ilə yaxındır ki, Azərbaycan torpaqları erməni işğalındadar. Heç bir dövlətin səsi belə çıxmır.

Şəmsiyyə Əliqızı, “İki sahil”