18 noyabr 2019 20:36
814

Ermənistan hökumətinin bütün vədləri yarımçıq qalıb

Təxminən bir il ərzində erməni xalqı onun bütün vədlərinin blef olduğunu gördü və artıq ondan üz döndərməkdədir

Ermənistanın baş naziri Nikol Paşinyanın demokratiya və yüksək rifah vədi xeyli müddət keçməsinə baxmayaraq, hələ də yerinə yetirilməyib. Belə görünür ki, bu gedişlə heç yerinə yetirilməyəcək də. Çünki artıq Paşinyan və onun ətrafı istisna olmaqla, erməni cəmiyyətində inqilabi eyforiyaya dəyər verənlərin sayı kəskin şəkildə aşağı düşüb. Təbii ki, bunu Paşinyan da yaxşı anlayır. Təbii ki, bununla barışmaq istəməyən baş nazir, ilk olaraq, qabaqlayıcı addımlar atmaq zorunda qalır. Məsələn, məhz onun göstərişi ilə həyata keçirilən həbslər, korrupsiyaya qarşı mübarizə şüarları da bu qəbildəndir. Ancaq həbs və ziddiyyətlərin qaynağının məhdud olduğunu başa düşən Paşinyan, bununla, çat verməkdə olan reytinqinin yüksək səviyyəyə qaldıra bilməyəcəyini də tezliklə anladı.

Bu gün Ermənistanın “məxməri inqilabının” ölkədə yaratdığı yüksək əhval-ruhiyyə barədə danışmaq əbəsdir. Bu inqilabın eyforiyası artıq çoxdan obyektiv olaraq səngiyib. Çünki artıq xalq deyilənlərə yox, gördüklərinə inanmağa başlayıb. Bu gün əksər erməni siyasətçiləri Paşinyanın ən böyük səhvlərindən biri kimi, onun kadr siyasətində peşəkarlığa deyil, inqilabda iştirakçılığa əsaslanmasını göstərirlər. Onlar Paşinyan komandasının ölkə parlamentində qəbul etdirdikləri “iqtisadi inkişaf proqrammı”nı da naşı kadr siyasətinin bəhrəsi kimi dəyərləndirirlər. Ümumiyyətlə, Ermənistanda sosial-iqtisadi böhran və siyasi gərginliyin bu il partlayış həddinə çatacağı gözlənilən idi. Beynəlxalq təşkilatların Ermənistanla bağlı verdiyi açıqlamalarda da işğalçı ölkədə yoxsulluğun səviyyəsinin artdığı və bu tendensiyanın davam edəcəyi göstərilirdi. Son illərdə, bu ölkədə əhalinin yaşayış səviyyəsi sürətlə aşağı düşür. Qiymətlər bahalaşır, əhalinin gəlirləri isə artmır. Ekspertlərin hesab edir ki, istehlak qiymətlərinin artması və inflyasiyanın dərinləşməsi fonunda maaşların artmaması isə yoxsulluğun səviyyəsinin yüksələcəyini deməyə əsas verir. Erməni iqtisadçıları isə deyir ki, Yerevan ciddi tədbirlər görməsə, 2020-ci ildə Ermənistanda əsl sosial-iqtisadi fəlakət baş verəcək və əhalinin 70 faizi yoxsulluq həddində yaşayacaq. Erməni KİV-lərinin yaydığı xəbərə görə, ötən illərə nisbətən Ermənistanda sosial-iqtisadi vəziyyət bu il daha ümidsiz şəkil alıb. Məlumatlarda qeyd olunur ki, hökumətin böhrana qarşı yürütdüyü iqtisadi tənzimlənmə proqramı öz effektini verməyib. Çünki, 2019-ci ilin 9 ayı ərzində Ermənistanda iqtisadi-sosial proqramların cəmi 50 faizi həyata keçirilib. Ekspertlər bildiriblər ki, işsizliyin səviyyəsinin azaldılması ilə bağlı Paşinyan hökumətinin vədi yerinə yetirilməyib. Ölkədə əlillərin məşğulluğu isə dörd dəfə azalıb. Geriləmənin əsas səbəbi korrupsiya və “kölgə iqtisadiyyatı” ilə mübarizə pərdəsi altında idarəçiliyin yarıtmaz olmasıdır. İqtisadçı Tadevos Avetisyan bildirib ki, 2018-ci ildə sosial proqramların həyata keçirilməsi bu ilin doqquz ayında olduğundan 25 faiz çox olub. Belə ki, dövlət büdcəsindən 250 min işsiz vətəndaş üçün ayrılan vəsaitin cəmi 25 faizi onların məşğulluğunun təmin edilməsinə xərclənib. Ekspert minlərlə insanın sosial müdafiədən məhrum olduğunu qeyd edərək xatırladıb ki, ölkənin Əmək və Sosial Məsələlər Nazirliyi konstitusiyanın müvafiq maddələrini kobud şəkildə pozur. Hökumət isə işsizlərin özlərini günahlandırıb. Qeyd edib ki, az maaşa qane olmayan erməni fəhlələri hindistanlılar əvəz edirlər.

İqtisadi böhranın dərinləşməsi, inflyasiyanın səviyyəsinin artması nəticəsində əhali Ermənistanı sürətlə tərk edir. Beynəlxalq təşkilatların hesabatlarında bildirilir ki, 2005-ci ildən başlayaraq ermənilərin Ermənistanı tərk edərək başqa ölkələrin vətəndaşlığını qəbul etmələri halı artıb. Sərhədyanı ərazilərdə yaşayan ermənilər kütləvi şəkildə Gürcüstana günəmuzd işləməyə gedirlər ki, ailələrini yaşada bilsinlər. Orada qazandıqları isə yalnız yemək puluna çatır.

Qeyri-rəsmi məlumatlara görə isə, Ermənistanda işsizliyin səviyyəsi 30 faizə qədər yüksəlib. Bütün bunlar Ermənistanda acınacaqlı vəziyyətin hökm sürdüyünün, ölkənin təkcə demoqrafik yox, həm də böyük sosial-iqtisadi tənəzzül içərisində olduğunu göstərir. Hazırkı proseslər Ermənistan cəmiyyətində gedən böhranın üzdə görünən əlamətləridir. Ölkədən əhalinin durmadan köçməsi, ölkə iqtisadiyyatının tənəzzülü, ölkənin regional iqtisadi layihələrdən kənarda qalması, iqtisadi, siyasi, hərbi, diplomatik sahədə uğursuzluqlar göz qabağındadır. Ermənistan hakimiyyəti hazırkı siyasətini davam etdirərsə, bundan sonra da bu cür böhran əlamətləri tez-tez görünəcək. Çünki ölkənin iqtisadi tənəzzülü artıq dönməz xarakter daşıyır, bunun qarşısını almaq üçün isə hökumət konkret proqram və sənədlərə malik deyil.

Sevinc Azadi, “İki sahil”