13 may 2019 10:41
174

Ermənistan yeni inqilab ərəfəsində?

Hazırda həbsdə olan Ermənistanın sabiq prezidenti Robert Koçaryan “Reuters” agentliyinə müsahibəsində qüvvətli müxalif güclərin Nikol Paşinyana qarşı birləşəcəyini deyib. Robert Koçaryan bu siyasi qüvvələrlə birləşəcəyi ehtimalı ilə bağlı suala da müsbət cavab verib, lakin bunun hansı formada olacağına aydınlıq gətirməyib.

“Məxməri inqilab”ın heç də inqilab olmadığını qeyd edən Robert Koçaryan vurğulayıb ki, Nikol Paşinyanın hakimiyyəti dövründə ölkədə müsbət istiqamətdə heç bir dəyişiklik baş verməyib, yalnız populizm, rəhbərlikdə diletantlıq və cəmiyyətdə aqressiya artıb. O, həmçinin 2008-ci ildə qəbul etdiyi qərarları da müdafiə edib. Bildirib ki, yalnız fövqəladə vəziyyət elan edildikdən sonra qayda-qanun bərpa edildi: “Bunu etməmək prezidentin rəsmən öz işinin öhdəsindən gələ bilməməsini etiraf etmək idi”.

Ekspert Hatəm Cabbarlı mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə yiyələnməsindən artıq bir il ötüb: “Amma bu bir il ərzində Nikol Paşinyan xalqın gözləntilərinin heç bir faizini də yerinə yetirə bilmədi. Halbuki erməni ictimaiyyəti Nikol Paşinyanın Ermənistanın 30 ildə üzləşdiyi siyasi, sosial problemləri çözəcəyinə ümid edirdi. Amma eyforiya ilə baş nazir kürsüsünə gəlib çıxmış Nikol Paşinyan bunların heç birini bacarmadı. Üstəlik, onun  iqtisadi inqilab cəhdi baş tutmadı və baş tutmayacaq da. Çünki təcavüzkar siyasət ucbatından Ermənistan regionda blokada vəziyyətindədir. Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində isə Nikol Paşinyan ciddi addımlar atmadı, sadəcə populist çıxışlar etməklə kifayətləndi”.

Müsahibimiz bildirdi ki, Nikol Paşinyan yalnız öz hakimiyyətini gücləndirməklə məşğul olub: “Sadəcə, korrupsiyaya bulaşmış bir neçə hərbçinin, o cümlədən 2008-ci ilin martında ölkədə Konstitusiya üsul-idarəsinin devrilməsi ittihamı ilə Robert Koçaryanın həbsi də elə buna hesablanıb. Şübhəsiz, Ermənistanda da anlayırlar ki, Nikol Paşinyanın bu addımlarının heç biri ölkənin problemlərinin həlli demək deyil. Digər tərəfdən, bu hadisələri dərindən analiz edəndə bir daha əmin olursan ki, Paşinyanın bu addımlarının kökündə qisasçılıq, şəxsi ambisiyalar dayanır”.

Müsahibimizin fikrincə, Nikol Paşinyan yaxşı bilir ki, indiki şəraitdə belə qüvvələri həbsdə saxlamaqdan başqa yolu yoxdur: “Elə buna görə də Nikol Paşinyan separatçı rejimin indiki və keçmiş “prezidentləri” Bako Saakyan və Arkadi Qukasyanın Ermənistanın ikinci prezidenti Robert Koçaryan  barədə həbs qətimkan tədbirinin dəyişdirilməsi ricasını da rədd edib. Hətta Paşinyan jurnalistlərlə söhbətində onları Ermənistanın işlərinə qarışmaqda günahlandıraraq deyib ki,  mən hesab etmirəm ki, Dağlıq Qarabağ “hakimiyyəti” hansısa formada Ermənistanın daxili işlərinə qarışa bilər. Ümumiyyətlə, heç kim bunu edə bilməz - Ermənistan müstəqil, suveren ölkədir.

Burada bir məqamı da vurğulamaq istərdim. Halbuki onlar hətta baş nazirə bildirmişdilər ki, belə bir addım təkcə bütün dünyaya yox, həm də düşmənə bizim həmrəylik və birlik siqnalımız olardı. Xahişlərinin, əgər belə demək mümkünsə, yerə düşməsi  onlarla Nikol Paşinyan arasında müəyyən gərginlik yaradacağı şübhəsizdir.

Bütün bunlar o deməkdir ki,  yeni alternativ qüvvələr formalaşır. Bu da hazırkı hakimiyyət üçün ciddi müxalifətə çevrilə bilər. Amma mənə elə gəlir ki,  hazırda həbsdə olan Robert Koçaryan, eləcə də digər qüvvələr yaxın zamanlarda istəklərinə nail ola bilməyəcəklər. Çünki onların öz siyasi nüfuzlarının bərpasına ehtiyac var ki, bu da kifayət qədər vaxt tələb edir. Amma bu, bir faktdır ki, Nikol Paşinyandan narazı qalanlar artıq  təşkilatlanmağa cəhd edirlər”.

Qvami Məhəbbətoğlu, “İki sahil”