25 iyul 2020 16:52
522

Ermənistan beynəlxalq hüquq normalarını pozub

“Pretoria News”: Ermənistan Azərbaycana qarşı təcavüz edərək beynəlxalq hüquq normalarını pozub

Cənubi Afrika Respublikasının (CAR) “Pretoria News” qəzetinin onlayn platformasında "Ermənistanın Azərbaycana qarşı təcavüzü beynəlxalq hüquq normalarının pozulmasıdır" sərlövhəli məqalə dərc edilib.

Azərbaycanın CAR-dakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatdan bəhs edilir.

Məqalədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fikirlərini yer verilir. Bildirilir ki, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum edib. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb. Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistan tərəfi hər hansı ərazi əldə etməyə müvəffəq olmayıb. Bildirilir ki, Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində artilleriya qurğularından istifadə edərək Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum edilməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır.

Diqqətə çatdırılıb ki, Ermənistan bu kimi hərbi avantüra yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzü və sərhəddə törətdiyi təxribatlar, həm də Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatın hüquqi sənədlərinə ziddir.

Məqalədə qeyd olunur ki, dünya birliyinin COVID-19-a qarşı mübarizə apardığı halda bu hücum və təxribat əməli, eyni zamanda, Ermənistanın davamlı olaraq atəşkəsi pozması yolu ilə Ermənistan rəhbərliyi yarıtmaz siyasəti nəticəsində COVID-19-un Ermənistanda geniş yayılması ilə daha da kəskinləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmağa çalışır.

Diqqətə çatdırılır ki, Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur.