12 iyun 2019 11:13
176

Ermənistan iqtisadiyyatı xarici investorlar üçün cəlbedici deyil

2019-cu ilin birinci rübündə Ermənistana yatırılan birbaşa xarici investisiya axını 7,6 milyon dollar təşkil edib. Bu barədə Ermənistan Milli Statistika Xidməti məlumat yayıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə dəfələrlə aşağı göstəricidir. Belə ki, 2018-ci ilin ilk rübündə Ermənistana yatırılan birbaşa investisiyalar 83,6 milyon dollar təşkil edib.

Belə ki, cari ilin ilk rübündə Ermənistana ən çox xarici investisiya Rusiyadan qoyulub. Rusiyadan sonra bu ölkəyə xarici sərmayə yatıran əsas ölkələr isə İtaliya, Livan, Finlandiya, Kipr və Birləşmiş Ərəb Əmirlikləridir.

Göründüyü kimi, Paşinyan hökumətinin ciddi səylərinə baxmayaraq xarici sərmayələr ölkədən qaçır. Yeri gəlmişkən onu da qeyd edək ki, bu günlərdə Nikol Paşinyan Ermənistanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndələri ilə görüşüb. Paşinyan deyib ki, Ermənistanın ən böyük problemlərindən biri xarici investisiya ilə bağlıdır. Belə məlum olub ki, xarici sərmayədarlar ölkəyə investisiya qoymaqda maraqlı deyillər: “Biz ölkəmizdə xarici investisiyalar üçün ən cəlbedici şərait yaratmaq üçün əlimizdən gələni edirik”.

Eyni zamanda, Paşinyan onu da qeyd edib ki, müstəqil fəaliyyət göstərən məhkəmə sistemi olmadan bu məsələ tam həll olunmayacaq. Çünki hər hansı bir investor onun investisiyalarının, əmlakının təminatına zəmanət istəyir: “Lakin belə bir zəmanət yalnız müstəqil məhkəmə sistemi tərəfindən verilə bilər”.

Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı ekspert Vüqar Bayramov mövzu ilə bağlı qəzetimizə açıqlamasında xarici investorların işğalçı Ermənistana maraq göstərməməsini bir sıra amillərlə əlaqələndirdi: “Bu gün Ermənistan bütün dünyada təkcə təcavüzkar kimi yox, həm də xarici yardımlardan asılı və kənardan kömək olmadan mövcudluğunu qoruyub saxlaması mümkünsüz olan bir dövlət kimi tanınır. Son illər Qərb ölkələri və erməni diasporu tərəfindən ayrılmış maliyyə vəsaitlərinin öz təyinatı üzrə istifadə olunmaması Ermənistana göstərilən yardımların ilbəil azalmasına gətirib çıxarıb. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq maliyyə qurumlarından Ermənistana ayrılan kreditlərin də korrupsiyaya məruz qaldığı barədə xeyli faktlar aşkar olunub. İşğalçı ölkə özünün reabilitasiya imkanlarını tamamilə itirib. Qeyd edim ki, 2019-cu ilin əvvəlinə Ermənistanın xarici borcları 5 milyard dolları keçib. Belə vəziyyət hələ bir neçə il davam edəcək. Paşinyanın bir sıra cəhdlərinə baxmayaraq xarici sərmayədarlar Ermənistan iqtisadiyyatına investisiya qoymaqda maraqlı deyillər. Səbəblərdən biri Ermənistan iqtisadiyyatının kiçik və rentabellik səviyyəsinin aşağı olmasıdır. Ermənistan iqtisadiyyatı regionda xarici investorlar üçün cəlbedici deyil”.

V.Bayramovun sözlərinə görə, ermənilərin özləri də bu gün sosial böhran və çöküş astanasında olan Ermənistanı gələcəyi olmayan, qeyri-müstəqil dövlət sayır, ölkəni tərk etmək məcburiyyətində qaldıqlarını bildirirlər: “Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, 1991-ci ildən sonra Ermənistan əhalisinin sayı 20 faizdən çox azalıb. Ölkəni tərk edənlərin əksəriyyəti geri qayıtmaq istəmir. Bütün bunların səbəbi isə birbaşa iqtisadi böhranla əlaqədardır. Ermənistanda cəlbedici iqtisadiyyat olmadığına görə, bu, investorların ölkə iqtisadiyyatına marağının daha da azalmasına gətirib çıxarır. Baxmayaraq ki, Paşinyan bununla bağlı islahatların aparılacağını demişdi, amma hələlik ortada real iş yoxdur. Başqa bir tərəfdən, Ermənistanda investisiya mühitinin yaxşılaşması böyük zaman tələb edir. Orada sərmayə mühiti əlverişli vəziyyətdə deyil. Ona görə də yaxın illərdə Ermənistan iqtisadiyyatına xarici sərmayə qoyuluşunun artacağı gözlənilmir”.

Cavid Əkbərov, “İki sahil”