07 avqust 2019 20:18
104

Ermənistan demoqrafik fəlakətin astanasında

Bu gün Ermənistanda vəziyyətin necə olduğu hər kəsə, eyni zamanda, bütün dünya ictimaiyyətinə çoxdan məlumdur. Ancaq Ermənistan hakimiyyətinin qəsbkarlığı və tamahkarlığı o həddədir ki, öz xalqının güzəranını dəyişdirmək onların ümumiyyətlə, planında yoxdur. Erməni xalqı əvvəlcə Robert Koçaryan, Serj Sarkisyan, indi isə Nikol Paşinyan hakimiyyətinin yürütdüyü uğursuz siyasət ilə erməni xalqı üz-üzə qalıb. Onu da qeyd edək ki, bir ildən artıqdır ki, hakimiyyətə gələn Nikol Paşinyan ölkəni ağır durumdan xilas edəcəyini vəd etdiyi halda əksinə onu daha da uçuruma doğru yuvarlayır.

Hazırda Ermənistanda mövcud demoqrafik vəziyyət kəskin şəkildə pisləşməyə başlayıb. Ölkəni tərk edənlərin sayı durmadan artır. Hələ keçən əsrin 90-cı illərindən başlayaraq Ermənistanın əhali sayında azalma müşahidə edilirdi. Lakin Ermənistan hökuməti tərəfindən beynəlxalq qurumlara ölkənin demoqrafik vəziyyəti barədə şişirdilmiş statistika təqdim edilsə də, bu qurumlar təqdim edilən rəqəmlərin həqiqəti əks etdirmədiyini üzə çıxarıblar. Dəfələrlə müxtəlif beynəlxalq qurumlar Ermənistanda demoqrafik vəziyyətin acınacaqlı olduğunu rəsmən təsdiqləyiblər. Bu günlərdə BMT-nin yeni demoqrafik hesabatı yayılıb. Hesabatda bir sıra ölkələrin gələcək demoqrafik vəziyyəti haqqında məlumat yer alıb. BMT-nin demoqrafik hesabatında qeyd edilir ki, 2100-cü ildə Ermənistan əhalisi bugünkü 3 milyon nəfərdən 2 milyonadək azalacaq. Sənəddə qeyd olunur ki, Ermənistan əhalisi 2030-cu ildə 2,9 milyona çatacaq, lakin 2050-ci ildə 2,8 milyon, 2100-cü ildə isə 2,039 milyon nəfərədək azalacaq.

Hətta bir çox sosioloq və demoqrafların qənaətlərinə görə, Ermənistan müstəqillik əldə etdikdən sonra qarşılaşdığı siyasi, iqtisadi və sosial problemlər bu ölkənin əhali sayının azalmasına səbəb olub. Bu da cəmiyyət üçün böyük təhlükəyə çevrilən demoqrafik problemin ortaya çıxmasını şərtləndirib. Sosioloq və tarixçilər hesab edirlər ki, Ermənistan hakimiyyəti əhalinin azalması problemini Yaxın və Orta Şərqdə yaşanan böhran nəticəsində Suriya, Livan, İraq və digər ölkələri tərk edən ermənilərin hesabına həll etməyə cəhd göstərsə də, bu addım heç bir effekt vermir. Ekspertlər qeyd edirlər ki, bu ölkələri tərk edən ermənilərin iqtisadi vəziyyəti yaxşı olanları Ermənistana deyil, Avropa və ABŞ-a köçürlər. Ermənistana gələnlərin əksəriyyəti isə olduqca kasıb təbəqənin nümayəndələridir və əslində Ermənistan hökuməti üçün əlavə sosial və iqtisadi problemlərə səbəb olurlar.

“Joxovurd” qəzetinin verdiyi məlumata əsasən, cari ilin 1 iyul tarixinə görə Ermənistanda daimi yaşayan əhalinin sayı 2 milyon 961 min 600 nəfər təşkil edir. Ötən ilin analoji göstəriciləri ilə müqayisədə həmin göstərici 8200 nəfər aşağı düşüb. Bu da daimi yaşayan əhalinin əsas azalması vilayət şəhərlərində, kəndlərdə, xüsusilə Şirak vilayətində 2200 nəfər olaraq müşahidə olunub. Bununla yanaşı, doğum sayları da azalıb. Əgər cari ilin birinci yarımilliyində onların sayı Ermənistanda 16111 nəfər idisə, 2018-ci ildə həmin rəqəm 16261 nəfər idi, 2017-ci ildə isə 17171 olub. Adıçəkilən qəzet ölüm hallarının da artdığına diqqət yetirib. Cari ilin 1 iyul tarixi ilə ötən ilin mövcud tarixini müqayisə etdikdə məlum olub ki, ölüm halları 572 dəfə artıb.

Onu da qeyd edək ki, Ermənistanda əhalinin sayının azalmasının başlıca səbəblərindən biri də ölkədəki siyasi, iqtisadi və sosial böhranla bağlıdır. Bugünkü vəziyyət onu deməyə əsas verir ki, Ermənistan əhalisini qarşıdakı illərdə də böyük fəlakətlər gözləyəcək.

Mənsumə Babayeva, “İki sahil”