22 may 2020 10:39
225

Ermənistan pandemiya bataqlığında daha dərinə batır

Erməni mətbuatı yazır ki, Nikol Paşinyan hökuməti xalqın aqibətini taleyin ümidinə buraxır

Koronavirus pandemiyası onsuz da sosial-iqtisadi tənəzzül keçirən Ermənistanı xaotik vəziyyətə salıb. Əslində o, yoxsul ölkə olduğu üçün koronavirusla mübarizədə yetərli maliyyə vəsaitinə malik deyil. İşğalçı ölkə bu gün faktiki olaraq iflic vəziyyətindədir. Baş nazir Nikol Paşinyanın səbatsız siyasəti bu ölkəni ağır sosial gərginlik məngənəsinə salıb. Məhz buna görə də hazırda respublikada ictimai-siyasi gərginlik durmadan güclənir. İş o yerə çatıb ki, Ermənistan ictimaiyyəti və KİV-lər koronavirusla, eləcə də ölkədəki acınacaqlı sosial-iqtisadi vəziyyətlə bağlı ayrı-ayrı hakimiyyət nümayəndələrinin verdikləri ziddiyyətli açıqlamalara inanmadıqlarını bildirirlər.

Bütövlükdə Ermənistan hökuməti ölkədəki problemləri həll etmək iqtidarında deyil. İş o yerə çatıb ki, baş nazir Nikol Paşinyan özünün başçılıq etdiyi Nazirlər Kabinetini “keyfiyyətsiz bir komanda” adlandırıb. Ermənistan mətbuatının yaydığı məlumatdan aydın olur ki, bu ölkənin baş naziri Nikol Paşinyan bu günlərdə “Facebook”da canlı yayımda Ermənistan cəmiyyəti üçün bir sıra sensasion açıqlamalar verib. O, hətta gələn ilin Ermənistan üçün çox pis olacağını söyləyib: “Cəmiyyətin vəziyyətini yüngülləşdirmək üçün hökumət olaraq heç nə edə bilmərik. İndi kim deyə bilər ki, koronavirus böhranı nə qədər davam edəcək? Məsələn, mən bunları deyə bilərəm: Hesablamalarımız göstərir ki, ən azı gələn ilin martına qədər bu böhran içində boğulacağıq. Deyirəm ki, böhran bir ildən də çox davam edə bilər. Böhran bütövlükdə Ermənistana, hökumətə, siyasi hakimiyyətimizə və ən əsas da nüfuzumuza təsir edəcək.”

Erməni mediası Paşinyanın Ermənistan cəmiyyətinə “gələcək addımlar” barədə düşünməyi, yəni hökumətin istefasını tələb etməyi təklif etdiyini də yazıb.

Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan öz “Facebook” səhifəsində yazıb: “Ermənistan koronavirusa yoluxma hallarının artım tempinə görə dünya rekordu vurub. 16 mayda Ermənistanda koronavirus xəstələrinin sayı 4283 nəfər elan olundu. Bu, o deməkdir ki, bir gündə 239 nəfər yoluxub.”

H.Baqratyan yazıb ki, 5,9 faiz artım tempi deyəsən ya dünya rekordudur, ya da ən pis nəticələrdən biridir: “Müqayisə üçün həmin bu bir gündə yeni xəstələrin kəmiyyət artımının dünyadakı sayı ABŞ-da 2.2 faiz, Rusiyada 1.8 faiz, Türkiyədə 3.8 faiz, İranda 1 faizdən aşağı, Gürcüstanda 0.3 faiz olub.”

Ermənistan KİV-ləri pandemiya ilə mübarizədə səriştəsizlik göstərən hökumətin xaotuk qərarlarını ciddi şəkildə tənqid edib. Qeyd olunur ki, Ermənistanda epidemiya sürətlə davam edərkən hökumət iqtisadiyyat sahələrini açmaqdadır. Koronavirus infeksiyası halları daha aşağı olduğu vaxt fövqəladə vəziyyət elan edildi. İndi yoluxmuş insanların sayı bir neçə dəfə çox olduğu bir vaxtda Paşinyan hökuməti, demək olar ki, bütün məhdudiyyətləri ləğv edərək xalqın aqibətini taleyin ümidinə buraxır. Təsadüfi deyil ki, Ermənistanda infeksiyanın yayılması Gürcüstanla müqayisədə bir neçə dəfə çoxdur. Gürcüstanda virusa yoluxmuş insanların sayı 600-dən bir qədər artıq, Ermənistanda isə bu rəqəm mayın 19-na olan məlumata görə, 5041 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 64 nəfərə çatıb. Gürcüstanda koronavirusdan ölənlərin sayı 10 nəfərə çatmır, Ermənistanda isə ölənlərin sayı 64 nəfərdir. Göründüyü kimi, Ermənistanda koronavirusa yoluxanların kəmiyyət artımı bir sıra ölkələrlə müqayisədə daha çoxdur.

Bu məsələ ilə bağlı Ermənistanın Politik.am saytı belə yazıb ki, belə bir vəziyyətdə belə bir bəyanatla çıxış edən hökumət başçısı əslində məsuliyyətdən qaçmağa çalışır, çünki o, bir müddət öncə hər şeyin yaxşı olacağına söz vermişdi. Bundan əlavə, baş nazir Ermənistan dövlətinin pensiya ödəmək gücünə malik olmayacağı bir vəziyyətin yarana biləcəyini belə istisna etməyib.”

Zahid Rza, “İki sahil”