31 yanvar 2019 12:38
348

Ermənistanda daha bir məhbus aclıq elan edib - Son ayda 3-cü ölüm

Ermənistanın “Armavir” cəzaçəkmə müəssisəsində ömürlük həbsə məhkum edilmiş məhbus Vaqarşak Avetisyan aclıq aksiyası elan edib.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nona Navikyan bildirib. Onun sözlərinə görə, Avetisyan aclıq aksiyasına 30 yanvardan başlayıb və hazırda həkim nəzarətindədir. 

Vaqarşak Avetisyan 2008-ci ilin martında taksi sürücüsünü qətlə yetirməkdə ittiham olunur. Lakin o, günahsız olduğunu və məhkəmənin heç bir dəlilə əsaslanmadan sadəcə bir nəfərin şahidliyi ilə ona ömürlük azadlıqdan məhrumetmə cəzanın verildiyini bildirir. Avetisyan, həmçinin məhkəmələrdəki özbaşınalıqdan, hökumətin məhbusların taleyinə biganə qalmasından şikayətçidir.

Qeyd edilib ki, Avetisyan 2018-ci ilin avqustunda da aclıq elan etmiş, həmin aksiya zamanı intihara cəhd etmişdi. 

Erməni KİV-ləri son zamanlar Ermənistan həbsxanalarındakı həm siyasi, həm də digər məhbuslar arasında aclıq edənlərin sayının artmasına və aksiyanın ölümlə nəticələnməsinə diqqət çəkir. Ən son nümunə isə “Nubaraşen” həbsxanasında saxlanılan “Ermənistan qartalları - Vahid Ermənistan” partiyasının sədr müavini, hökumət əlehinə çıxdığına görə həbs olunan Mqer Yeqiazaryanın 44 günlük aclıq aksiyasından sonra yanvarın 26-da ölməsidir. 

Bundan əlavə, Ermənistan mediası yazır ki, Vaqarşak Avetisyanın saxlanıldığı “Armavir” cəzaçəkmə müəssisəsində hələ cəmi 3 gün bundan əvvəl 61 yaşlı məhbus A.Aram və 20 yanvar tarixində isə digər məhbus Saak Saakyan dünyasını dəyişib. Onların ölümünə səbəb həbsxana nəzarətçilərinin məhbuslarla pis davranışı, qeyri-sağlam qidanın verilməsi və həkim nəzarətindən kənarda qalmaları olub.