12 iyun 2020 11:54
1496

Ermənistan hakimiyyəti koronavirusa məğlub olur

Rusiya mediası Ermənistanda koronavirus pandemiyasının ağır fəsadlar yaratmasından, hakimiyyətin səriştəsizliyinin ağır nəticələrə aparmasından yazır

Bu gün dünya ölkələri koronavirus pandemiyası ilə mübarizənin birinci mərhələsini arxada qoyub. Pandemiya bir daha hər bir ölkənin malik olduğu imkanlara, inkişaf modelinə işıq salır. Bu fikri böyük əminliklə qeyd edirik ki, Azərbaycan pandemiyaya qarşı mübarizədə də öz təcrübəsi ilə dünyanın diqqətini çəkdi, əksər ölkələr bu modeldən yararlanmağa səy göstərdi. Mübarizədə əsas amil özünütəcridin həyata keçirilməsi, insanların daha çox evdə qalmağa üstünlük verməsi, bir sözlə, birliyin, həmrəyliyin möhkəmləndirilməsi idi. “Biz birlikdə güclüyük!” devizi əsasında mübarizəyə qoşulan Azərbaycan birinci mərhələni az itki ilə başa vurdu. Bu günümüzün əsas çağırışı müsbət statistikanı qorumaq üçün karantin qaydalarına əməl etmək, sosial məsuliyyət hissini artırmaqdır. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan beynəlxalq səviyyədə də birliyin, həmrəyliyin yaradılmasına nail oldu, dünyanı birləşdirməklə dövlətlər, xalqlar arasında körpü roluna yeni-yeni əlavələr etdi. “COVID-19-a qarşı birlikdəyik” şüarı ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə videoformatda keçirilən Türk Şurasının, eyni zamanda, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin əsas mahiyyətini təşkil etdi. Bildirildi ki, qlobal problem olan pandemiya qlobal yanaşmanı qarşıya mühüm tələb kimi qoyur.

Bunları sadalamağımız səbəbsiz deyil. Azərbaycanın koronavirusla mübarizə təcrübəsi beynəlxalq səviyyədə, xüsusilə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dəstəkləndiyi, eyni zamanda, dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycanın birlik, həmrəylik çağırışını əməli fəaliyyəti ilə təsdiqlədiyini təqdir etdiyi halda hər bir məsələnin həllində səriştəsiz siyasətinin ucbatından normal çıxış yolu tapa bilməyən Ermənistan isə koronavirusun ağır fəsadlar yaratdığı ölkələr sırasında xüsusi yer alır. Təbii ki, səbəb hakimiyyətin səriştəsizliyi, məsələnin ciddiliyinin fərqində olmaması, ən əsası xalqın Nikol Paşinyanın hansısa bir çağırışına dəstək olmaması və əməl etməməsidir. Belə bir ölkədə yoluxma və ölüm hallarının artması qaçılmaz olacaq. Bu günün statistikasına əsasən Ermənistanda daha 566 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə bu virusa yoluxanların sayı 14.669 nəfərə yüksəlib. COVID-19 virusundan ölənlərin sayı 18 nəfər artaraq 245-ə çatıb. Bu ölkədə 8876 nəfər koronavirusa görə hazırda müalicə olunur. Sağalanların sayı isə 5466-ya çatıb.

Erməni mətbuatı da bu faktı təsdiqləyir ki, Baş nazir Nikol Paşinyan və onun komandasının uğursuzluqları hər gün artır. Ermənistan cəmiyyətində və siyasi dairələrdə Paşinyanın fəaliyyətindən narazılıq günbəgün genişlənir. Nikol Paşinyanın nəinki ölkə, beynəlxalq səviyyədə reytinqi heçdir. Region dövlətlərinin pandemiya ilə bağlı statistikasına müraciət edən erməni xalqı Paşinyanın yarıtmaz siyasətinin pandemiya dövründə də özünü qabarıq şəkildə büruzə verdiyini bildirirlər. Ermənistan hakimiyyəti uğursuz təcrübənin yol açdığı fəsadları ört-basdır etmək üçün, digər ölkələrdə, o cümlədən Gürcüstanda müsbət nəticələrin şişirdildiyini söyləməyi yeganə çıxış yolu hesab edir. Ermənistan səhiyyə nazirinin reallıqdan uzaq açıqlaması işğalçı dövlətdə, həmçinin Gürcüstanda böyük narazılıqla qarşılanıb. Səbəb reallıq göz önündə olduğu halda Paşinyanın həqiqəti yalanları ilə ört-basdır etməyə çalışmasıdır.

Yenə də eyni mənzərələr müşahidə olunmaqdadır. Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən xalqın sərt reaksiyası ilə üzləşib. Siyasətdən ümumiyyətlə xəbərsiz olan bu şəxsin ölkədə normal ab-hava yaratmaq, iqtisadi və sosial fəsadların aradan qaldırılması üçün lazımi addımlar atmaq imkanında olmaması diqqətdən kənarda qalmır. Bugünkü gündə bütün dünya koronavirus pandemiyasından xilas olmağın yollarını axtardığı halda Paşinyanın hələ də bunun ciddiliyini qəbul etməməsi artıq onun nə qədər səriştəsiz olduğunu nümayiş etdirir. Bu gün diqqət çəkən əsas məqam Ermənistan baş nazirinin yoluxma hallarının sayının artmasında xalqı təqsirləndirməsi, onları məsuliyyətsizlikdə ittiham edərək maska taxmağa çağırışlar etməsidir. Maraqlı çağırış deyilmi? Bu baxımdan ki, artıq koronavirusun birinci mərhələsi başa çatıb, növbəti dalğası yaşanır, Ermənistan hakimiyyəti indi dərk edir ki, özünütəcrid qaydalarına riayət etmək, gigiyena qaydalarını qorumaq əsasdır.

Daim bildirildiyi kimi, hər bir ölkənin inkişafı idarəçilik sisteminin düzgün qurulmasından, təkmilləşmənin həyata keçirilməsindən asılıdır. İşğalçılıq siyasəti ucbatından bütün enerji layihələrindən kənarda qalan Ermənistan daim iqtisadi böhran içərisində çapalayıb. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Ermənistan ən kasıb ölkə kimi yer alır. Ermənistanın dövlət büdcəsinin 70-80 faizi xarici ianələrin, erməni diasporunun yardımları əsasında formalaşır. Belə bir ölkənin pandemiyanın hər bir dövlətin insanlarının sağlamlığı ilə yanaşı, iqtisadiyyatına vurduğu ziyanı aradan qaldırmasını düşünmək sadəlövlük olar. Koronavirus infeksiyasının ölkədə sürətlə yayılması vəziyyəti daha da ağırlaşdırır. Pandemiya onsuz da sosial-iqtisadi tənəzzül içində yaşayan ölkədə ictimai gərginliyi artırmaqla yanaşı, əhalinin rifah halını daha da pisləşdirir. Hakimiyyətə gəldiyi gündən nəinki ölkədə, dünya dövlətləri ilə münasibətdə normal ab-hava yaratmaq imkanında olmayan Nikol Paşinyan qlobal çağırış olan birliyin, həmrəyliyin vəziyyətdən çıxmaq üçün əsas amillərdən olduğunu da dərk etmək istəmir. Bu isə yoxsulluq içərisində çapalayan Ermənistanın iqtisadi vəziyyətini ağırlaşdırır.

Rusiya mətbuatı da Nikol Paşinyanın uğursuz siyasətinin ölkəni ağır sosial gərginlik məngənəsinə sürükləməsindən yazır. Bildirilir ki, koronavirus işğalçı ölkəni tamamilə çökdürüb.

Yeganə Əliyeva,

“İki sahil”