20 oktyabr 2020 17:55
606

Ermənistan tərəfi hərb meydanında uduzduqca quduzlaşır

Ermənistan humanitar atəşkəs razılaşmasını pozaraq Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir. Ermənistan tərəfi hərb meydanında uduzduqca quduzlaşır, cəbhə bölgəsinin dinc əhalisini iriçaplı silahlardan, müharibə zonasından uzaq Azərbaycan ərazilərini raket atəşinə tutmaqla torpaqlarımızın azad edilməsi prosesini əngəlləməyə çalışır. Bu cinayətkar hücumlar nəticəsində dinc əhalinin öldürülməsi, yaralanması, mülki obyektlərin dağıdılması düşmənin insanlıq xislətini itirməsinin, faşistliyinin aşkar göstəricisidir.

Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən kənarda yerləşən Gəncə və Mingəçevir şəhərlərini, Abşeron, Xızı, Bərdə, Beyləqan, Ağcabədi, Goranboy, Göygöl, Tərtər, Yevlax, Horadiz yaşayış məntəqələrini atəşə tutaraq qadın və uşaqlar daxil olmaqla 70-ə qədər mülki şəxsi qətlə yetirib, 200-dən çox insan yaralayıblar. Bundan əlavə, işğalçı Ermənistanın hərbi qüvvələri bölgə üçün böyük enerji və irriqasiya əhəmiyyəti daşıyan Mingəçevir Su Elektrik Stansiyasını, Avropanın enerji təhlükəsizliyinin əsasını təşkil edən və regionun iri strateji obyektləri sayılan Bakı–Tbilisi–Ərzurum qaz və Bakı–Tbilisi-Ceyhan neft boru xətlərini hədəf kimi seçərək raket hücumu həyata keçirib.

Humanitar atəşkəs rejiminin qüvvəyə minməsindən cəmi bir neçə saat sonra Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrimizin hədəfə alınması, eləcə də Azərbaycan Silahlı Qüvvələrinə qarşı son hücumlar Ermənistanın beynəlxalq ictimaiyyətə hörmətsizliyinin, eləcə də bu ölkə rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığının göstəricisidir.

İşğalçılar biyabırçı məğlubiyyətlərinin heyfini dinc əhalidən, qadınlardan, uşaqlardan çıxırlar. Quduzlaşmış düşmən oktyabrın 11-i və 17-də Gəncənin uşaqlarını, qocalarını, qadınlarını, yatmış insanlarını gecəyarısı kütləvi ölüm saçan raket atəşlərinə tutmaqla müharibə cinayəti, soyqırımı törədib. Şirin yuxuda olan günahsız dinc sakinləri – uşaqları, qadınları, qocaları uzaq məsafədən, cəbhə bölgəsindən on kilometrlərlə aralıda yerləşən bir şəhəri atəşə tutmaq, dağıntılar törətmək nə insanlığa, nə də beynəlxalq hüquq normalarına sığan hərəkətdir. Bunun yalnız bir adı var: vəhşilik! Gəncə şəhərini dağıdıcı raketlərlə atəşə tutaraq çoxsaylı mülki vətəndaşlarımızı qətlə yetirməklə və ağır yaralamaqla ənənəvi vəhşiliyini nümayiş etdirdi.  Gəncədə törədilən görünməmiş vəhşilik bütün dünyaya çatdırılmalıdır. Çünki erməni olmayan “genosid” haqqında barbar bağırır, dünya ölkələrini bunu tanımağa çağırır, beynəlxalq ictimaiyyətin gözünü boyamağa çalışırlar. Ermənistanın mülki insanlara raket hücumu dünyaya bir daha göstərdi ki, yüz ildir “soyqırıma məruz qaldıq” deyən Ermənistan, əslində soyqırıma məruz qoyan xalqdır. Ermənistan və onun mənəviyyatsız, vicdansız hərbi-siyasi ünahsız mülki şəxslərin öldürülməsi üzrə peşəkardır və bəşər tarixi üçün bir daha nümunə oldu. Ermənistan mərdcəsinə mübarizə apara bilmir deyə, günahsız qadın və uşaqları bax belə xaincəsinə öldürür və sonra hərbi meydanda atəşin kəsilməsi üçün diz çökür və yalvarır.

İşğal edilmiş ərazilərin dərhal və qeyd-şərtsiz azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi olsa da bu ali beynəlxalq sənədlərin birmənalı tələbləri bu günə kimi icra edilməmiş qalır. ATƏT-in Minsk qrupunun fəaliyyəti isə 28 il ərzində heç bir nəticəyə gətirib çıxarmamışdır.  Beynəlxalq hüququ və bəşəri dəyərləri ayaq altına ataraq müharibə zonasından on kilometrlərlə uzaq olan, körpələrimiz, qadın və qocalarımız da daxil olmaqla, mülki əhalimizi  gecə vaxtı öldürücü, dağıdıcı və yandırıcı raketlərlə qətlə yetirən Ermənistanın barbar hərbi-siyasi rəhbərliyi beynəlxalq səviyyədə cəzalandırılmalıdır.

Ermənistanın törətdiyi vəhşiliklərə ad tapmaq olmur. Azərbaycan humanitar atəşkəsə əməl etsə də, Ermənistanın təxribatlarına hərbi meydanda cavab vermək məcburiyyətində qalır. Azərbaycan Ermənistandan fərqli olaraq mülki əhalini hədəfə almır, yalnız hərbi hədəflərə istiqamətlənir.  Ermənistanın bu hərəkətləri bütün Konvensiya və qanunların kobud şəkildə pozulmasıdır. Çünki bütün Konvensiya və qanunlarda mülki əhali və infrastrukturun atəşə tutulmamasının vacibliyi qeyd edilir. Lakin biz görürük ki, Ermənistan bütün beynəlxalq sənədləri  ayaq altına atır və Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir. Bu tip silsilə müharibə cinayətləri və terror aktlarına beynəlxalq ictimaiyyət tərəfindən lazımi reaksiyanın olmaması, erməni tərəfinin cəzasız qalması Ermənistan silahlı qüvvələrini bu çirkin və qanunsuz əməlləri davam etdirməyə təşviq edəcəkdir. Bu hərəkət Ermənistanın humanitar atəşkəsə riayət etmədiyinin, hərbi təcavüz və Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirmək niyyətinin bariz təzahürüdür. Müharibə əsgərlər arasında aparılmalıdır. Yalnız terrorçular dinc əhaliyə qarşı mübarizə aparır. Ermənistanın qədim Gəncə şəhərini atəşə tutması da bunu göstərdi. Son günlərdə erməni faşistlərinin bəzi himayədarlarının açıq və gizli dəstəyi ilə Gəncədə və işğal altında olan bəzi digər ərazilərimizdə milli mənsubiyyətinə – məhz azərbaycanlı olduqlarına görə qadınlara, uşaqlara, qocalara, dinc əhaliyə qarşı törətdikləri qətliam, əslində, 1992-ci ildə törədilən Xocalı soyqırımının məntiqi davamıdır və cəzalanma tələb edir. Çünki qanunsuzluqların, beynəlxalq cinayətlərin, beynəlxalq terrorun, soyqırımın qarşısı yalnız ədalətlə və hüquq müstəvisində alına bilər. Dağlıq Qarabağ münaqişəsinin hüquqi baxımdan tənzimlənməsi, Xocalı və Gəncə soyqırımının hüquqi təhlili problemlərinin öyrənilməsi göstərir ki, beynəlxalq hüququn bir sıra ciddi problemlərinin həlli vaxtı çatmışdır.

Yaqut Ağaşahqızı, “İki sahil”