11 fevral 2019 13:08
96

Ermənistanda ehtiyatda olan hərbçilər hökumətə etiraz edirlər

Ermənistanda təqaüddə olan zabitlər Müdafiə Nazirliyindən şikayətçidirlər. Polkovnik-leytenant Çolak Xaçatryanın sözlərinə görə, aksiya iştirakçılarının hamısı 20 ildən çox xidmət keçiblər.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, onların əsas tələbi sosial problemlərinin həll olunmasıdır. Ordudan tərxis olunsalar da hələ də mənzillə təmin edilməyiblər. Aksiya iştirakçıları bildiriblər ki, Müdafiə Nazirliyinin siyahısında 13-cü adam olan bir şəxs 5 ildir səbirsizliklə ailəsi ilə birlikdə gözləyir ki, dövlət tərəfindən üçotaqlı mənzil veriləcək. Bu kateqoriyadan olan hərbçilər siyahısında minlərlə adamın olduğu deyilir. Etirazçıların sözlərinə görə, səngərdə xidmət çəkən hərbçilər bunun onların başlarına gətiriləcəyini bilməlidirlər. Əgər bu qərar ləğv edilməsə, ehtiyatda olan hərbçi zabitlər aclıq aksiyasına başlayacaqlar. Onlar sağlamlıqlarını boş yerə itirdiklərini deyirlər. Bildirilir ki, oturaq aksiya keçirsələr də, heç bir rəsmi qurum səslərinə səs vermir. Ehtiyatda olan zabitlər xidmətdə olan gənc hərbçilərə onlara baxıb ibrət dərsi götürməyi də tövsiyə ediblər.

Bundan başqa, səhiyyə sahəsindəki qiymət artımları da vətəndaşlar tərəfindən narazılıqla qarşılanıb. Əsasən də uşaq xəstəxanalarında vəziyyət daha ağırdır. Etirazçılar xərclərinin birdən-birə iki dəfə qalxdığını deyirlər. Şikayətçi valideynlərdən olan Hasmik Aşotyan bildirir ki, xəstəxanada uşaqların müalicəsi üçün onlardan 10 min dram (48 dollar) istəyirlər.

Etirazçılar səhiyyə sahəsindəki çatışmazlıqlara da diqqət çəkməyə çalışıblar. Həkimlərin səhvi nəticəsində neçə-neçə uşağın şikəst qaldığı bildirilir. Qeyd edilir ki, hazırda Ermənistanda peşəkar tibb işçisi tapmaq çox çətindir. Mütəxəssislərin çoxu xarici ölkələrdə qaçıblar. Məsələ isə Səhiyyə Nazirliyini heç cür narahat etmir.