21 may 2020 10:38
236

Ermənilərin növbəti həyasızlığı

Son hadisələr göstərir ki, Ermənistanın missiyası regionda sülhə, sabitliyə və davamlı inkişafa mane olmaqdan ibarətdir. Azərbaycanın işğal edilmiş torpaqlarında qondarma qurumun yaradılması, orada saxta seçkilərin keçirilməsi və Şuşada planlaşdırılan andiçmə mərasimi erməni həyasızlığının növbəti təzahürüdür. Bu faktlar bir daha sübut edir ki, işğalçı rejim beynəlxalq hüquqa nəinki hörmət bəsləmir, bu hüququ nümayişkaranə şəkildə pozur, bununla da beynəlxalq təşkilatlara, dünya nizamına açıq hörmətsizlik edir. Şübhəsiz ki, Azərbaycanın işğal edilmiş torpaqlarında belə bir andiçmə mərasiminin keçirilməsi ölkəmizə qarşı növbəti təxribatdır və beynəlxalq birlik bununla bağlı mövqeyini ortaya qoymalı, işğalçıya qarşı cəza mexanizmini işə salmalıdır.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun fikrincə, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarındakı separatçı rejimin rəhbəri Araik Arutunyanın Şuşada planlaşdırdığı “andiçmə mərasimi” ermənilərin növbəti həyasızlığıdır .

Belə ki, mayın 21-də Şuşada keçirilməsi planlaşdırılan andiçmə mərasimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə zərbə vurmaqla yanaşı, düşmənin münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını göstərir. Şuşada belə bir tədbirin keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarına vurulan ağır zərbədir və bu, düşmənin əsl niyyətini ortaya qoyur. Baş verənlər göstərir ki, rəsmi İrəvan iddia etdiyinin əksinə olaraq, problemin sülh yolu ilə həllində maraqlı deyil və bu danışıqlar beynəlxalq ictimaiyyəti aldatmağa xidmət edir. Ona görə dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar Ermənistana qarşı daha ciddi təzyiq vasitələri işə salmalı, ona sanksiyalar tətbiq etməklə işğalçıya öz yerini göstərməlidir.

Respublika Veteranlar Təşkilatının sədr müavini onu da xüsusi olaraq qeyd edir ki, proseslərin bu şəkildə gedişi Azərbaycanın səbir kasasını daşıra bilər. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, torpaqlarının işğal altında qalması ilə barışmayacaq və lazım gələrsə problemin həlli üçün bütün vasitələri işə salacaq. Düşmənin Şuşada andiçmə mərasimi keçirmək planı, habelə bu günədək təxribatları problemə hərbi kontekstdə yanaşmaq zərurətini artırır.”Azərbaycan güclü orduya malikdir. 2016-cı ilin Aprel döyüşləri də göstərdi ki, Azərbaycan Ordusu işğaldakı bütün torpaqları bir həmlə ilə azad etmək, bu torpaqlarda üçrəngli bayrağımızı dalğalandırmaq qüdrətinə malikdir. Əgər Ermənistan təxribatlardan əl çəkməsə, o zaman Aprel məğlubiyyətindən qat-qat ağır və dəhşətlisinə hazır olmalıdır”, - deyə polkovnik Cəlil Xəlilov vurğulayır.

Bu gün bütün beynəlxalq təşkilatlar, dünyanın bütün aparıcı ölkələri istisnasız və birmənalı olaraq Azərbaycan ərazisində yaradılmış oyuncaq rejimi tanımır. Milli Məclisin deputatı Azay Quliyevin fikrincə, ermənilər özlərinin belə tanımadığı bir qurumun rəhbərinin andiçmə mərasimini keçirməklə özlərini təkcə gülməli vəziyyətə salmırlar, həm də nə qədər riyakar və ikiüzlü olduqlarını bir daha dünyaya göstərmiş olurlar.

Siyasi analitiklərin sözlərinə görə, Azərbaycanın işğal edilmiş ərazilərində - Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “prezident və parlament seçkiləri”, eləcə də mayın 21-də Şuşada keçirilməsi planlaşdırılan andiçmə mərasimi beynəlxalq hüquqa zidd olmaqla bərabər, həm də regionda sülhə və inkişafa da ən böyük təhdiddir. Eyni zamanda, bu, erməni toplumunda Azərbaycan xalqına - müsəlman-türklərə qarşı mövcud olan düşmənçilik strategiyasının davamıdır.

Bu gün ilk növbədə bu ölkəyə hər vasitə ilə dəstək verən böyük güclər özləri Ermənistana təzyiq edib, onu işğalçılıq siyasətindən geri çəkməsinə və danışıqlar prosesində konstruktiv mövqe sərgiləməsinə vadar etməlidirlər. Azərbaycan hesab edir ki, sülh, sabitlik və qarşılıqlı faydalı regional əməkdaşlığa alternativ yoxdur və münaqişənin tezliklə siyasi həllində ən maraqlı tərəfdir.

N.Muğanlı, “İki sahil”