07 avqust 2019 19:26
190

Ermənistan ordusu zabitlərinin əsgərlərə qarşı zorakılıqları davam edir

Ermənistanın işğalı altındakı Ağdərə rayonu ərazisində, Madagiz kəndindəki düşmənin hərbi hissəsində zabitlərin əsgərlərə qarşı zorakılıqları davam edir.

AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, hərbi hissənin bir neçə zabiti barəsində cinayət işi başlanıb, digərləri müxtəlif cinayətlərə görə məhkum edilib. Amma onlar xidmətdən azad olunmayıblar və hələ də hərbi hissədə qulluq edirlər. Bu il iyunun 12-də gecə saatlarında mayor Faxradyan əsgərləri yerə yıxaraq onları tapdalayıb. O, əsgərləri “Yat” komandası verildikdən sonra kazarmanın yataqxanasında yemək yedikləri üçün cəzalandırıb. Əsgərləri yemək yeyərkən yaxalayan mayor onlardan üçünü - kiçik serjant Mxitar Sarkisyanı, Sergey Qriqoryanı və Narek Petrosyanı döyüb. Səhər saat 7.30-da isə o, polkun qarşısında Poqosyanı və daha beş hərbçini sıraya düzüb. Butulka ilə kiçik serjant Poqosyanın başına və sifətinə zərbələr endirın mayor digərlərinə uzanmağı əmr edib və onları tapdalayıb.

Bu əməllərinə görə həmin ilin avqustunda məhkəmə mayorun barəsində başqa yerə getməmək barədə iltizam tədbiri barədə hökm çıxarıb. İl yarım davam edən istintaq dövründə hərbi prokurorluq mayoru təcrid etməyib və o, xidmətini davam etdirib. Nəhayət, bu ilin fevralında Gorus məhkəməsi mayor Faxradyanı dörd il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Lakin onun cəzası şərti cəza ilə əvəzlənib. Bu qərar qəbul olunarkən polk komandirinin təqdim etdiyi müsbət xarakteristika əsas götürülüb. Ancaq hökmdən cəmi bir neçə ay sonra Faxradyan yenə əsgəri döyüb və iş hərbi prokurorluğa göndərilib. Amma mayor yenə də məhkum edilməyib. Bu dəfə də onun barəsində başqa yerə getməmək haqda iltizam tədbiri seçilib.

Cinayətkar mayor Faxradyan prokurorluğun, hakimlərin, komandirlərinin, polkovnik Armen Gözəlyanın, müdafiə naziri Davit Tonoyanın tam himayəsi altındadır. Madagizdəki hərbi hissədə zorakılıq və cinayətlər isə davam edir.