13 mart 2020 16:52
948

Ermənistanda deputatlar onlayın iş rejiminə keçdi

Ermənistan parlamentinin deputatları koronavirusa görə iş rejimini dəyişiblər. 

“Mediapost” erməni mətbuatına istinadla xəbər verir ki, məlumatı Ermənistan Milli Məclisinin sədri Ararat Mirozyan “Facebook” səhifəsində paylaşıb.

O, qanunverici orqanın deputatlarına və heyətinə müraciət edərək koronavirus təhlükəsi ilə bağlı öz vəzifələrini onlayn yerinə yetirmələrini istəyib.

Qeyd edək ki, Ermənistanda 8 nəfər koronavirusa yoluxub. Ona görə də bağça, məktəblər və universitetlər bağlanıb. İşğalçı ölkənin ordusunda da şəxsi heyətin koronavirusa yoluxma halları olsa da məlumat mətbuatdan gizlədilir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 129 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 137 674-ə çatıb. Bunların 70 437 nəfəri sağalıb, 5 080 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.