31 iyul 2020 14:28
338

Ermənistan bilərəkdən danışıqlar prosesini məhv edir

Jalə Əhmədova: "Ermənistan hakimiyyəti son atdığı addımlar və səsləndirdiyi fikirlərlə bir daha sübut etdi ki, çox yanlış yoldadır"

 

Ermənistan hakimiyyəti son günlərdə atdığı addımlar və səsləndirdiyi fikirlərlə bir daha sübut etdi ki, özünü itirib və çox yanlış yoldadır. Sərhəddə törətdikləri son təxribatın nəticəsi olaraq anladılar ki, müttəfiq saydıqları bütün ölkələr ya Azərbaycanı dəstəklədi, ya da neytral qaldı. Ermənistan Azərbaycana beynəlxalq dəstəyin nə qədər güclü olduğunu gördü.

Bunu Trend-ə Milli Məclisin deputatı Jalə Əhmədova deyib. Onun sözlərinə görə, erməni xalqı nəhayət başa düşməlidir ki, əgər onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq Azərbaycan torpaqlarından çıxmalıdır: "Qanunsuz işğalın haqlı nəticəsi olaraq Ermənistan bütün regional layihələrdən təcrid edilib. Ərazi bütövlüyümüz bərpa olunana qədər Azərbaycan bütün imkanlarını səfərbər edib bundan sonra da Ermənistanı təcrid vəziyyətində saxlayacaqdır.

Öz xalqını mövcud acınacaqlı vəziyyətə salan erməni hakimiyyəti hələ utanmadan Azərbaycanın qarşısına 7 qəbuledilməz və absurd şərt qoyur. Azərbaycan isə bu 7 şərtin qarşısına cəmi 1 şərt qoyur - erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır. Ermənistanın baş naziri də daxil olmaqla hər kəs gözəl anlayır ki, Azərbaycan heç kimin tanımadığı qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar apara bilməz. Quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq. Danışıqlar Azərbaycanla Ermənistan arasında aparılır. Bu, Minsk qrupunun və onun həmsədrlərinin açıq mövqeyidir. Qəbuledilməz şərtlər irəli sürməklə Ermənistan bilərəkdən danışıqlar prosesini məhv edir və danışıqlar formatını dəyişdirmək istəyir. Bir daha qeyd etmək istəyirəm ki, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmasa, sülh olmayacaq və onlar özləri peşman olacaqlar. Bu münaqişənin həlli üçün ən əsas şərti Azərbaycan irəli sürür - erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdır!".