07 avqust 2019 12:48
203

Ermənistan təcavüzkar olduğunu açıq bəyan etdi və əsl sifətini göstərmiş oldu

Ermənistanda hakimiyyətə gələrkən özünü “demokratik dəyərlərə sadiq” birisi kimi qələmə verməyə çalışan Nikol Paşinyan əgər əvvəlcə müxtəlif ziddiyyətli bəyanatlar verməklə danışıqlar prosesinə maneələr yaradırdısa, sonuncu çıxışı zamanı o, Ermənistanın təcavüzkar olduğunu açıq bəyan etdi və əsl sifətini göstərmiş oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən "Pan-Ermənistan oyunları" ilə bağlı danışarkən deyib. O qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə bu oyunlarla bağlı gələcək iştirakçılar nəzarətdə saxlanılacaq və orada hər hansı bir xarici ölkənin vətəndaşı və ya jurnalist iştirak edərsə, onlara etiraz ediləcək. Həmin şəxslər Xarici İşlər Nazirliyinin “qara sıyahı”sına da daxil edilə bilərlər. Onun sözlərinə görə, Ermənistanın əsl niyyəti məhz işğal siyasətidir, Ermənistan və Dağlıq Qarabağdakı cinayətkar rejim tərəfindən indiyə qədər səsləndirilən “öz müqəddəratını müəyyən etmək hüququ” işğal siyasətinin arxasında gizlənməkdən başqa bir şey deyil. Həmin oyunlar öz torpaqlarından qovulmuş azərbaycanlı icmanın əsas insan hüquqlarının pozulması və etnik təmizləmənin törədildiyi məkanda keçirilir. Belə olan halda, bu oyunların keçirilməsi azərbaycanlılara qarşı diskriminasiya şəraiti yaradır və qəbuledilməzdir.

T.Gəncəliyev vurğulayıb ki, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri bərpa olunduqdan və ölkəmizin işğal edilmiş ərazilərindən qovulmuş yüz minlərlə azərbaycanlı geri döndükdən sonra idman oyunları və digər birgə tədbirlərin həyata keçirilməsi mümkün ola bilər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının əvvəlki bəyanatlarında artıq qeyd edilib ki, Ermənistanın hərbi təcavüzündən öncə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları sülh şəraitində idman yarışlarında birgə iştirak edirdilər. Lakin Ermənistanın hərbi təcavüzü buna son qoyub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması idman oyunlarının keçirilməsinə qarşı çıxış etmir və oyunların ədalətli sülhə və barışığa xidmət etməli olduğunu vurğulayır.

İcma rəhbəri əlavə edib ki, Ermənistan və cinayətkar rejimin KİV-lərində “Pan-Ermənistan oyunları” üçün hətta müvafiq “təhlükəsizlik” tədbirlərinin görüldüyü qeyd edilib. Bəyan etmək istərdik ki, Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla, Azərbaycan Respublikası yeganə suveren qismində öz ərazisinin istənilən hissəsində təhlükəsizlik və digər nəzarət tədbirlərini həyata keçirmək hüququna malikdir. Təcavüzkar Ermənistan tərəfindən işğalın nəticələrini “möhkəmləndirmək” üçün atılan istənilən addım ab initio beynəlxalq hüquqaziddir və heç bir fayda verməyəcək.

Qeyd edək ki, Ermənistan KİV-lərində yayılan məlumata əsasən, Azərbaycanın işğal edilmiş ərazilərində 2019-cu il avqustun 5-də qondarma “Pan-Ermənistan oyunları”nın “açılış mərasimi” keçirilib. Ermənistan və ölkəmizin ərazilərində fəaliyyət göstərən cinayətkar qurumun iştirakı ilə keçirilmiş “açılış mərasimi”ndə Ermənistan baş naziri Nikol Paşinyan çıxış edib.

Nikol Paşinyan çıxışı zamanı təmsil etdiyi ölkənin Azərbaycana qarşı hərbi işğal siyasəti apardığını bir daha nümayiş etdirərək, həyata keçirilən təcavüzü açıq şəkildə səsləndirməkdən belə çəkinməyib və Azərbaycanın beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti tərəfindən tanınan suveren ərazisi – Dağlıq Qarabağın Ermənistana aid olduğunu bəyan edib.