KÖŞƏ

Vəli İlyasov

Ermənistan hara gedir?

30 dekabr 2020 15:06
1893

Ordusu darmadağın edilmiş və əhalisi pərən-pərən düşmüş Ermənistan hara gedir?

Döyüş meydanında ağır məğlubiyyətə uğramış Ermənistanda hələ də itkilər hesablanmaqdadır. Hər gün ölü, yaralı əsgər və zabitlərin, itkin düşənlərin sayı barədə yeni məlumatlar verilir. Buna baxmayaraq, bir qrup radikal erməninin ağılsız müharibə çağırışları ölkədə əks-səda yaratmır, çünki müharibədə həlak olan, yaralanan və itkin düşənlər heç bir iddiası olmayan, bir tikə çörəyə möhtac olan kasıb  ailələrin övladlarıdır.

44 günlük müharibədə müzəffər ordumuzun darmadağın etdiyi Ermənistan təkcə cəbhədə ağır hərbi məğlubiyyətə uğramaqla canını qurtarmadı, həm də məğlubiyyətin yaratdığı təhlükəli reallıqlar bu ölkənin daxilində faciəli nəticələrə gətirib çıxardı: sosial-iqtisadi-hərbi böhran, siyasi qarşıdurma, məğlubiyyətin yaratdığı mənəvi-psixoloji gərginlik.

Ermənistanda gərgin  xaos və iqtisadi böhran yaşanır. Bu ölkənin prezidenti Armen Sarkisyanın bu günlərdəki etirafları da otuz ildən artıq müddətdə işğalçılıq siyasəti yürüdən Ermənistanın düşdüyü vəziyyət, bunun fonunda Azərbaycanın illər ərzində torpaqlarının  azad edilməsi istiqamətində əzmkarlıqla irəliləməsini və buna nail olmasını tam aydınlığı ilə göstərir. İndiyə qədər lovğalıqla məğlubedilməz ordudan, keçilməz  “Ohanyan xətti”ndən, böyük siyasi gücdən bəhs edən Ermənistan rəhbərliyi birbaşa prezident səviyyəsində hər şeyi etiraf edir.  Prezident Armen Sarkisyanın etiraflarının əsasını düçar olduqları məğlubiyyət  təşkil edir və o istəmədən belə Azərbaycanın gücünü dilə gətirməyə məcbur olur. “Minlərlə gəncin ölümü həm cəmiyyət, həm də onların ailələri üçün faciədir”, - Ermənistan prezidenti belə deyir. 44 günlük müharibədə Ermənistan ordusunun canlı qüvvəsinin yarıdan çoxu, hərbi texnikasının isə 80 faizi sıradan çıxdı. Rəsmi İrəvan itkilərin miqyasını nə qədər azaltmağa çalışsa da, müstəqil mənbələr yeni dəhşətli rəqəmləri açıqlayırlar.

“Sputnik armeniya” yazır ki, müharibədə Ermənistan ordusunun 8,472 hərbçisi məhv edilib, 13 mini yaralanıb, 500-dən çoxu əsir düşüb, 3 min hərbçidən isə xəbər yoxdur. “Ekspert.ru” saytı isə “Ermənistan Qarabağa yığdığı 80 min əsgərin 30-40 faizini (yəni, 20-30 min) itirdi” yazıb. “Politik.am” yazır ki, itkin düşdüyü hesab olunan 1400 hərbçinin əksəriyyəti məhv edilib, şəxsiyyəti müəyyənləşdirilməyən 700-dən çox hərbçinin cənazəsi isə müxtəlif morqlarda saxlanılır.

Göründüyü kimi, bu rəqəmlər erməni mənbələrinin azaltmaqla göstərdikləri rəqəmlərdir. Qarabağda müharibə ayyarımdan çoxdur ki, başa çatsa da Ermənistan hakimiyyəti  itkilərlə bağlı hər gün yeni siyahılar  açıqlayır və bu, cəmiyyət içərisində  itkilərin sayının çoxluğu ilə bağlı təsiri azaltmaq məqsədi daşıyır. Ancaq həftələr keçdikcə doğmalarından hələ də xəbər verilmədiyini görən ailələr hökumətin, hərbi strukturların təmsilçilərinin yalançı məlumatlarına inanmırlar. Bu isə cəmiyyətdə yaşanan böhranı daha da artırır.

Təəccüblüdür ki, bu gün Ermənistanda radikal əhval-ruhiyyəli ünsürlər hazırlaşıb revanş götürmək,  2021-ci ilin mart-aprel aylarında yeni ağılsız müharibə çağırışları etməklə bu sınıq-salxaq dövlətin axırına çıxmaq qəsdində olduqlarını anlamırlar. Onlar hələ də Azərbaycan ərazilərində silahlı diversiya qrupları saxlamaqla  xəyanətkar planlarının baş tutacağına ümid edirlər.

Məlum olduğu kimi, kəşfiyyat bölmələrimiz əsasən Hadrut meşələrində və bəzi yerlərdə gizlənmiş həmin qrupları aşkar edərək zərərsizləşdirir.  Ancaq ağlı başında olan bəzi tanınmış erməni xadimləri, Rusiyada məşhur kinorejissor Karen Şahnazarov, prodüser Sergey Danielyan, o cümlədən Ermənistanın  keçmiş baş naziri, siyasətçi Jirayr Liparidyan ermənilərə məsləhət verirlər ki, qonşu Azərbaycana və Türkiyəyə qarşı iddialarla yaşamaqdansa, çamadanlarını götürüb yaşamaq üçün hansısa ölkəyə getsələr daha yaxşı olar. Çünki bundan sonra Ermənistanın taleyi Azərbaycan və Türkiyədən daha çox asılıdır. Bu dövlətlərlə əsassız ərazi və uydurma soyqırımı iddiaları, gicbəsər düşmənçilik siyasəti Ermənistanı və onun qondarma dövlətçiliyini qarşısıalınmaz məhvə apara bilər.