15 oktyabr 2019 11:11
684

Ermənistana növbəti “Valday” effektli sarsıdıcı zərbə

Məlum olduğu kimi, oktyabrın 11-də Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının Sammitində Prezident İlham Əliyevin çıxışı “Valday” Klubunda olduğu kimi yenə də Nikol Paşinyana endirdiyi növbəti zərbə kimi yadda qaldı. Bununla da Prezident İlham Əliyev öz çıxışında Ermənistanın faşistlərin adını əbədiləşdirməsinə qəti etirazını bildirdi.

“Faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik” deyən Prezident İlham Əliyev bildirib ki, təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir: “Orada əvvəlki hakimiyyət İrəvanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumatı olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”.

“Elə çıxışlar, nitqlər olub ki, onlar tarixin gedişatını dəyişiblər, hadisələrə yön veriblər” deyən politoloq Nəzakət Məmmədova mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, “Valday” Beynəlxalq Diskussiya Klubunda Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyana layiqli cavabı da bu cür tarixi çıxış oldu: “Prezident İlham Əliyevin mötəbər qonaq qismində Foruma dəvət olunmasının özü Azərbaycana olan yüksək diqqətin göstəricisi idi. Habelə, bütün dünyanın diqqət mərkəzində olan tədbirdə cənab İlham Əliyevə Ermənistan və onun baş naziri Paşinyana təhdid xarakterli xəbərdarlıq imkanının yaradılması da dünya erməniliyini təşvişə salan çox güclü diplomatik demarş oldu. “Valday” Forumu Azərbaycanın işğalçıya qarşı öz mövqeyini bəyan etməsi üçün əlverişli  diplomatik müstəvi idi. Azərbaycan Prezidentinin çıxışı Rusiya mətbuatında, siyasi dairələrində də geniş təhlil və təqdir edildi. Rusiya jurnalistləri, analitikləri onu çox cəsarətli və ləyaqətli çıxış kimi qiymətləndirdilər. Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyana haqq etdiyi cavabı verməsi, dövlətimizin başçısının mötəbər qonaq qismində Foruma dəvət olunmasının özü Azərbaycana olan yüksək diqqət və ehtiramdan xəbər verirdi. Hətta Prezident İlham Əliyevin nitqi Ermənistan cəmiyyətinə, dünya erməniliyinə böyük psixoloji təsir göstərdi və dərin narahatlıq, təşvişlə qarşılandı. Prezident İlham Əliyevin “Valday” Klubunun məlum sessiyasında nitqinin Rusiya mətbuatında təqdir olunması və dərin rəğbətlə qarşılanması Rusiya-Ermənistan əbədi müttəfiqliyi, Rusiyadakı erməni diasporunun sarsılmaz gücü və xüsusilə Rusiya mediası üzərində ermənilərin böyük təsir gücünə malik olması mifini darmadağın etdi və onun puç olduğunu göstərdi”.

Politoloq onu da qeyd etdi ki, “Valday” Forumunun ardınca Prezident İlham Əliyev Türkmənistanda Ermənistanı növbəti dəfə kəsərli, təkzibolunmaz faktlarla ifşa etdi: “Dövlətimizin başçısı Ermənistan baş naziri Nikol Paşinyanın da iştirak etdiyi Zirvə Görüşündə Azərbaycan xalqının Böyük Vətən müharibəsi illərində qələbənin qazanılması üçün gördüyü böyük işləri, arxa cəbhədə xalqımızın fədakarcasına qələbəyə verdiyi töhfələri, onun yorulmaz əməyini xüsusi vurğuladı və ermənilərin faşistlərlə əlaqələrini, öz vətənlərinə xəyanət etdiyini, Ermənistanda neofaşizm ideyalarının dövlət səviyyəsində dirçəldilməsi kimi təhlükəli tendensiyanı vurğulamaqla işğalçı dövləti və onun saxtakar “demokrat” baş nazirini növbəti dəfə ifşa etdi”.

Mənsumə Babayeva, “İki sahil”