Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
28 oktyabr 2020 18:49
420

Ermənilərin Bakı metrosunda törətdikləri qanlı terror

Bakı Metropoliteninin "Ulduz" və "Nəriman Nərimanov" stansiyaları arasında baş vermiş terror aktından 25 il ötür. 1995-ci ilin oktyabrın 28-də baş vermiş , "Ginnesin rekordlar kitabı"nın ən dəhşətli terror aktları siyahısına düşən bu faciədə rəsmi olaraq yayımlanan məlumatlara görə 289 nəfər (126 qadın, 28 uşaq, 3 xilasedici olmaqla) həlak olmuş, 270 nəfər yaralanmışdı. Qatarı tərk edənlərin çoxu sağ qalmağı bacarsa da, bu faciəli hadisə tarixin ən ölümcül qatar fəlakəti hesab olunurdu.

 Həmin dəhşətli gündə qəhrəman xalqımızın nümayəndələri –metropoliten işçiləri yenə də igidlik nümayiş etdirərək harada olmalarından asılı olmayaraq, zərərçəkənlərə kömək göstərmək, yanğının nəticələrini aradan qaldırmaq, kabelləri, işıqlandırmanı, təmas relsini bərpa etmək, tunel və stansiyanı təmizləyib sahmana salmaq üçün hadisə yerinə axın etdilər. Tunel tam boşaldıqdan sonra isə  hərəkətin tezliklə bərpa edilməsi üçün tədbirlər görüldü. Bu qanlı hadisədə də erməni canilərinin əlinin olması danılmaz faktdır. Həlak olmuş günahsız insanların xatirəsinə respublikada üç günlük matəm elan olundu.

O vaxtdan ötən illər ərzində 28 oktyabr tarixi unudulmur. Bakı metropolitenində qara tüstü nəticəsində görmə qabiliyyətini itirən Naxçıvanski adına hərbi məktəbin zabiti Çingiz Babayevin büstü ziyarət edilir, digər faciə qurbanları və insanları ölümün cəngindən xilas etmək üçün həyatını fəda etmiş Vətən oğullarının xatirəsi yad olunur.

Ulu öndər Heydər Əliyevin onlar barədə 25 il bundan əvvəl dediyi kimi, bu, onların böyük vətənpərvər olduğunu nümayiş etdirir. Həyatını insanların xilası üçün fəda edənlər, özlərini qurban verənlər unudulmur. Ulu öndər Heydər Əliyevin 3 noyabr 1995-ci il tarixli Fərmanı ilə ölümündən sonra Çingiz Babayevə Milli Qəhrəman adı verildi,

kursantlar Nicat Mürvət oğlu Səfərov, Ruslan Məmməd oğlu İsayev və Samir Nadir oğlu Məmmədov "İgidliyə görə" medalı ilə təltif olundular.

Bu gün işğalçı Ermənistana qarşı davam edən Vətən müharibəsində cəbhədə rəşadətli ordumuz, mərd hərbçilərimiz qarşısında acınacaqlı hala düşən mənfur niyyətli erməni caniləri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla ,vandalizm nümayiş etdirərək döyüş bölgəsindən xeyli uzaqda yerləşən Gəncə, Tərtər, Qəbələ, Siyəzən, Kürdəmir, Bərdə və sair ərazilərimizdə dinc əhalini ağır raket və arteleriya  atəşinə  tutur, onların, əsasən də uşaqların ölümünə səbəb olurlar.

 Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) əhaliyə  müraciətində qeyd edildiyi kimi, Ermənistanın terrorçu dövlət olduğunu unutmamalı, düşmən ölkənin böyük şəhərlərimizdə, insanların sıx toplaşdıqları yerlərdə, ictimai nəqliyyatda terror-təxribat aktları törətməsini nəzərə almalıyıq.Odur ki, ehtiyatı əldən verməməli, daim ayıq-sayıq olmalıyıq.

Samirə İsmayılova, “İki sahil”