14 iyul 2020 13:02
965

Ermənistan beynəlxalq təşkilatların diqqətini münaqişənin əsl mahiyyətindən yayındırmağa cəhd edir

Malik Həsənov: Ermənistanın mütəmadi olaraq atəşkəsi pozması və təxribatları onun təcavüzkar mahiyyətini bir daha ortaya qoyur

 

“İyulun 12-də Ermənistan işğalçı qüvvələri Tovuz rayonu istiqamətində təxribatının qarşısı Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmləsi nəticəsində qətiyyətlə alınıb. Azərbaycan Ordusu işğalçı Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib. Azərbaycan  Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iyulun 13-də keçirilən iclasında qeyd etdiyi kimi bu hadisəyə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”. “İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov deyib.

M.Həsənov bildirib ki, işğalçı tərəf  mütəmadi olaraq atəşkəsi pozur, təxribatlara əl atır. Onun sözlərinə görə, beynəlxalq təşkilatların, dünyanın böyük dövlətlərinin buna biganə yanaşması təbii ki, birmənalı qarşılana bilməz. Ermənistan bu təxribatlarla beynəlxalq təşkilatların diqqətini Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətindən yayındırmağa, Azərbaycana qarşı həyata keçirdiyi işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir.

Millət vəkili deyib ki,  dünyanın koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsinə diqqət yönəltdiyi, birgə səylərin göstərilməsinə çağırışların edildyi bir zamanda Ermənistanın təxribatla məşğul olması birmənalı qarşılana bilməz: “Ermənistan Azərbaycanın BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləməkdən imtina etdi. Baxmayaraq ki, bu ölkədə koronavirus daha çox yayılıb, ən əsası hakimiyyət bu xəstəliyin qarşısını almaqda acizdir. Reallıq budur ki, Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, azad sözə qarşı repressiyaların tətbiq edilməsi və s. reallıqlar Paşinyan hakimiyyətini çox mürəkkəb vəziyyətə salıb. Görünür, işğalçı dövlət bu kimi məqamlardan, daxili problemlərdən diqqəti yayındırmaq üçün cəbhə xəttində növbəti təxribatı törətməyi çıxış yolu hesab edib. Amma unudur ki, bu, təcavüzdür, güc tətbiq etmək aktıdır”.

Millət vəkili söyləyib ki, BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı məlum qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edir.  Onun fikrincə, Ermənistanın mütəmadi olaraq atəşkəsi pozması və təxribatları onun təcavüzkar mahiyyətini bir daha ortaya qoyur.

“Dövlətimizin başçısı İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münxen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi bu gün xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Artıq beynəlxalq birlik bilir ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli, tarixi torpağıdır. Diplomatik mübarizədə qələbə qazanan Azərbaycanın sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantını seçərsə, qələbə qazanacağı şübhəsizdir. Çünki Azərbaycan Ordusu torpaqlarımızı hər an azad etməyə qadirdir. Aprel döyüşləri, Günnüt zəfəri də deyilənlərə sübutdur. Əgər Ermənistan bu cür təxribatları davam edərsə, öz sonunu daha da yaxınlaşdıracaq”-deyə, deputat qeyd edib.