20 oktyabr 2020 17:58
700

Ermənistanda anti-Paşinyan koalisiyası güclənir

Məlum olduğu kimi, sentyabrın 27-dən Ermənistanın hərbi təxribatları nəticəsində Dağlıq Qarabağda başlayan yeni eskalasiya işğalçı ölkədə siyasi elitanın və cəmiyyətin parçalanmasına səbəb olub. Rusiya KİV-ləri də Ermənistanın baş naziri Nikol Paşinyanın xalqa müraciətini təhlil edərək bu qənaətə gəliblər. Rus mediası həmçinin Ermənistandan gələn xəbərlərə istinadən yazır ki, artıq İrəvanda anti-Paşinyan koalisiyası qurulur. Koalisiyaya müxalifət liderləri, həmçinin Ermənistanın keçmiş prezidenti Robert Koçaryan və inqilab nəticəsində devrilən sələfi Serj Sarkisyanın tərəfdarları daxildir. Anti-Paşinyan birliyi Moskvayönümlü hesab edilir.

Təhlilçilərin fikrincə, Ermənistan baş nazirinin hərbi müstəvidəki uğursuzluqlara baxmayaraq, Dağlıq Qarabağ məsələsində mövqeyini dəyişməməsi, Dağlıq Qarabağın status məsələsinin İrəvan üçün “qırmızı xətt” olduğunu bəyan etməsi daxili auditoriyaya hesablanıb. Paşinyan artıq fərqindədir ki, hakimiyyətinə ciddi təhlükə var. Bu baxımdan, hakimiyyətini qorumaq üçün “Qarabağ kartı”ndan sona qədər yararlanmaq istəyir.

Onu da qeyd edək ki, Paşinyan hakimiyyətə gəldiyi gündən Qarabağla bağlı avantürist davranışları və açıqlamaları ilə sələflərindən fərqlənib. Dağlıq Qarabağa intensiv səfərlər edən,  “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı, Şuşada “andiçmə mərasimi” və münaqişənin yenidən alovlanmasına səbəb olan bu kimi addımlar “Qarabağ klanı”nın rəğbətini qazanmaqdan ötrü idi. Çünki inqilab nəticəsində hakimiyyətə gələn baş nazir bu klanın iqtidarına əsas təhlükə olduğunu yaxşı başa düşürdü. Axı onun hakimiyyətə gəlişi həm də bu klanı təmsil edən Serj Sarkisyanın devrilməsi hesabına baş tutmuşdu. Digər tərəfdən, Paşinyan “Qarabağ klanı”nın əsas simalarından olan keçmiş prezident Robert Koçaryanı da həbs etmişdi.

Göründüyü kimi, Paşinyanın gözləntiləri özünü doğrultmadı. Baş nazir nəinki “Qarabağ klanı”nı öz tərəfinə çəkə bildi, əksinə, avantürist açıqlamaları ilə Dağlıq Qarabağda münaqişənin alovlanmasına və Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı keçirərək cəbhə xəttini yarmasına, bir sıra yaşayış məntəqələrini azad etməsinə səbəb oldu.

Bununla da Paşinyan xalqa müraciətində Dağlıq Qarabağdakı məğlubiyyəti etiraf etməli oldu. Azərbaycan Ordusunun irəlilədiyini bəyan etdi. Görünür baş nazir bununla Qarabağdakı uğursuzluğun məsuliyyətini erməni xalqı ilə bölüşməyə çalışırdı. Erməni xalqı isə baş verənləri Paşinyanın uğursuz siyasətçi olması ilə izah edir. Məhz bu baxımdan Ermənistanda Paşinyan əleyhdarlarının sayı durmadan artır. Siyasi analitiklərin fikrincə, anti-Paşinyan koalisiyası bu prosesi getdikcə dərinləşdirəcək.

Hətta Paşinyanın qızı Maryam Paşinyan da sosial şəbəkə hesabında Dağlıq Qarabağdakı döyüşlərlə bağlı paylaşım edib. Maryamın “Facebook”dakı profilində pessimist notda yazdığı status erməni istifadəçilərində ciddi narazılıq yaradıb. Ermənistan mətbuatı artıq baş nazirin ailəsinin belə bir bədbin ab-havada olmasını müzakirə mövzusuna çevirib.

Xəbər saytları yazırlar ki, indi insanlarda daha çox vətənpərvərlik ruhunu yüksəldən fikirlər səsləndirilməlidir. Bu mənada ölkənin birinci ailəsinin dilindən bədbin ruhlu ifadələrin eşidilməsi xoş qarşılanmayıb. Nikolun qızı statusunda yazıb: “Xəyallarımız və hədəflərimiz puç oldu. Xəyallarımız isə əsgərlərimiz və vətənimizlə bağlı idi”.

Onu da qeyd edək ki, Maryam Paşinyana sosial şəbəkələrdən də ciddi təzyiq gəlib. Ermənilər həmin paylaşıma şərh yazaraq bildiriblər ki, məhz Maryamın Soros qulu olan atası bu ölkəni uçuruma sürüklədi. Surik Saroyan adlı istifadəçi yazıb: “Təəssüf ki, sizin xəyallarınız milli xəyallarımız deyil, Soros və ya neoliberalist “xəyallar”dır...”.

Mənsumə Babayeva, “İki sahil”