29 iyul 2020 11:03
437

Ermənistan doğrudan da narahatlıq keçirirsə...

“Azərbaycanda keçirilən təlimlər Türkiyə Cümhuriyyəti il Azərbaycan arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən və illik plana uyğun olaraq keçirilən təlimlərdir və plan təqviminə uyğun olaraq da vaxtaşırı keçirilir. Bu, olduqca yüksək qiymətləndirilməli hadisədir”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Deputat xatırladıb ki, qardaş Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında təbii , tarixi strateji müttəfiqlik əlaqələri mövcuddur: “Əlbətdə istənilən ölkə ilə ortaq maraqlar üzərindən çıxış etmkələ strateji müttəfiqlik əlaqələri yaratmaq olar. Ancaq Türkiyə ilə Azərbaycan arasındakı müttəfiqlik tamamilə fərqli bir müttəfiqlikdir. Ona görə də biz onu təbii-tarixi strateji müttəfiqlik adlandırır, təbii deyən zaman iki ölkənin xalqlarının eyni millət olmasını, tarixi dedikdə isə tarixən çoxsaylı ortaq dövlətlər qurmaqla eyni siyasi keçmişə aid olduğumuzu bildiririk. Bunlar olduqca əhəmiyyətlidir”.

H. Babaoğlu vurğulayıb ki, təkcə ötən əsrdəki münasibətlər tarixinə diqqət edəndə görmək olur ki, Azərbaycanda Xalq Cümhuriyyəti qurularkən Qafqaz İslam ordusu, Türkiyədə Cümhuriyyət qurularkən isə azərbaycanlılar nə qədər fədakarcasına biri – birilərinin yanında olmağı bacarıblar. Bu və buna bənzər çoxsaylı qardaşlıq münasibətləri bu gün də siyasi tariximizin hazırkı mərhələsində müttəfiqliyimizi zəruri edir: “Hazırki mərhələdə Türkiyə-Azərbaycan ittifaqı təkcə iki ölkənin maraqları baxımından deyil, bütövlükdə regionda sabitliyin və inteqrasiyanın təmin edilməsi baxımından da olduqca əhəmiyyətlidir. Çünki bu iki qardaş dövlətin səyləri ilə gerçəkləşdirilən starteji enerji və nəqliyyat kommunikasiya layihələri təkcə Qafqaz regionu üçün deyil, bütövlükdə Avropa üçün də strateji əhəmiyyətə malikdir. Ona görə də bu münasibətlər böyük bir geostrateji rayonda mühüm hərbi-siyasi tarazlıq yaradır. Ermənistan regionda yeganə ölkədir ki, işğalçılıq siyasəti həyata keçirməklə Azərbaycanın 20 faiz torpaqlarını işğal edib, bölgədə daima terror siyasəti həyata keçirib, digər qonşu ölkələrə qarşı da torpaq iddiaları irəli sürməklə bölgənin ümümi inteqrasiyasına və əməkdaşlığına ciddi ziyan vurub. Eyni zamanda, özünü regional əməkdaşlıqdan və inteqrasiyadan mərhum edib”.

Deputat fikrinə əlavə edib ki, əməkdaşlıq və tərəfdaşlığın rəmzi olan və regional təhlükəsizliyə töhfə məqsədilə keçirilən bu təlimlərdən narahat olur. İşğalçı Ermənistan ordusunun dövlət sərhədində törətdiyi təxribatla bu təlimlərin əlaqəsinə gəldikdə isə bunlar arasında əlaqə qurmaq yalnız xəstə erməni təxəyyülünün məhsulu ola bilər: “Azərbaycanın güclü ordusu var, ərazi bütövlüyünü bərpa edəcək professional kadrlara, texniki təchizata və yüksək döyüş qabiliyyətinə mailkdir. Ona görə də ermənilər hadisəni bu cür təqdim etməklə əslində Türkiyə-Azərbaycan müttəfiqliyini siyasi şantaja məruz qoymağa çalışırlar ki, bu da baş tutan məsələ deyil. Əgər Ermənistan doğrudan da narahatlıq keçirirsə, işğal etdiyi Azərbaycan torpaqlarından bir an öncə çəkilsin”.