04 avqust 2020 18:24
1516

Ermənistan ordusunun son durumu: Nizamsızlıq, pərakəndəlik, hər gün artan yoluxma sayı

Məlumdur ki, Ermənistanda COVID-19 pandemiyasından ölənlərin sayı artıb. Ermənistanda son sutka ərzində daha 196 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. Ölkədə koronavirusa yoluxanların ümumi sayı 39 298 nəfərə çatıb. Son sutkada 6 xəstə ölüb, bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 768 nəfərə çatıb. Koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər isə 228 nəfərdir.

Son zamanlar ordusunun “gücünə” arxayın olub,  bu cür kritik dönəmdə belə  təxribata əl atmaqdan çəkinməyən işğalçı ölkənin əsgərləri arasında da koronavirus sürətlə yayılmağa başlayıb. Ermənistan müdafiə nazirinin sözçüsü Şuşan Stepanyan bildirib ki, 1 iyul tarixində hərbi xidmətə çağırış başlayandan iyulun 30-na kimi 30 əsgərdə koronavirus aşkarlanıb.

Hər zaman olduğu kimi, Paşinyan hakimiyyəti koronavirusla mübarizədə də aciz durumda qalıb. Ölkədə acınacaqlı vəziyyət, əhalinin sosial durumunun ağırlaşması, kasıblıq, sosial təminatın pisləşməsi və şəraitsizlik virusun yayılmasını sürətləndirib. Artıq koronavirus işğalçı ölkənin ordusuna da yol açıb.  Ermənistan ordusunda xidmətdə olan hərbi qulluqçuların yaxınları yaranan vəziyyətlə əlaqədar təşvişə düşüblər. Onların sözlərinə görə, rəsmi qurumlar virusa yoluxan hərbçilərin sayını gizlədirlər.  Ermənistan ordusunda virusun yayılması bu aylara təsadüf etmir, hələ may ayında əsgərlər arasında virusa yoluxma halları aşkarlanmışdır. Sadəcə hakimiyyət bunu ictimaiyyətdən gizlədib.  Ermənistan rəhbərliyi  əhalini inandırmağa çalışır ki, ölkədə virusa yoluxma faktı yoxdur. Bununla yanaşı,  müvafiq dövlət orqanları lazımi tədbirləri həyata keçirirlər  ki, koronavirus Ermənistana “keçməsin”.

 Ermənistan rəhbərliyi orduda virusa yoluxanların həqiqi sayını ona görə gizlədir ki, sosial etirazlardan və bunun ciddi panikaya səbəb olacağından qorxur. Həm özünü, həm də atdığı səhv addımların sayını itirən Ermənistan virusa yoluxmuş hərbçilərin sayını gizlədərək mövcud vəziyyəti daha da gərginləşdirməkdən başqa bir məshəbə qulluq etmirlər.  Lakin erməni mediası zaman-zaman bu faktları ictimailəşdirib. Yerli medianın yazdığına görə, bir müddət öncə Ermənistan silahlı qüvvələrinin bölmələrində və bütövlükdə yaşayış məntəqəsində koronavirusa kütləvi yoluxma faktı qeydə alınıb. Kütləvi yoluxma halı ilə əlaqədar yaşayış məntəqəsinin giriş-çıxışı bağlanıb. Yaşayış məntəqəsinin karantinə alınmasına əsas səbəb ailə üzvləri ilə birlikdə koronavirusa yoluxmuş sahə həkimi Hovik adlı şəxsin kənd camaatını da infeksiyaya yoluxdurmasıdır. Erməni mediası yazır ki, həkim bu faktı gizlətdiyi üçün yanına gəlib-gedən xəstələrin - kənd camaatının da infeksiyaya yoluxmasına səbəb olub. Eyni zamanda, müəyyənləşdirilib ki, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyanın D-20 artilleriya divizionunda xidmət edən bütün şəxsi heyət koronavirus testindən keçirilib.

Əslində, Ermənistan ordusunda koronavirusun yayılacağı gözlənilən idi. Çünki Ermənistan ordusunun yeganə problemi koronavirus deyil.Ermənistan ordusu yeni sanitar-epidemioloji normalara uyğun təmin olunmuş kazarmalara, yeməkxanalara malik deyil. O baxımdan infeksiyanın orada daha da yayılması ehtimalı çox böyükdür. Ermənistan ordusunun təminat səviyyəsi çox aşağıdır. Şəxsi heyətin izolyasiyası problemli şəkildədir. Səbəb onunla bağlıdır ki, kazarmalar, səngərlər köhnədir. Bu sahədə yeni infrastruktur yox səviyyəsindədir. Ona görə də koronavirus Ermənistan ordusunda sürətlə yayılır.  Ordunun az maliyyəşməsi, müasir silahların olmaması, eyni zamanda, hərbi qulluqçular arasında nizamnamədən kənar münasibətlərin olması kimi kifayət qədər səbəblər var.Keyfiyyətsiz qida məhsulları,  əsgərlərin immunitetinin zəif, yaşam şəraitinin və tibbi təminatın yarıtmaz olması səbəbindən virusa yoluxma hallarında kütləvi artım müşahidə olunur. Yəni, koronavirus nə qədər güclüdürsə, Ermənistanın müdafiə metodu, mübarizə üsulu, iqtisadi gücü, idarəetmə prinsipi bir o qədər zəifdir.

Bütün bunlar onu göstərir ki, pandemiya ilə mübarizədə ordusunun, xalqının acınacaqlı durumu Ermənistan rəhbərliyini zərrə qədərdə də olsun maraqlandırmır. İşğalçı ölkə üçün əsas olan sadəcə öz prinsipləri, məkr qoxan təxribatları, kimlərinsə diqtəsi ilə sifarişlər icra etməsidir. Dünya dövlətləri bəşəri bəlaya qarşı mübarizə yolları axtardığı bir vaxtda ermənilərin sadəcə ucuz hərbi şoular, müxtəlif çirkin təxribatlar uğrunda özünü səfərbər etməsi necə də acınacaqlıdır. COVID-19-la mübarizə həm də qlobal həmrəylik, birlik, məsuliyyət tələb edir. Bu baxımdan, indiki zaman qəti şəkildə separatçılıq, faşistlik, vandallıq, məkr üçün uyğun deyildi. Çünki dövr qlobal bəlaya qarşı birgə mübarizə aparmaq zamanıdır. Təəssüf ki, bunu qanmayan Ermənistan kimi işğalçı  təfəkkürə xidmət edən xalq var. Yəqin ki, işğalçı ölkə dünyanın üzərindəki bu qara buludun, bəlanın fərqində deyil. Ya anlamır, ya da anlamaq istəmir. Amma istənilən halda düşmənin laqeydlik göstərərək savaşa təşəbbüs etməsi  onun əsl simasını bütün dünya göstərdi. Ermənistan hakimiyyətinin dırnaqarası yanaşdıqları koronavirus öz hünərini göstərərək bu gün bu xalqa meydan oxumaq iqtidarındadır. Nəticə isə göz qabağındadır ölkədə hökm sürən nizamsızlıq, pərakəndəlik, hər gün artan  yoluxma və ölüm sayı…

Yaqut Ağaşahqızı, “İki sahil”