11 fevral 2019 17:47
192

Ermənistan Müdafiə Nazirliyi muzdlu əsgərin ölümünü gizlədib

Ermənistan Müdafiə Nazirliyi Yeni il gecəsi güllələnən muzdlu əsgər Edqar Qriqoryanın ölümünü gizlədib.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, bunu jurnalistlərə ölkənin ombudsmanı Arman Tatoyan bildirib. Onun sözlərinə görə, məsələni dəqiqləşdirmək üçün Ermənistan Müdafiə Nazirliyinə və hərbi prokurorluğa sorğu göndərilib.

“Biz aydınlaşdırmaq istəyirik ki, muzdlu əsgər hansı şəraitdə öldürülüb və bu fakt nədən ictimaiyyətə açıqlanmayıb”, -deyə ombudsman vurğulayıb. O əlavə edib ki, sözügedən məsələ cəmiyyətə böyük rezonans doğurub.

Erməni mətbuatının yaydığı xəbərdə deyilir ki, ölən əsgərin üç azyaşlı uşağı var. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti isə qəribə məlumat yayıb: ”Biz əsgərin ölümü barədə məlumat verməmişik, amma onu gizlətməmişik”.

Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komitəsi də bu məsələnin araşdırılmasına başlayıb.