13 sentyabr 2019 10:48
132

Ermənilər Paşinyan hökumətini lənətləyirlər

“Azərbaycanla düşmən olsaq da, onların yaxşı nümunələrinə baxmalıyıq”

Əgər bir neçə ay əvvəl  ermənilərin sosial-iqtisadi böhranın normallaşmasına və sabitliyin bərqərar olacağına azacıq ümidləri var idisə, indi artıq olub-qalan ümidlər də puça çıxıb. Çünki ötən yarım il ərzində yeni hakimiyyət  sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində  verdiyi vədlərin heç birini yerinə yetirə bilməyib. 

Bu arada ölkəmizdə uğurla həyata keçirilən və nəticələrinə görə nümunəyə çevrilən sosial siyasət xarici ölkələrdə, o cümlədən də düşmən Ermənistanda böyük diqqətlə izlənilir. Bunu erməni mediasına, həmçinin sosial şəbəkələrdə rusdilli erməni istifadəçilərinin paylaşımlarına nəzər salmaqla da aydın görmək olar. Son günlərdə isə erməni tərəfinin diqqət yetirdiyi əsas məsələlərdən biri Azərbaycan Prezidenti İlham Əliyevin  fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Fərmandır.

Əslində, bununla Azərbaycan daha bir sosial xarakterli nümunə ortaya qoymağı bacardı. Dövlət başçısının Fərmanı yüz minlərlə vətəndaşımız üçün böyük dəstəkdir. Bu da onu göstərir ki, Prezident İlham Əliyev köklü sosial islahatları davam etdirir və vətəndaşların sosial rifah səviyyəsini yüksəldərək maddi durumunun yaxşılaşdırılmasına yönəlmiş genişmiqyaslı proqram çərçivəsində inqilabi addım atır.

Elə erməni tərəfinin də diqqət mərkəzində saxladığı əsas məqamlardan biri məhz budur. Sosial mediada paylaşılan statuslarda və yazılan şərhlərdə açıqca narazılıqlar ifadə olunur. Ruben Azatyan adlı sahibkar özünün “Facebook” səhifəsində yazır: “Bizdən fərqli olaraq Azərbaycanda sadə insanların aqibəti haqda düşünürlər. İlham Əliyevin problemli kreditlərlə bağlı Fərmanı bunu bir daha göstərir. İlham Əliyev problemli kreditlər üçün büdcədən 500 milyon dollar ayırır. Görəsən, bizdə də nə vaxtsa belə bir hal olacaq? İnanmaq çox çətindir”.

“Niyə Ermənistanda

vətəndaş dövlətinin onun

yanında olduğunu hiss etmir?”

“Odnoklassniki” sosial şəbəkəsində paylaşılan xəbərə münasibət bildirən, profil səhifəsində bank sektorunda çalışdığını yazan Tatul Qriqoryan adlı istifadəçi isə qeyd edir ki, baş nazir Nikol Paşinyan Prezident İlham Əliyevdən nümunə götürsəydi, yaxşı olardı: “Dollar kreditlərinə görə Ermənistanda da çoxları böyük problemlərlə üzləşib. Evlərini satanlar, hətta intihar edənlər də olub. Amma onların taleyi nə əvvəlki hökuməti, nə də indikini maraqlandırır. Amma dünyada və elə öz ətrafımızda yaxşı nümunələr də var. Elə İlham Əliyevin atdığı son addımlara baxmaq yetərlidir”.

“İnstagram”  sosial şəbəkəsində problemli kreditlərin həlli ilə bağlı paylaşılan şəkilə münasibət bildirən Naira Ağacanyan adlı istifadəçi də eyni mövqeni bölüşüb: “Azərbaycanda dövlət əhalinin qalan kredit borcunun ödənilməsi üçün külli miqdarda əlavə vəsait ayırır. Bu addım əhaliyə çox müsbət təsir göstərəcək. Ancaq təəssüf ki, bizdə tamam fərqli mənzərə hökm sürür. Devalvasiya nəticəsində Ermənistanda əziyyət çəkənlərin sayı milyonlarladır. Lakin onların üzləşdikləri problemləri hökumətdə heç dilə gətirən də yoxdur. Azərbaycanla düşmən olsaq da, onların yaxşı nümunələrinə baxmalıyıq. Bizdə də dövlət büdcəsi hesabına vətəndaşların zərərlərini kompensasiya etmək lazımdır”.

Profil səhifəsində iqtisadçı olduğu qeyd edilən Larisa Tuzmanyan adlı istifadəçinin xəbər agentliyinin sorğusunda maraqlı rəyi isə çoxlu bəyənmələrə səbəb olub: “Azərbaycanda dövlətin sosialyönümlü siyasət həyata keçirməsi bizim mediada inkar edilsə də, baş verənlər bunun əksini göstərir. Orada camaatın problemləri barədə düşünürlər. Azərbaycanın dövlət başçısının problemli kreditlərin həlli ilə bağlı imzaladığı Fərman tamam fərqli vəziyyət yaradır. Bu hal istənilən halda təqdir edilməlidir, baxmayaraq ki, Azərbaycanla müharibə aparırıq. Amma orada devalvasiyadan sonra kreditlərini ödəyənlərə də güzəştlər tətbiq edirlər. Niyə biz də belə addımlarla vətəndaşlarımızı sevindirə bilmirik? Bunun üzərində düşünməyə dəyər”.

“Biz yeməyə çörək tapmırıq,

Azərbaycanda əhalinin

kreditlərinə güzəştlər olundu”

Ovik Karapetyan adlı istifadəçi Ermənistanın Azərbaycana iqtisadi cəhətdən həmişə açıq şəkildə uduzduğunu “Vkontakte”də paylaşdığı statusla diqqətə çatdırıb. Səhifəsində stomatoloq olduğu görünən Ovikin paylaşımı bəzilərinin etirazına səbəb olsa da, bir çoxlarının bəyənmələri ilə nəticələnib: “Ermənistanda hökumətin nəzarətində olan medianın Azərbaycanla bağlı yazdıqları reallığı əks etdirmir. Orada problemli kreditlərlə bağlı verilən Fərman birbaşa və dolayısı ilə bütün insanlara təsir edir. Bu da insanlarda dövlətə olan güvəni daha da möhkəmləndirir. Niyə bizdə də belə nümunələr yoxdur? Niyə bizdə də vətəndaş hər zaman dövlətinin onun yanında olduğunu hiss etmir? Ona görə də ölkəni tərk edənlərin sayı durmadan artır. Hökumət bu barədə fikirləşməlidir”.

 “Twitter” sosial şəbəkəsində Prezident İlham Əliyevin imzaladığı Fərmanla bağlı xəbərin paylaşıldığı səhifədə Avram Melukunyan adlı birinin yazdığı rəy də çox bəyənmə toplayıb: “Düşmən dediyimiz ölkənin prezidentinin xalqa xidmətinə baxın, bir də bizimkilərin çıxartdığı hoqqalara. 15 ildir müəllim işləyirəm, bir neçə banka borcum var. Deyəsən, o dünyaya da elə borclu gedəcəyəm. Azərbaycanda isə insanların proeblemli kreditləri həllini tapıb. Müqayisəni özünüz aparın”.

Ən maraqlısı isə baş nazir Nikol Paşinyanın sosial şəbəkədəki səhifəsində paylaşılan bir xəbərə Vaxaq Qriqoryan adlı istifadəçinin verdiyi rəydir: “Baş nazir, Xankəndidə yaşayıram. Etiraf edək ki, xalqını düşünən lider İlham Əliyev kimi olar. Biz yeməyə çörək tapmırıq, Azərbaycanda əhalinin kreditlərinə güzəştlər olunur. Səfalət və aclıqdan əziyyət çəkməkdən yorulduq!”

İxtisasca iqtisadçı olan Stepan Qriqoryan adlı istifadəçi isə “Odnoklassniki”də yazır: “Acı həqiqət olsa da, demək lazımdır. Azərbaycan yenə iqtisadi cəhətdən bizdən çox öndə olduğunu göstərə bildi. İlham Əliyev xalqın yanında olduğunu yenə də nümayiş etdirdi. Belə məsələlər Azərbaycanı daha da gücləndirir”.”

“Kimdir əsl lider?”

Karen Mkrtçyan adlı “Facebook” istifadəçisi “Nə vaxta qədər belə davam edəcək?” başlıqlı status paylaşıb: “Bizim ölkədə insanlar aclıqdan ölür, kredit almağa belə imkan vermirlər, düşmən adlandırdığımız İlham Əliyev insanların problemli kreditlərini həll edir. İndi siz özünüz qərar verin, kimdir əsl lider?”

Robert Şaqinyan adlı biri isə “Twitter”də yazıb: “Bizim nə vaxt normal bir rəhbərliyimiz olub ki, indi də ola. Elə danışırlar ki, sanki bunlardan yoxdur. Dostlar, acı reallıq olsa da, etiraf etmək lazımdır. Kim istəməzdi ki, İlham Əliyev kimi prezidenti olsun. İstəyirsiniz məni söyün, profilimi şikayət edin. Fikrimdən dönən deyiləm”.

Yuxarıda qeyd etdiyimiz statuslara və şərhlərə daha çoxunu əlavə etmək olar. Bütün bu qeyd edilənlər bir daha Azərbaycanın sosial sahədə həyata keçirdiyi siyasətin erməni cəmiyyətində qibtə ilə qarşılandığını göstərir.

Elçin Zaman,

“İki sahil”