24 oktyabr 2020 19:59
788

Ermənistan rəhbərliyi rəzil duruma düşməkdə davam edir

Zöhrab Mnatsakanyanın CNN-ə müsahibəsi göstərdi ki, işğalçı ölkənin siyasi rəhbərliyi reallıq hissini itirib

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın CNN-ə müsahibəsi göstərdi ki, işğalçı ölkənin siyasi rəhbərliyi reallıq hissini itirib və onlar düşdükləri məğlub durumdan çıxış yolunu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri təhrif etməkdə görürlər. Aparıcının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətləri səsləndirməsi, Gəncənin atəşə tutulması, Ermənistanın işğalçılıq siyasəti barədə sərt suallarının qarşısında Mnatsakanyan aciz qaldı. Mnatsakanyanın Dağlıq Qarabağda başlanan yeni eskalasiyanın səbəbkarı kimi Azərbaycanı ittiham etməsi heç bir məntiqə sığmır. Çünki bütün dünya qəbul edir ki, Azərbaycan öz tarixi torpaqlarında əks-hücum əməliyyatı keçirir və hərbi əməliyyatların yenidən alovlanmasının əsas səbəbkarı Ermənistan rəhbərliyidir. Konkret olaraq baş nazir Nikol Paşinyanın təxribatçı bəyanatları, danışıqları pozmaq istiqamətdə atdığı addımlar dünyanın gözü qarşısında baş verib.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat qeyd edib ki, Mnatsakanyanın digər absurd iddiası qondarma rejimin müstəqilliyi ilə bağlıdır. Bu iddia heç ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən də qəbul edilmir. Bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi aydın və prinsipialdır. Vasitəçi ölkələr münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli variantına üstünlük verir. Separatçı qurumun tanınması ilə bağlı səslənən iddialar, ilk növbədə, beynəlxalq hüququn kobud surətdə pozulması deməkdir.

Bu gün beynəlxalq KİV-lərin nümayəndələri də Ermənistan rəhbərliyinə məhz bu səbəbdən konkret faktlar əsasında suallar ünvanlayırlar. Üstəlik, həmin jurnalistlərin əksəriyyəti siyasi prosesləri dərindən bilən, ö cümlədən münaqişə bölgəsindəki prosesləri araşdıran şəxslərdir. İşğalçı ölkənin rəsmilərinin bu faktlar qarşısında heç bir arqumenti olmadığından cəfəng açıqlamalar səsləndirməklə özlərini rəzil duruma salırlar. Biz eyni vəziyyəti Nikol Paşinyanın BBC-nin “Hard Talk” proqramına müsahibəsi zamanı düşdüyü acınacaqlı durumda da gördük. Mnatsakanyanın CNN-ə müsahibəsi əslində Paşinyanın “Hard Talk”dakı sayıqlamalarından heç nə ilə fərqlənmirdi. Artıq işğalçının qara təbliğat siyasəti iflasa uğrayıb. Azərbaycan Prezidentinin xüsusilə Vətən müharibəsi dövründə beynəlxalq mediaya müsahibələri münaqişə ilə bağlı həqiqətlərin, Ermənistanın terrorçu və işğalçı mahiyyətinin dünyaya təqdim olunmasında mühüm rol oynayır. Bu səbəbdən Ermənistan rəhbərliyi dünya mediasının sualları qarşısında aciz və rəzil duruma düşür.